Mehriban xanım Əliyeva: "Xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən Qəbələ Festivalı artıq gözəl bir ənənəyə çevrilərək beynəlxalq nüfuzunu ildən-ilə artırır"
Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən- irqindən asılı olmayaraq, xarici qonaqların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır və ölkəmiz mədəniyyətlərarası dialoqa töhfələrini verən məkan kimi dünyada tanınır. Bir-birinin ardınca müxtəlif tədbirlərin təşkili ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Qloballaşan dünyamızda belə tədbirlərin təşkilində Heydər Əliyev Fondunun da müstəsna yerini vurğulamaq zəruridir. Fond tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı, təbliği, dünya müstəvisində daha əhəmiyyətli yer tutması, eyni zamanda yeni-yeni yaradıcılıq nümunələrinin meydana çıxması, mədəni irsimizin qorunması istiqamətində genişmiqyaslı işlər görülməkdədir.
Məhz Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına öz töhfəsini verən Azərbaycan son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərin, idman yarışlarının keçirildiyi məkan kimi tanınmaqdadır. Fərəhləndirici haldır ki, ilk dəfə olaraq keçirilən Avropa Oyunlarına ev sahibliyini məhz Azərbaycan etmişdir. Azərbaycan İlk Avropa Oyunlarının açılış mərasimində tarixini, mədəniyyətini, musiqisini, müasirliyini dünyaya təqdim edə bildi.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu gün Qəbələ öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşir. Burada incəsənətin gözəlliyi ilə təbiətin gözəlliyi vəhdət təşkil edir. Azərbaycanda regionların sürətli inkişafı Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirdiyini bir daha göstərir. Son vaxtlar çox gözəl və müasir şəhərə çevrilən Qəbələdə bir sıra mədəni-humanitar tədbir keçirilir. Azərbaycanın bu qədim şəhəri beynəlxalq klassik musiqi mədəniyyəti mərkəzinə çevrilib. Gözəl otellər, yollar, hava limanı və digər imkanlar tədbirlərin yüksək səviyyədə təşkil olunmasına şərait yaradan amillərdir. Burada keçirilən mədəni tədbirlər nəinki MDB, eləcə də dünya mədəni irsinə töhfələrini verir. Qəbələ Festivalı səhnəsində Avropa klassik musiqisi ilə yanaşı, 2003-cü ildə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən muğam səslənir.
Festival dünya musiqiçilərini bir araya gətirib. İyulun 31-dək davam edəcək musiqi bayramının ilk günündə Avstriyanın "Vayner Akademiyası" Kamera Orkestrinin konserti böyük maraqla qarşılanıb. Qeyd edək ki, 1985-ci ildə Martin Heselbökun rəhbərliyi ilə yaradılan orkestr bir sıra beynəlxalq müsabiqələrin mükafatlarını qazanıb. Martin Heselbökun dirijorluq etdiyi konsertdə Avstriya bəstəkarları Yohann Henrix Şmelser və Volfqanq Amadey Motsartın, İtaliya bəstəkarları Govanni Battista Sammartini və Antonio Vivaldinin əsərləri səsləndirilib. Tanınmış musiqiçilər Markus Hoffman (violin), Anna-Mariya Smerd (violin), Volfram Fortin (viola), Martin Hasselbuk (orqan), Pavel Serbin (cello), Valter Bakunig (basso), Maykl Oman (blokfleyta) tamaşaçılara unudulmaz anlar yaşadıblar. "Bakı Brass" ansamblı tamaşaçılara xoş anlar bəxş edib. Heydər Əliyev Konqres Mərkəzində nəfəs alətləri ifaçılarından ibarət "Baku Brass" ansamblının konserti olub. Əməkdar artistlər Sirus Məmmədov (truba), Rövşən Quliyev (truba), Andrey Sabayev (valtorna), Əli Hacıyev (truba), həmçinin Ucal Məmmədxan (zərb) və Kamal Tapdıqov (trombon), Anar Məmmədov (klarnet), Denis Utkin (bas gitara) və Leyla İbrahimovanın (vokal) çıxış etdiyi konsertdə bəstəkarlar E.Morrikone, G.Mendez, K.K.Davis, G.Holst, G.Gershvin, L.Bricusse, M.Buble, V.A.Motsartın əsərləri səsləndirilib. "Baku Brass" ansamblı 2005-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının solisti, Sirus Məmmədov tərəfindən yaradılıb. Musiqi Festivalı çərçivəsində təqdim olunan daha bir konsertdə azərbaycanlı vokalçılar Aytac Şıxəlizadə (mezzo-soprano), Səddam Novruzbəyov, Taleh Yəhyayev (vokal), özbəkistanlı Cəbrayıl İdrisov (vokal), italiyalı Gian Luca Pasolini (tenor) çıxış ediblər. Onların ifalarını pianoda Fəqan Həsənli və Nərgiz Ağayeva müşayiət edib.
Eyni zamanda, konsertdə Azərbaycan və Avropa bəstəkarlarından Ü.Hacıbəyli, F.Lizst, İ.Quliyev, H.Klosenin, G.Puççini, F.Legar, C.Verdi və başqa bəstəkarların əsərləri musiqisevərlərin zövqünü oxşayıb. Azərbaycan Dövlət Filarmoniyası Simfonik Orkestrinin dirijoru, xalq artisti Rauf Abdullayevin idarə etdiyi konsertdə bəstəkarlar C.Verdi, L.Bethoven, F.Şopen, P.Sarasaten və S.Rahmaninovun əsərləri səsləndirilib. İtaliya Simfonik Orkestri ilə yanaşı, Azərbaycan musiqiçiləri Nərmin Nəcəfli (piano), Kamran Omarlı (violin), Toğrul Hüseynli (piano), gürcüstanlı Elisso Bolkvadzenin (piano) çıxışı da maraqla qarşılanıb. Onu da bildirək ki, 30 ildən çoxdur fəaliyyət göstərən İtaliya Simfonik Orkestri dünyanın ən möhtəşəm musiqi kollektivlərindəndir. Festivalın 3-cü günündə Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan, Rusiya və İsrail musiqiçilərinin konserti olub. Elə həmin gün İspaniyanın "Barselona və Flamenko" ansamblının möhtəşəm konserti də festivalın ən yaddaqalan hadisələrindən birinə çevrilib. Tanınmış xoreoqraf Rafael Amarqonun rəhbərliyi ilə yaradılan ansambl tamaşaçılar qarşısında flamenko sənətini və yüksək ifaçılıq məharətinin nümayiş olunduğu "Opera və Flamenko" və "Qran Qala Flamenko" tamaşalarını təqdim edib. Qəbələ səhnəsində qaraçıların çılğınlığı və ehtirası ilə musiqi, ruh, rəqs və qüvvənin mükəmməl simbiozu nümayiş olunub.
Qəbələ festivalı çərçivəsində keçirilən konsertlərin hər birinin özünəməxsus gözəlliyi vardır. Festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında birlik hissi bəxş edən bayrama, Qəbələ isə bütün musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin tanınmış və sevimli görüş yerinə çevrilib.
Zümrüd BAYRAMOVA