Əsrarəngiz gözəlliyə malik olan Qəbələyə səfər etdiyim üçün çox şadam. "Qəbələ" Atıcılıq Klubunun maddi-texniki bazasını da çox bəyəndim. Qəbələ Stend və Ox Atıcılığı Kompleksi gözəl bir yerdə, dağların və meşələrin əhatəsində yerləşir. Burada idmançılara yarış və istirahət üçün hər cür şərait yaradılıb. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində olimpiya atıcılıq növləri üzrə Qəbələdə keçirilən Dünya Kuboku uğrunda yarışları izləyən Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya söyləyib. Azərbaycanda idmana dövlət tərəfindən diqqət və qayğı göstərildiyini xüsusi vurğulayan Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti deyib: "Ölkənizdə gənclərin idmana böyük marağının şahidi oldum. Son illər Azərbaycan idmanın bir çox növlərində, o cümlədən atıcılıq üzrə yüksək nəticələr əldə edir. İdmançılarınız beynəlxalq yarışlarda medallar qazanırlar. Mən birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmişdim. Həmin oyunlar çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu gün biz Qəbələdəki Stend və Ox Atıcılığı Kompleksində mötəbər idman tədbirinin şahidiyik. Hazırda burada olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları keçirilir, idmançılar və qonaqlar üçün hər cür şərait yaradılıb". Oleqario Vaskes Ranya, həmçinin qeyd edib ki, dünya səviyyəli idman yarışlarının keçirilməsi üçün təkcə paytaxt Bakıda deyil, regionlarında da müasir infrastrukturun yaradılması və bu baxımdan atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının Qəbələdə keçirilməsi mühüm əhəmiyyət daşıyır.