MİA

  • 4 262

Qlobal quraqlığa qarşı lokal tədbirlər: Azərbaycanda nə edilir? - ANALİZ

image

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və bu münasibətlə çıxış edib. Dövlət başçısı çıxışında aqrar sektorda görülən işlər haqda maraqlı məqamlara toxunub. Aqrar sektorun inkişafıü üçn əsas təminatlardan biri də su ilə bağlıdır. Bu yazımızda biz bu istiqamətdə görülən işlərdən və real vəziyyətdən danışacağıq.

Azərbaycanda iqtisadi artımın sürətləndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması məqsədilə qeyri-neft sektorunun, xüsusən də böyük potensialı olan aqrar sektorun inkişfı üçün təminatların yaradılması istiqamətində çox böyük layihələr və dövlət proqramları həyata keçirilir. Bu istiqamətdə həyata keçirilən əsas tədbirlərdən biri də suvarma sistemlərinin artılrılması və təkmillədirilməsi ilə bağlıdır. Son illərdə bir çox yeni su anbarları, su kanalları çəkilir və mövcud sistemlər əsaslı təmir olunur.

Bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var. Yuxarı Şirvan suvarma kanalı 1958-ci ildə inşa edilib və 70 ilə yaxındır ki istismar olunur. Çox böyük bir ərazinin suvarılması üçün əsas su mənbəyi rolunu oynayan bu kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxıb. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşıb, əkin üçün yararsız vəziyyətə düşüb.

Faktiki olaraq, kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən 2 dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Bu deməkdir ki, bu kanal vasitəsilə suvarılan əkin sahələri də 2 dəfədən çox artacaq.

İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək.

Kanalın böyüdülməsi nəticəsində aqrar sektorda məşğulluğun artacağı, yeni əkinlərin yaradılacağı və xeyli həcmdə əlavə məhsul istehsalının meydana gəlməsi baş verəcək. Bu ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi bir imkan deməkdir.

Bu kanalın genişləndirilməsi dolayı olaraq başqa sahələrə də müsbət təsir göstərəcək. Məsələn, Azərbaycanın ən böyük təbii göllərindən olan Hacıqabul gölü 10 ildən çoxdur ki, tamamilə quruyub. Şirvan kanalı istifadəyə veriləndən sonra bu göl də dolacaq və ərazinin ekoloji sağlamlığını bərpa edəcək.

Ümumiyyətlə, son dövrlərdə Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkənin sosial-iqtisadi vəziyyətini tamamilə yeni bir səviyyəyə qaldırıb. Yeni təbii qaz və elektrik enerjisi xətləri, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir və getdikcə də daha artıq göstərəcək.

Son 10 ildə həm Şimal, həm də Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılıb. Taxtakörpü və Şəmkirçay su anbarları bu cəhətdənçox effektiv infrastruktur layihələri idi.

Şirvan kanalı isə uzunluğuna, suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihə olacaq.

Qarabağ kanalının inşası isə gələn il başlayır. Bu kanal 9 rayonu və 115 min hektar sahəni əhatə edəcək. Ümumiyyətlə, Qarabağ zonasında ölkəmizin su ehtiyatlarının 25 faizi cəmləşir və ən əsası bu mənbələr ölkənin daxili su mənbələridir. Bu ehtiyatlardan səmərəli istifadə ətraf regionların da aqrar sektoruna ciddi şəkildə müsbət təsir göstərəcək. Bol sulu dağ çayları, su anbarları, çoxsaylı bulaqlar, yeni çəkiləcək su kanalları təkcə əkin sahələrinin deyil, əhalinin də təmiz içməli su təminatında çox böyük rol oynayacaq.

İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq var. Dünyada quraqlıq prosesi güclənir. Azərbaycan da bu təhlükədən sığortalanmayıb. Çünki, bizim su ehtiyatlarımız o qədər də çox deyil, üstəlik bu ehtiyatların 70 faizi ölkədən kənar mənbələrdən formalaşır. Son illərdə Kür və Araz çaylarında suyun kəskin azalması, bir çox kiçik çayların quruması ciddi problem yaradıb.

Nəticədə suvarmada ciddi problemlər yaranırdı, çaylarda suyun kəskin azalması Xəzər dənizinin də suyunu azaldır və bu ekoloji problemə səbəb ola bilər.

Xoşbəxtlikdən bu il kifayət qədər qar, yağış yağdı və hazırda bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var. Lakin bu hər il belə olmaya bilər. Belə olan halda su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək son dərəcə vacibdir.

Prezident İlham Əliyev su ehtiyatlarının artırılması işinin əsas prioritetlərdən biri olduğunu deyir. Kommunal infrasrukturla bağlı vəziyyət xeyli yaxşılaşıb. Qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb. Bütün ölkəmiz yeni, müasir yollarla əhatə olunur. Ona görə də, dövlət başçısı vurğulayıb ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri arasında başlıca vəzifə içməli su layihələri və suvarma layihələri olacaq.

Artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək. Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilib. O anbar inşa ediləndən bu günə qədər suvarılmayan 10 min hektar əlavə əkin sahələri yaranacaq. Bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir.

Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olub. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaq. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək.

Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var.

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin su ehtiyatlarını artırmaq istimqaətində çox vacib təşəbbüsüdür. Bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə ediləcək.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində kənd təsərrüfatı üçün yararlı və məhsuldar torpaqların, su resurslarının, yaylaqların mövcudluğu həm heyvandarlıq, həm də bitkiçilik üzrə çox böyük imkanlar yaradır.

Bu zonalarda taxılçılıq, meyvəçilik, tərəvəzçilik, bostançılıq, üzümçülük kimi əkin sahələri ilə yanaşı həm də heyvandarlığın inkişafı üçün də böyük imkanlar var. Bu isə öz növbəsində aqrar sənayenin də inkişafına təkan verəcək. Nəticədə ölkəmiz özünün ərzaq təminatını tam ödəmək, hətta böyük həcmdə məhsulların ixracı üçün də imkana sahib olacaq.

Ümumiyyətlə, getdikcə dünyada ərzağa tələbat artır, eyni zamanda ekoloji problemlər artıq, quraqlıq güclənir. Belə vəziyyətdə strateji yanaşma ortaya qoyularaq böyük su ehtiyatları yaradılmalı və aqrar sektorun inkişafı təmin edillməlidir. Azərbaycanda belə də edilir. Ümidvarıq ki, yaxın gələcəkdə ölkəmiz görülən bütün bu işlərin müsbət təsirlərini görəcək.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər