Son zamanlar neftin qiymətində kəskin enmələr müşahidə olunur ki, bu da neft ixrac edən ölkələrin iqtisadiyyatında mənfi tendensiyaların yaşanmasına səbəb olur. Dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb.
Dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması daha çox siyasi səbəblərlə bağlıdır. Vaxtilə SSRİ-ni iqtisadi və siyasi böhrana sürükləmək üçün ABŞ və onun təsirində olan OPEK tərəfindən neftin qiymətləri süni şəkildə aşağı salınmışdır. Oxşar ssenari hal-hazırda Rusiyaya qarşı yenidən tətbiq edilir.
Neft İxrac Edən Ölkələrin Təşkilatı-OPEK dünya bazarında neftlə əlaqədar yaranmış böhranı aradan qaldırmaq üçün müəyyən imkanlara və fəaliyyət mexanizminə sahib olsa da, bu istiqamətdə addım atmır. Əksinə olaraq, OPEK-in məsələ ilə əlaqədar təşkil etdiyi əlahiddə yığıncaqlardan sonra neftin qiymətində növbəti artım dalğası müşahidə olunur. OPEK-in işində fəal rol oynayan Venesuela da baş vermiş hakimiyyət dəyişiklikləri, İranın isə Qərblə xüsusən ABŞ anlaşması, bu təşkilatda onsuz da mövqeyi güclü olan ABŞ-ın mövqeyini daha gücləndirilmişdir. OPEK ABŞ-ın geosiyasi maraqlarını həyata keçirən növbəti mexanizmə çevrilmişdir. Rusiyanın siyasi səhnədən və dünya enerji bazarından sıxışdırılıb çıxarılması məsələsində ABŞ-ın və hazırda OPEK-də təmsil olunan iri karbohidrogen ixracatçılarının maraqları uzlaşır.
Qlobal iqtisadi tənəzzül və dünya neft bazarında süni olaraq yaradılmış qiymət böhranın fonunda ABŞ-ın federal rezervlər siyasətini yenidən gözdən keçirməsi, yəni indiyə qədər toxunmadığı yanacaq-energetika ehtiyatlarının istehsalına və ixracına qərar verməsi də böhranın dərinləşməsi üçün atılan addımlardandır. Belə spekulyasiyalar, öz maraqları naminə dünya iqtisadiyyatına dağıtmaqdan çəkinməyən treyder münasibəti neft qiymətlərinin hələ uzun müddət bahalaşması imkanını azaldır.
Dünyanın iri enerji istehlakçıları olan ölkələrdə sənayenin azalması da neft qiymətlərinə ciddi təsir edir. Təklifin tələbi üstələməsi fonunda daha bir neqativ proses indiyədək öz neft ehtiyatlarını formalaşdıran bəzi ölkələrin ABŞ-ın ardınca bu rezervləri istifadəyə açması, istehlak bazarına külli miqdarda əlavə neft daxil edilməsidir.
Neftin qiymətinin mümkün son həddə endirilməsi, beləliklə, Rusiya kimi potensial rəqibin böhrana sürüklənməsi ABŞ siyasətinin son məqsədidir.
R.HÜSEYNOVA