Aprelin 20-də Bakıda "Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktik addımlar" mövzusunda beynəlxalq seminar keçirilib. AZƏRTAC xəbər verir ki, Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) tərəfindən birgə təşkil edilən seminar 23 aprel - Dünya Kitab və Müəlliflik Gününə həsr olunub.
Tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, Dünya Kitab və Müəlliflik Günü 1997-ci ildən başlayaraq ölkəmizdə geniş qeyd olunur və bununla bağlı silsilə tədbirlər keçirilir. Belə tədbirlərin təşkilinin məqsədi kitabların insan həyatındakı böyük əhəmiyyətini, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı önəmini diqqətə çatdırmaqdır.
K.İmanov tədbirin Bakıda keçirilməsini Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın müəllif-hüquq sisteminin inkişafının təzahürü və beynəlxalq strukturlar tərəfindən etirafı və gələcək nailiyyətlərə dəstək verməsi kimi dəyərləndirdiyini söyləyib. Müasir dövrdə bunlara dəlalət edən 10 qanundan, 100-dək normativ-hüquqi sənəddən ibarət olan Azərbaycanın müasir əqli mülkiyyət bazasıdır. Bunların içərisində beş qanun müəllif hüququ və oxşar hüquqlarla bağlıdır ki, onların sərəncamçılığına Müəllif Hüquqları Agentliyi cavabdehdir. Azərbaycan Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliklə bağlı hesabatlarında əqli mülkiyyətin qorunması indeksinə görə son illər MDB məkanında liderdir, Cənubi Qafqazda isə birinci yerdədir. Ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ümumi daxili məhsuldakı payı 5 faizi ötərək dünya üzrə orta səviyyəyə çatıb, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur.
Milli əqli mülkiyyət, müəllif-hüquq sisteminin inkişafından danışanda onun kökünü dövlətin apardığı siyasətdə, Prezident İlham Əliyevin düşünülmüş qərarlarında, müstəqil kreativ düşüncə tərzində, gələcəyə yönəlmiş addımlarında görürük. Bu gün Azərbaycan özünə hörmətlə yanaşan, tərəfdaş dövlətlər arasında etibarlı müqabil adını qazanan, tolerantlıq və multikultural ənənələri ilə səciyyələnən bir ölkədir. İqtisadi cəhətdən Azərbaycan 2004-2015-ci illərdə real olaraq orta hesabla 10,6 faiz iqtisadi artım nümayiş etdirib, ümumi daxili məhsulun nominal həcmi isə 7,6 dəfə artıb. Həmin dövr ərzində adambaşına ümumi daxili məhsulun həcmində 6,5 dəfə artım olub ki, bu da Azərbaycanı dünya ölkələri arasında 134-cü yerdən 79-cu yerə yüksəldib, əhalinin sosial rifahı əhəmiyyətli səviyyədə yaxşılaşıb. Yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən 4,9 faizə enib.
Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı"na görə Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşıb.
Hazırda Prezident İlham Əliyevin təşəbbüsü ilə dünyadakı neqativ tendensiyaları qabaqlamağa yönəldilən iqtisadi islahatlar həyata keçirilir, neftdən asılılığı azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, ixracı stimullaşdırmaq, idxaldan asılılığı zəiflətmək istiqamətində bu ilin üç ayının nəticələri həyata keçirilən tədbirlərin səmərəliliyini göstərir. Azərbaycan innovativ inkişafa qədəm qoyur. Bu isə yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi, elmtutumlu sahənin genişlənməsi, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent alması, bir sözlə, əqli mülkiyyətə diqqətimizin artması deməkdir.
K.İmanov diqqətə çatdırıb ki, Azərbaycanda yeddi nəşriyyat elektron kitab nəşr edir, 79 jurnal və qəzetlin çap versiyası ilə yanaşı, elektron versiyasından da istifadə olunur, kitabların elektron satışı təşkil edilir. Elektron kataloqu olan kitabxanaların sayı 50-ni ötüb, 6 ən böyük kitabxananın toplu-kataloqunda birləşmiş fondlarındakı 78 mindən artıq kitabın təsviri yer alıb. Azərbaycan ədəbiyyatı virtual kitabxanasında 5 min kitab cəmləşib və bu iş davam etdirilir. Xüsusilə Təhsil Nazirliyinin elektron dərsliklərinin CC rejimində təklif edilməsi bildirilib. Elektron nəşrlərin və elektron kitabxanaların əsas problemlərinin biri müəlliflik hüququna riayət etməkdir.
UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə builki müraciətində deyilir ki, həmin gün inklüzivlik, müxtəliflik, plüralizm, bərabərlik, açıqlıq və bütün vətəndaşların iştirakı prinsipləri üzərində qurulan bilik cəmiyyəti konsepsiyasının populyarlaşmasında kitabların xüsusi əhəmiyyətli rolunu vurğulamaq imkanıdır.
MHA-nın sədri qeyd edib ki, əcdadlarımızın bizə vəsiyyət etdikləri zəngin irsin təhriflərdən, mənimsəmə səylərindən müdafiəsi məsələsi bu gün maddi-mənəvi dəyərlərin qorunması çərçivəsindən çıxaraq sırf siyasi-hüquqi problemə çevrilib. Odur ki, maddi-mənəvi dəyərlərin, qədim mədəniyyət nümunələrinin mənimsənilməsi faktları qloballaşma prosesini müşayiət edən "zərərsiz plagiat" cəhdləri kimi dəyərləndirilməməlidir. Bu gün ermənilər tərəfindən türk xalqlarına, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də "mədəniyyətlərarası inteqrasiya prosesi"nin təzahürü deyil. Belə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır. Məqsəd azərbaycanlılara məxsus mədəni irsi özününküləşdirməklə, hayların guya Cənubi Qafqaz regionunun "ən qədim köklü sakinləri" olmasına, "böyük hay mədəniyyəti", "böyük Ermənistan" xülyasının gerçəkləşdirilməsinə dair saxta "faktoloji materiallar" toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın mühüm və aktual mövzuya həsr olunduğunu söyləyib. Qeyd edilib ki, BMT tərəfindən Dünya Kitab və Müəlliflik Gününün təsis olunması kitaba verilən böyük dəyərin göstəricilərindən biridir. Müasir dünyada informasiya mübadiləsində mühüm nailiyyətlərin əldə olunduğunu söyləyən komitə sədri hazırda elektron kitabların böyük önəm daşıdığını söyləyib. Bildirilib ki, ölkəmizdə bəzi radikal dini qruplar dinin özünü təhrif edərək bu model vasitəsilə cəmiyyətə nüfuz etmək, xüsusilə gəncləri bu yanlış yola yönəltmək və öz məqsədlərinə çatmaq üçün terror törədir, müxtəlif vasitələrdən istifadə edirlər. Bunun üçün onlar əsasən müxtəlif kitab və onların elektron variantlarından istifadəyə üstünlük verirlər. Azərbaycan qanunvericiliyinə görə, ölkəmizdə nəşr olunan və respublikaya idxal olunan kitablar dini xarakterlidirsə mütləq müəyyən rəy alındıqdan sonra geniş auditoriyaya təqdim olunmalıdır. Bu cür elektron kitabların yayılmasında da qeyd olunan amillər mütləq nəzərə alınmalıdır.
Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov əqli mülkiyyətlə bağlı Azərbaycanda müvafiq normativ-hüquqi sənədlərin qəbul olunduğunu bildirib. Qeyd edilib ki, ermənilər hər zaman xalqımızın milli-mənəvi dəyərlərini, mətbəxini, mədəniyyətini oğurlayıb özününküləşdirməklə məşğul olublar. Mənfur qonşularımız ayrı-ayrı əqli mülkiyyət vasitələrindən istifadə edərək onları mənimsəyib, özlərinə saxta tarix yaratmağa çalışıblar. Əqli mülkiyyəti çox çətin və zəhmət tələb edən sahə kimi dəyərləndirən S.Novruzov ölkəmizdə bu sahə ilə bir çox təşkilatın məşğul olduğunu söyləyib, onların fəaliyyətlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, əqli mülkiyyət insanın zehninin məhsulu olduğuna görə onun qorunması istiqamətində ciddi mübarizə aparılmalıdır. MHA-nın fəaliyyətini yüksək dəyərləndirən S.Novruzov bu qurum tərəfindən mütəmadi olaraq Azərbaycanın tarixi, mədəniyyəti, xalqımızın malik olduğu dəyərlərlə bağlı mühüm işlərin görüldüyü diqqətə çatdırıb.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov konfransın bu gün və gələcək üçün vacib olan mövzuya həsr olunduğunu söyləyib. Bildirilib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə beş mindən çox kitabxana məhv edilib. Ermənistanın ölkəmizə qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində bir milyondan çox soydaşımızın öz doğma torpaqlarından didərgin düşməsi bu insanların böyük məhrumiyyətlərlə qarşılaşmasının sübutudur. Onların arasında əqli mülkiyyətə sahib olan yaradıcı insanların da məhsulları məhv edilib. Seminarda Kamran İmanovun "Elektron nəşrlər və müəllif-hüquq problemləri" mövzusunda məruzəsi dinlənilib. Daha sonra D.Qançev "Rəqəmsal inqilab və onun kreativ sənaye ekosisteminə təsiri", Dünya Əqli Mülkiyyət Təşkilatının müşaviri Cens Bammel "Nəşr sahəsində rəqəmsal inqilab: inkişaflara, meyilə və dəyişiklik təkanvericilərinə qlobal baxış" mövzularında məruzələrlə çıxış ediblər.