MİA

  • 7 672

Rusiyalı ekspert: “İrəvan sazişin imzalanmasını gecikdirir, amma...” - MÜSAHİBƏ

image

Demək olar ki, bütün beynəlxalq vasitəçilərin- Moskvanın, Vaşinqtonun, Brüsselin iştirakı ilə Bakı ilə İrəvan arasında danışıqlar prosesinin intensivləşməsi ilk baxışdan yaxşı xəbərdir- burada Ermənistanı nəhayət ki, bu addımı atmağa məcbur edəcək şanslar daha çoxdur. Sülh müqaviləsinin imzalanması istiqamətində real addımlar atılmalı, İrəvan Azərbaycana qarşı boş ittihamlara son qoymalıdır. Lakin hər şey o qədər də sadə deyil- danışıqlarda mötədillik uğrunda güc mərkəzləri arasında gedən rəqabət təbii ki, onların öz maraqları ilə diktə olunur. Və Krilovun məşhur təmizilində olduğu kimi “balıq, ördək və xərçəng” düsturuna görə elə bir vəziyyət yaranır ki, hər kəs danışıqlar arabasını öz istiqamətinə sürükləyir, prosesin ümumi balanssızlığını artırır.

Bəs Kreml Qərbin bu qədər aktivliyinə necə mülayim yanaşır? Xüsusən də, indi İrəvanın özü Rusiyanın iştirakını çox aktiv şəkildə əngəlləyəndə. Məsələn, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Zəngəzur dəhlizinin təhlükəsizliyinə nəzarətin Rusiya deyil, Ermənistan hərbçiləri tərəfindən həyata keçiriləcəyi ilə bağlı bu yaxınlarda verdiyi açıqlamaya baxmağa dəyər. Yəni, İrəvan açıq şəkildə etiraf edir ki, 2020-ci il Üçtərəfli Bəyanatın müddəaları onu qane etmir. Bu arada məhz Moskva Zəngəzur dəhlizinin işə salınmasına fəal dəstək verir ki, bu da ona malların idxalını və ixracını artırmaqla sanksiyaların blokadasını yüngülləşdirməyə kömək edə bilər.

Rusiyalı politoloq, iqtisad elmləri doktoru, Sankt-Peterburq Universitetinin professoru Stanislav Tkaçenkonun fikrincə, istənilən danışıqlar iştirakçısı bilir ki, bir çox uğurlu görünən razılaşmaların uğursuz olduğu danışıqların ən təhlükəli hissəsi son mərhələdir”. Ekspert “Caliber” analitik mərkəzinə şərhində qeyd edib ki, tərəflər razılığa gəlməyə hazır görünəndə, son məqamda müəyyən şərtləri qəbul etmirlər. Məhz bu məqamda danışıqlarda iştirak edən tərəflər müzakirənin ilkin mərhələsində ikinci dərəcəli məsələni həll etməyə çalışırlar- öz liderlərini, parlamentlərini və ya xalqlarını gələcək sazişlərin faydalarına necə inandırmalı, arzu olunan razılaşmanın əldə olunacağına necə əmin olmalı, dövlətin daxili və ya xarici siyasəti qarşısında duran əlavə vəzifələrin həllinə necə kömək etməli. Və belə bir vəziyyət, politoloqun fikrincə, Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə uzun aylar davam edən danışıqların indiki mərhələsinə tam uyğundur.

“Bu mərhələdə Azərbaycanın xarici məqsədləri mülayim və realdır. Bakı özünün çoxvektorlu beynəlxalq strategiyasını bir daha təsdiqləməyə çalışır, buna görə də Cənubi Qafqazın təhlükəsizlik sferasına təsir edən bütün xarici oyunçuları- Rusiya, ABŞ və Avropa İttifaqını vasitəçi kimi cəlb edir. Bu dövlətlər gələcək sülh sazişini aydın və birmənalı dəstəkləməli, bununla da onun beynəlxalq hüquqi çəkisini artırmalıdırlar. Təbii ki, Rusiya ilə Aİ və ABŞ arasında münasibətlər düşməncəsinədir, donmağa yaxındır. Amma Moskvada, Brüsseldə və Vaşinqtonda ümumilikdə Cənubi Qafqazda gələcək sülhdən razıdırlar, ona görə də onu yaxınlaşdırmaq üçün fəal şəkildə çalışırlar”,- ekspert hesab edir.

Lakin gələcək sülh sazişinin mətninə münasibətdə Ermənistan üçün oxşar məqsədlər, məsələn, tranzit və digər məsələlər, S.Tkaçenkoya görə, daha mürəkkəb və hətta ziddiyyətlidir: “İrəvan bütövlükdə dövlət sərhədlərini tanımağa hazırdır- Qarabağın Azərbaycana mənsubluğu da daxil olmaqla. O həm də pronsipcə, Bakı ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin Zəngəzur dəhlizindən keçməsi və sərbəst şəkildə, beynəlxalq yük və sərnişin daşımaları qaydalarına uyğun olaraq həyata keçirilməsi nə hazırdır. Lakin danışıqlar masası arxasında praktiki olaraq həll edilmiş bu məsələlərin dərhal tanınması müasir Ermənistanın liderləri üçün ağır siyasi nəticələrlə müşayiət olunacaq.

Və indi danışıqlar aparmaq və yekun qərarlar vermək səlahiyyətinə malik İrəvan siyasətçilərinin çoxu öz ölkələrinin siyasi sisteminin kənarında qala bilərlər. Ermənistan hökumətinin nümayəndələrinin danışıqlarda iştirak edən xarici dövlətlərin sayını genişləndirmək cəhdləri, o cümlədən Hindistanı vasitəçi etmək üçün aktiv, lakin tamamilə əbəs cəhdlər bundan irəli gəlir. Onlar sazişin imzalanmasını gecikdirirlər, lakin onun məzmununa heç bir təsir göstərmirlər”,- S. Tkaçenko qeyd edir.

Ekspertin sözlərinə görə, Rusiya hər hansı digər qeyri-regional dövlət və ya dövlətlər birliyindən daha çox Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır.

“Bu gün Moskva Ermənistanın müttəfiqidir, Azərbaycanla geniş miqyaslı iqtisadi əlaqələrə malikdir və Gürcüstanla münasibətlərin normallaşdırılması üçün fəal səylər göstərir. Bu kontekstdə Rusiyanın Azərbaycan ərazisinin iki hissəsi arasında malların tranziti və beynəlxalq yüklərin daşınması üçün Zəngəzur dəhlizinin açılmasında maraqlı olması məsələsi göz qabağındadır, çünki bu addımlar Cənubi Qafqaz və onun tranzit potensialının yaradılmasına, iqtisadi əlaqələrin bərpası prosesinin başlanmasına kömək edəcək. Və bu yolda istənilən gecikmələr, o cümlədən dəhlizin artıq birinci mərhələdə Rusiya sülhməramlılarının iştirakı olmadan eksklüziv olaraq Ermənistan hərbçiləri tərəfindən mühafizəsi Moskva ilə Yerevan arasında əlavə məsləhətləşmələr tələb edəcək”,- həmsöhbətimiz deyir.

Rusiyada, S.Tkaçenkonun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında danışıqların hazırkı mərhələsi ilə bağlı vahid mövqe yoxdur.

“Moskva bilir ki, uzunmüddətli sülhün əsası yalnız iki dövlətin könüllü olaraq imzalayacağı sazişlə qoyula bilər və bu sazişdə 30 ildən artıq davam edən münaqişədən ən yaxşı çıxış yolunu göstərmək lazımdır. Həmçinin Ermənistan xalqının regionda sülhün öz dövlətinin sabit inkişafı üçün əsas şərt olduğunu anlayaraq bu sazişi qəbul etməsi vacibdir. Bu, asan məqsəd deyil və yalnız əhalinin əksəriyyətinin maraqlarını öz reytinqindən üstün tutan siyasətçilər buna nail ola bilərlər. Moskva öz imkanları daxilində İrəvanı konstruktiv hərəkət etməyə inandırmağa çalışır, lakin bu, hələ ki, o qədər də uğurlu alınmır”, - deyə rusiyalı politoloq yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər