PDF Oxu

Əsas

  • 2 145

Serj Sarkisyan Rusiya məngənəsindən çıxa bilmir

image

Çünki işğalçı ölkə Rusiyanın forpostudur

Son günlər erməni işğalçılarının təmas xəttində atəşkəsi pozmaları Serj Sarkisyan iqtidarının yürütdüyü iqtisadi siyasətin Rusiyanın köləliyində qalmasının sübutu olduğunu göstərir.

Xüsusilə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə İsveçrənin Bern şəhərində keçirilən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın görüşündən dərhal sonra Sarkisyanın Moskvaya səfərə etməsi bir daha işğalçı ölkənin Rusiya məngənəsindən çıxa bilmədiyini açıq-aydın göstərir.

Ermənistan mətbuatında yayılan məlumata görə, Sarkisyan Moskva səfəri çərçivəsində Putinlə görüşüb və Bern danışıqları ilə bağlı məlumat verib.

Sözügedən məsələ ilə bağlı "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bildirib ki, Sarkisyan Moskvaya Putinə Bern görüşü ilə bağlı hesabat verməyə gedib: "Rusiyanın icazəsi olmadan Sarkisyan danışıqlara bağlı heç bir addım ata bilməz. Həmçinin, Türkiyə - Rusiya münasibətlərinin gərgin olduğu bir vaxtda rəsmi Moskva münaqişə ətrafında baş verən hadisələrdən xəbərdar olmaq istəyir. Eyni zamanda, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq iqtidarında olmadığını əməlləri ilə açıq-aydın görür. Bununla yanaşı, Ermənistan rəhbərliyi çox gözəl anlayır ki, bu yolla Azərbaycanın haqlı mövqeyini sübut etməyə ehtiyac yoxdur və belə olan halda, əsl erməni xisləti bir daha qabarıq şəkildə özünü göstərir".

Ermənistanın KTMT adından Türkiyə əleyhinə bəyanat verməsi üzv dövlətlərdə narazılıqla qarşılanıb

Həmçinin, Sarkisyan Moskva səfəri zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin keçirdiyi iclas da irimiqyaslı qalmaqala çevrilib. Bu dəfə də qalmaqalın müəllifi Ermənistan olub. Belə ki, Rusiyanın forpostu olan işğalçı dövlət quruma üzv dövlətlərin yerinə bəyanat səsləndirib ki, bu da narazılıq doğurub. Söhbət ondan gedir ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturov bütün üzv dövlətlərin Rusiyanın Suriyaya hərbi müdaxiləsini müdafiə etdiyini bildirib. Ən əsası, Türkiyənin Rusiyaya məxsus təyyarəni vurmasını "təcavüz aktı" və "kürəyə zərbə" adlandırıb. Erməni generalın bəyanatı dərhal Rusiyanın hərbi-siyasi müttəfiqləri - Belarus, Qırğızıstan və Qazaxıstan tərəfindən təkzib edilib. Onların mövqeyi isə Rusiya siyasi dairələri tərəfindən dərhal kəskin reaksiya doğurub. Ardınca bu ölkənin kütləvi informasiya vasitələri özlərini Rusiyanın müttəfiqləri hesab edən dövlətlərin bu mövqeyinin səbəblərini şərh etməyə başlayıblar.

Beləliklə, birinci olaraq Qırğızıstan öz mövqeyini ortaya qoyub. Bu ölkənin Baş Qərargahı yaydığı bəyanatda bəyan edib ki, Y.Xaçaturovu ölkəsinin adından çıxış etməyə səlahiyyətli şəxs təyin etməyib. Yəni onun Qırğızıstan adından danışmağa ixtiyarı yoxdur. Qırğız hərbçiləri açıq şəkildə bəyan ediblər ki, bu bəyanat barədə məlumatlı deyillər: "Qırğız tərəfinin mövqeyi belədir ki, onlar Türkiyə və Rusiya ilə strateji müttəfiqdirlər və hər iki ölkə arasında yaşanan problemlərin sülh yolu ilə həllini istəyirlər".

Dərhal Belarus və Qazaxıstan da analoji bəyanat səsləndiriblər. Rəsmi Astana da bəyan edib ki, Ermənistana onun ölkəsi adından danışmaq səlahiyyəti verməyib: "Ölkənin Müdafiə Nazirliyi xarici siyasət məsələlərinə qiymət vermir. Çünki bu məsələ xarici siyasət idarəsinin səlahiyyətində olan məsələdir". Əlavə edilib ki, rəsmi Astana dəfələrlə təyyarə vurulması ilə bağlı insidentə öz münasibətini ortaya qoyub. "Bizə hələ də aydın deyil ki, Ermənistan nümayəndəsi nə səbəbdən bu cür bəyanat səsləndirib və Qazaxıstanın da adından danışıb" - deyə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Rusiyanın ən yaxın müttəfiqi Belarus isə məsələyə bir qədər fərqli yanaşıb. Bu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vladimir Makarov bəyan edib ki, KTMT-nin Baş Qərargah rəislərinin iclasında üzv dövlətlərin əməkdaşlığı və 2015-ci ildə görülən işlər müzakirə olunub. Əlavə edilib ki, erməni generalının bəyanatından xəbərləri yoxdur. Yəni erməni generalının onların yerinə bəyanat verməsi düzgün deyil. "Bizdə Xaçaturovun bəyanatı barədə heç bir məlumat yoxdur. Bu səbəbdən də onu şərh edə bilmərik. Özü də heç kimin Belarus Respublikası adından danışmağa ixtiyarı yoxdur" -deyə nazirliyin rəsmisi vurğulayıb.

Beləliklə, erməni tərəfinin özfəaliyyəti kəskin narazılıqla qarşılanıb. Lakin bu narazılıq heç də Sarkisyana təsir də etməyib. Çünki Sarkisyan üçün ən vacib məsələ Rusiyaya xoş gəlmək idi ki, bu səbədən də belə bir bəyanat səsləndirməklə qalmaqala səbəb oldu. Beləliklə, Rusiyanın Türkiyəyə qarşı özünə yaxın müttəfiq hesab etdiyi dövlətlər sırasında blok yaratmaq istəyi iflasla nəticələnib. Ermənistandan başqa heç bir dövlət onu müdafiə etmək istəməyib. Hətta ən asılı dövlətlər belə Türkiyəyə qarşı addım atmaqdan vaz keçib.

Beləliklə, artıq cəmiyyət Sarkisyanın fəaliyyətsizliyinə daha kəskin reaksiya verir, onun getməsini tələb edirlər. Ermənistan cəmiyyətindəki ictimai rəy ondan ibarətdir ki, Sarkisyan hakimiyyəti birmənalı olaraq arzuolunmaz hakimiyyətə çevrilib. Xüsuilə də, dekabrın 6-da keçirilən referendumdan sonra ölkədə vəziyyət daha kəskin hal alaraq, artıq əhali oturaq aksiyaları davam etdirməkdədir və etirazçılar Sarkisyanı Ermənistanın suverenliyinə hörmət etməyə, ölkə rəhbərliyindən istefa verməyə çağırıb və "Sarkisyan, rədd ol Moskvaya!" şüarı ilə aksiyanı davam etdirəcəklərini, Ermənistan müstəqil dövlət deyil, Rusiyanın forpostu olaraq qaldığını bildiriblər.

A.SƏMƏDOVA

Digər xəbərlər