PDF Oxu

Əsas

  • 1 720

Sosial təminat - xalqın rifahına hesablanmış amil

image

İlham Əliyev: "Azərbaycanda insan amilinə söykənən inkişaf strategiyası uğurla həyata keçirilir"

Tarixən hər bir dövlətin ən mühüm vəzifələrindən biri öz vətəndaşlarının sosial rifah halını təmin etmək, qorumaq və yüksəltməkdən ibarət olubdur. Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf strategiyasını müəyyən edərkən sosial siyasəti daxili siyasətimizin prioritet istiqaməti kimi qeyd etmiş və bu siyasi xətt bu gün də uğurla həyata keçirilməkdədir. Azərbaycan əhalisinin rifah halının yüksəlməsinə xidmət edən sosial siyasət 2003-cü ildən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuş və daha da güclənmişdir.

Bu gün ölkəmizin ümumi daxili məhsulunun artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlində ön yerdə qərarlaşması, yoxsulluğun azaldılması, regional inkişafın təmin edilməsi istiqamətində qəbul olunan çoxsaylı dövlət proqramları son 12 ildə əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi özünü göstərir. Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam və fərmanlarda, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin, həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması kimi vəzifələr daim ön planda olub.

"Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır"

Azərbaycanda ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur.

Ölkəmizdə vətəndaşlarımızın həyat səviyyəsinin yaxşılaşması orta aylıq əməkhaqqının dinamikasında da özünü göstərir. Son 12 ildə respublika üzrə orta aylıq əməkhaqqı 10 dəfəyə yaxın artaraq 44,3 manatdan 380 manata yüksəlmişdir. Əhalinin sosial rifah halının yüksəlməsi minimum əməkhaqqının dinamikasında özünü daha qabarıq şəkildə göstərir. Minimum əmək haqqı 2000-ci ildə 1,1 manat təşkil edirdisə, bu göstərici ötən il 93,5 manat təşkil etmişdir. Pensiyaların orta aylıq məbləğinin artım dinamikası, orta aylıq əməkhaqqı və orta aylıq pensiya nisbəti də son illərdə müsbət istiqamətdə sürətli şəkildə dəyişməkdədir. Pensiya sahəsindəki uğurlu islahatlardan danışarkən 2011-ci ildə Cənab Prezident İlham Əliyevin tapşırığı ilə 2006-cı ildən qabaq pensiyaya çıxanlarla, 2006-cı ildən sonra pensiyaya çıxanların pensiyaları arasındakı uyğunsuzluğun aradan qaldırılması sahəsindəki işləri mütləq qeyd etmək lazımdır. Bu tədbirlərin reallaşması nəticəsində 800 min nəfərin pensiyası yenidən hesablandı və orta hesabla 40 faiz artırıldı.

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Prezident İlham Əliyev sosial proqramların vaxtında icra olunmasına da toxunaraq bildirib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq, əksinə, biz yeni təşəbbüslər haqqında fikirləşirik. Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər".

"Çünki bizim düşünülmüş siyasətimiz var"

Dövlət başçısı müşavirədə əldə olunan nailiyyətlərin getdikcə artmasının səbəbini də açıqlayaraq bildirib ki, bütün bunlar düşünülmüş siyasət nəticəsində həyata keçirilir: "Ünvanlı sosial yardım alan insanların sayı təxminən 20 faiz azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız. Sosial infrastruktur yaradılır. Məktəblər, xəstəxanalar tikilir. İndi təxminən 20-dən çox məktəb, 30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir. Yəni bu proses də gedir. Demək olar ki, biz bu sahədə əsaslı dönüş yarada bildik. Növbəti illərdə çalışmalıyıq ki, bir dənə də təmirsiz məktəb olmasın və hər bir yerdə, hər bir kənddə insanlar normal tibbi xidmətə malik olsunlar. Yəni sosial və iqtisadi vəziyyət bundan ibarətdir. Bu, bir daha onu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan sürətlə inkişaf edə bilər. Çünki bizim düşünülmüş siyasətimiz var. Bizim proqramlarımız reallıq üzərində qurulubdur".

Məhz ölkə vətəndaşlarına Prezident İlham Əliyevin diqqət və qayğısı müşahidə olunmaqdadır. Ölkəmizdə ən yüksək standartlar səviyyəsində keçirilən və dünya idman tarixində yeni səhifə açan İlk Avropa Oyunlarında Azərbaycan yığmasının tarixi nailiyyətləri, xüsusilə paralimpiyaçılarımızın qızıl, gümüş və bürünc medallar qazanmaları paralimpiya hərəkatına və əlilliyi olan şəxslərin sosial müdafiəsinə ölkə Prezidentinin güclü dəstəyidir. Oyunların açılış mərasimində məşəlin Olimpiya Stadionuna paralimpiyaçı İlham Zəkiyev tərəfindən gətirilməsi, ölkə Prezidentinin ona qızıl medalı təqdim etməsi və fəxri kürsüdə birlikdə dayanması, eləcə də yarışlar zamanı əlil arabasında olan jurnalistə yaxınlaşıb foto çəkdirməsi təkcə Azərbaycana deyil, bütün dünyaya bu insanların eynilə bizim birimiz olduğu mesajı idi. Bu mesaj əlillərin cəmiyyətə inteqrasiyası üçün əvəzsiz əhəmiyyət kəsb edir. Bu gün xalqımız qürur duyur ki,Azərbaycan xalqının və dövlətinin başının üstündə Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, əvəzolunmaz LİDER İlham Əliyev Cənabları dayanır.

Beləliklə, bütün bunlar isə o deməkdir ki, dövlət başçımız növbəti illərdə də Azərbaycan Prezidenti kimi Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanan, ölkəmizi böyük perspektivlərə doğru aparan uğurlu inkişaf strategiyasını davam etdirəcək və xalqımızın rifah halı daim yüksələcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər