Hökumətin həyata keçirdiyi iqtisadi və sosial islahatlar makroiqtisadi vəziyyətin sabit qalması ilə yanaşı, artım meyillərinin əldə olunmasına imkan verir
Dünyanın ən nüfuzlu və mötəbər reytinq institutları və beynəlxalq reytinq agentlikləri dünya ölkələrinin iqtisadi vəziyyətinə dair yeni yanaşmaların yekunu olaraq reytinq əmsallarında makroiqtisadi inkişaf göstəriciləri, maliyyə-bank sektorundakı sabitlik vəziyyəti, ölkələrin daxili və xarici borc öhdəliklərinin durumu, həyata keçirilən pul-kredit siyasəti və digər komponentləri təhlil edirlər. Məhz, reytinq agentlikləri Azərbaycanla bağlı qiymətləndirmələrin nəticəsi olaraq bu qənaətə gəlirlər ki, respublikamızda həyata keçirilən düşünülmüş makroiqtisadi siyasət nəticəsində stabil inkişaf tempi qorunub saxlanılıb. Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi və sosial islahatlar makroiqtisadi vəziyyətin sabit qalması ilə yanaşı, artım meyillərinin əldə olunmasına imkan verib. Respublikamız inkişaf dinamikasına görə Avropa miqyasında əsas aparıcı dövlətlərdən biri sayılır.
Azərbaycanda son illərdə əhəmiyyətli dərəcədə pozitiv indikatorlar və dayanıqlılıq müşahidə olunub. İqtisadiyyata kredit yönəldilməsi və pul kütləsi artıb, insanların maddi rifah halı yaxşılaşıb. Bütün bu indikatorları nəzərə alan beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini yüksəldirlər. Elə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər ərzində respublikamıza verilən reytinq əmsalları ən yüksək hesab oluna bilər.
Ümumiyyətlə, Azərbaycan kredit reytinqinə görə, investisiya qabiliyyətinin yüksək olduğu ölkələr statusundadır. Azərbaycanın beynəlxalq səviyyəli investisiya reytinqi var. Bu, respublikamızın beynəlxalq coğrafiyada potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsinə zəmin yaradır. Bundan başqa, respublikamızdakı biznes mühiti və xarici sərmayədarların fəaliyyətinin genişlənməsi, normal investisiya fəallığı reytinqin də artmasında əlverişli rol oynayır.
Dünya analitiklərinin fikrincə, stabil reytinq sərmayə cəlbediciliyinə təsir edir və bu mənada investisiya reytinqinin pozitiv olması xarici investorların ölkəyə marağının artmasına zəmin yaradır. Eyni zamanda, mövcud beynəlxalq kredit statusu Azərbaycanın dünya maliyyə bazarlarına çıxışına münbit şərait yaradır. Məhz mövcud maliyyə sabitliyi və iqtisadiyyatın qeyri-neft bölmələrindəki aktivlik Azərbaycanın 2015-ci ildə də iqtisadiyyatının artımına səbəb olub.
Qeyd edilməlidir ki, beynəlxalq maliyyə institutlarının və investorların respublikamıza etimadı yüksəkdir. Bu gün Azərbaycan beynəlxalq maliyyə bazarlarında aktiv iştirakçıya çevrilib, dünyanın ən iri fond birjalarında qiymətli kağızların emissiyası və dövlət istiqrazlarının beynəlxalq bazarlarda yerləşdirilməsində mühüm paya malikdir.
Respublikamızın iqtisadi inkişafının dayanıqlı olması, əlverişlı investisiya mühiti, güclü maliyyə sabitliyi, qlobal təsirlərə qarşı dözümlülük, iqtisadiyyatın böyüməsi və maliyyə ehtiyatlarının xarici bazarlarda aktiv investisiyaya yönəldilməsi və digər amillər yeni reytinqin müəyyənləşməsinə zəmin yaradır. Hazırda Azərbaycan büdcə xərcləri və digər xərcləri, eləcə də, dövlət borcunu çıxılmaqla böyük həcmdə maliyyə mənbələrinə malikdir ki, bu da ölkəmizin məcmu ehtiyatlarının 30-40 milyard dollardan artıq olmasını təsdiqləyir. Məcmu maliyyə ehtiyatlarının həcmi ümumi daxili məhsulun 60 %-nə bərabərdir, bu isə Avropada ən yaxşı sabitlik göstəricisi hesab olunur.
Bütün bu göstəricilərə əsasən beynəlxalq reytinq agentliklərinin ekspertlərinin Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı olduqca təmkinli qənaəti və nikbin ssenarilər mövcuddur. Proqressiv meyillərin yaranmasında sabitlik faktoru mühüm rol oynayır. Sabitlik, iqtisadi-siyasi islahatlar və inkişaf bir-biri ilə üzvü surətdə bağlıdır. Qeyri-sabit olan ölkədə böhran meyillərinin qarşısını almaq çətin olur və nəticədə iqtisadi inkişaf zəifləyir.
Güclü iqtisadiyyat həm siyasi, həm də makroiqtisadi sabitlik nəticəsində mümkün olur. Azərbaycanda möhkəm sabitlik şəraitində müşayiət olunan inkişaf dinamikası və sağlam iqtisadiyyat ölkəmizin beynəlxalq miqyasda reytinqinin artmasında əhəmiyyətli rol oynamış olur.
Region ölkələrinin xarici və daxili borcları ilə bağlı vəziyyəti nəzərə alan ekspertlər ölkələrin əksəriyyətində daxili borcun daha çox özəl sektora aid olduğu qənaətindədir. Buna səbəb maliyyə böhranı nəticələrinin həmin ölkənin tikinti və bank sektorunu vurması olub. Azərbaycanın isə daxili borc probleminin olmadığı üçün ölkəmizin xarici borc üzrə də çətinliyinin olmadığına işarə edir.
Ümumiyyətlə, Azərbaycan region ölkələri içərisində xarici borc məsələsində çox əlverişli və yaxşı mövqeyə malikdir. Ölkəmizin xarici borcu ÜDM-in 10 faizi qədərdir. Ölkəmizin xarici borcu strateji valyuta ehtiyatlarından 10 dəfəyə yaxın azdır ki, bu da maliyyə sabitliyi üçün çox mühüm rol oynayan faktor sayılır.
Hələ ötən illər ərzində "Standard & Poor’s" agentliyi qarşıdakı illərdə Azərbaycanın neft və qaz satışından əldə edəcəyi gəlirlərin və strateji valyuta ehtiyatlarının, həcminin əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırsa da, ümumi daxili məhsulda qeyri-neft sektorunun çəkisinin illik artımının baş verəcəyini də bəyan edirdi. Qeyd edilir ki, neft hasilatı 2017-ci ilə qədər təxminən eyni səviyyədə qalacaq ki, ondan sonra baş verə biləcək azalmalar qaz hasilatının sürətli artması hesabına örtüləcək. Dövlət Neft Fondunun iri həcmdə ehtiyatları da var və bu, regionda ən yüksək artım dinamikası deməkdir. Azərbaycan iqtisadiyyatının orta müddətli artımı üçün güclü potensial mövcuddur. Neft-qaz gəlirlərinin satışı sayəsində əldə olunmuş böyükhəcmli valyuta ehtiyatlarının qeyri-neft iqtisadiyyatının inkişafına yönəlməsi sayəsində gələcəyə güclü zəmin yaradılmaqdadır. Hökumət bu milli və sosial məzmun kəsb edən resurslar hesabına iqtisadiyyatın çoxşaxəli inkişafını təmin etməyə qadirdir. Qeyri-neft sektorunda artımın dəstəklənməsi və neft gəlirlərindən asılılığın azaldılması da bu siyasi qərarın tərkib hissəsidir, bu yanaşma Azərbaycan üçün xüsusi önəm daşıyır. Qeyri-neft sektoru qarşıdakı yeni inkişaf fazasında daha dominant rol oynaya bilən sahə hesab olunur.
Eyni zamanda, iqtisadiyyatda digər sahələrin xüsusi çəkisinin artması fonunda neft və qaz amilinin təsirinin azalması uzunmüddətli perspektivdə gözlənilən başlıca meyarlardan biridir, bu isə iqtisadi artımın tarazlılığını təmin edə bilər. İqtisadiyyatın digər təbii ehtiyatların yüksək artımı hesabına inkişaf etdirilməsi üçün ölkədə uzunmüddətli maliyyə sabitliyi amili də mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan yüksək maliyyə davamlılığına malikdir və bu, ölkəmizin büdcə-maliyyə-fiskal siyasətinin mühüm nəticələr verdiyini təsdiqləyir. Ümumi daxili məhsulun artımı və bunun müqabilində ölkəmizin dövlət borcunun səviyyəsinin aşağı düşməsi, maliyyə ehtiyatlarının artması sayəsində kredit və maliyyə instititutlarının fəaliyyətinin genişlənməsi müsbət tendensiya kimi qiymətləndirilir, Azərbaycanın güclü maliyyə durumunun gələcəkdə yaxşılaşacağı, həmçinin ölkənin institusional potensialının inkişafı və daxili kapital bazarında müsbət dəyişikliklər proqnozlaşdırılır.
Göründüyü kimi, respublikamız iqtisadi sahədə islahatları genişləndirməklə artıq bir sıra sahələr üzrə dünya ölkələri içərisində ən qabaqcıl mövqeyə sahib olub. Prezident İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq ölkəmizdə bütün sahələrdə çoxşaxəli islahatlar həyata keçirilir. Bütün bu nailiyyətlərin əldə olunmasının səbəbi dövlət başçısının müəyyən etdiyi mükəmməl iqtisadi inkişaf platforması və aparılan məqsədyönlü siyasət, genişmiqyaslı islahatların davamlılığı və hökumətin güclü iradəsi, qətiyyətidir.
"Səs" Analitik Qrupu