MİA

  • 3 993

İranşünas alim: İran-İsrail müharibəsi alovlansa, bu, Cənubi Qafqaza ciddi təsir edəcək - MÜSAHİBƏ

image

İranşünas alim, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərqin Tədqiqi Mərkəzinin baş elmi işçisi İrina Fyodorova “Moskva-Baku” portalına müsahibəsində İsrail və İran arasında hansı potensial müharibə ola biləcəyini və bunun Cənubi Qafqazı təhdid edib etməyəcəyini şərh edib. Müsahibəni oxucularımıza təqidm edirik.

- İrina Yevgeniyevna, bu yaxınlarda İran tarixdə ilk dəfə İsrailin İslam Respublikasının Dəməşqdəki konsulluğuna hücumuna cavab olaraq İsrailin hərbi obyektlərinə hücum etdi. İran Azərbaycanla həmsərhəddir. Vəziyyətin genişmiqyaslı müharibəyə çevrilməsi ilə bağlı hansı risklər var və bu, Cənubi Qafqaza necə təsir edə bilər?

- Ötən ilin payızında İsrail və HƏMAS arasında mahiyyətcə yeni müharibənin başlamasından sonra Yaxın və Orta Şərq regionunda vəziyyət onsuz da son dərəcə gərgin idi, lakin indi o, hər an miqyasda daha ciddi bir şeyə, o cümlədən ağır silahlardan istifadəyə çevrilə bilər. Sonra Cənubi Qafqaz dövlətləri də müharibəyə cəlb oluna bilər. Hər halda, son dərəcə mənfi ssenaridə müharibə bu və ya digər şəkildə onlara təsir edəcək.

İran cavab vermək üçün İsrailin hərbi obyektlərinə zərbələr endirdi, əks halda bu, zəiflik əlaməti kimi qəbul ediləcəkdi. Zərbənin çox ciddi nəticələri olmasa da, buna baxmayaraq, bu, Tehranın ciddi xəbərdarlığının zərbəsi idi. İran daha böyük gücə malik silahlarla zərbələr endirə bilərdi, amma bunu etmədi. İran müharibəyə qarışmaq istəmir; buna ehtiyac yoxdur. Bəli, onun güclü hərbi cavab imkanları var, lakin ölkənin iqtisadi vəziyyəti və cəmiyyətdə tam birliyin olmaması İranın çox diqqətli hərəkət etməli olduğunu diktə edir. İsrailin hərbi obyektlərinə zərbələrin ehtiyatla endirilməsi İranın müharibə istəmədiyini göstərir. Əgər İsrail indi başqa təxribat törətməsə, onda hər şey bununla dayana bilər.

Vəziyyətin gələcək inkişafı ilk növbədə liderlərin iradəsindən, daha çox isə kifayət qədər aqressiv siyasət yürüdən Benyamin Netanyahunun mövqeyindən asılıdır. Əgər İsrail İran ərazisinə hücum etmək qərarına gəlsə o zaman İran yenidən cavab vermək məcburiyyətində qalacaq. Xüsusən də İran rəsmiləri Tehranın bu addımlara ağır cavab verəcəyinə söz veriblərsə.

Vəziyyəti təhlil etsək, kifayət qədər mürəkkəb dolaşıqlıq görəcəyik. Son illərdə Rusiya və İran, xüsusən də Rusiya Federasiyası ilə Qərb arasında münaqişənin kəskinləşməsi fonunda yaxınlaşmağa doğru irəliləyib və qarşılıqlı fəaliyyəti gücləndirmək prosesi davam edir. Azərbaycanın İranın hazırkı hökuməti ilə kifayət qədər mürəkkəb münasibətləri var, baxmayaraq ki, burada konstruktivlik hələ də üstünlük təşkil edir - birgə iqtisadi layihələrə maraq var. Məlum olduğu kimi, Azərbaycanın İsraillə tarixən yaxşı münasibətləri var. Bunun fonunda İran və Ermənistan son illər yaxınlaşır. Əsas odur ki, İranın qonşu dövlətləri, regiondankənar oyunçuların maraqlarını deyil, öz milli maraqlarını müdafiə edən ölkələrdir. Bu gün Qərbin regiona “girməsi” və güclənməsi üçün alətə çevrilmiş Ermənistan istisna olmaqla. Regionun suveren dövlətləri öz milli maraqlarının müdafiəsi ilə bağlı vaxtaşırı mövqelərində fikir ayrılıqları yaşayırlar. Lakin bu dövlətlərin ortaq cəhəti onların regiondankənar, Qərb ölkələrinin regiondakı vəziyyətə təsir etmək cəhdlərindən çəkinmələridir.

Bu gün Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazda yeni cəbhə açmağa çalışır, nəticədə Zaqafqaziya alovlana bilər. Rusiya Xarici İşlər Nazirliyi bu barədə mütəmadi olaraq xəbərdarlıq edir. Qərb Cənubi Qafqazda 2-ci cəbhə açmaq istərdi, amma birbaşa deyil, başqasının əli ilə- indiki halda Ermənistanın. Qərb ora öz hərbi təlimatçılarını göndərir, lakin bunu “sülhpərvər” formada ört-basdır etməyə çalışır.

Rusiya və Azərbaycanın mövqeyi həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda eskalasiyaya səbəb olmaq cəhdlərinə hər cür müqavimət göstərməkdir. Türkiyə də eyni mövqedən çıxış edir. Bu gün Rusiya ilə Qərb arasında münaqişə fonunda Transqafqaz və Xəzər regionunun şüurlu suveren ölkələrinin orada sabitliyi qoruyub saxlaması və yeni eskalasiyaya cəlb olunmasına imkan verməməsi son dərəcə vacibdir.

- Qərb Cənubi Qafqazda ikinci cəbhənin açılmasında maraqlıdırsa, o zaman İranın da alovlanmasında maraqlıdırmı? Doğrudan da, o zaman ölkələrin münaqişədə iştirakı ehtimalı yüksək olacaq.

- Məncə, Qərb İrana qarşı ciddi təzyiqlərə baxmayaraq, regionda genişmiqyaslı müharibənin olmasını istəmir. ABŞ açıq şəkildə İsrailə xəbərdarlıq edib ki, İrana qarşı ona kömək edəcək, lakin birbaşa hərbi hücuma keçməyəcək. Bu, təkcə ona görə deyil ki, Qərb Ukrayna istiqamətində işləməlidir və o, mərkəzi yer tutur, həm də ona görədir ki, indi heç kim böyük müharibəyə qarışmaq istəmir.

Region ölkələri heç bir halda genişmiqyaslı müharibədə maraqlı deyil. Və eskalasiya dərəcəsini azaltmaq üçün hər cür səy göstərəcəklər. Heç kim başqalarının maraqları üçün danışmayacaq.

Rusiya, təbii ki, xüsusən də bu gün Zaqafqaziyada hər hansı eskalasiyaya ehtiyac duymur. Rusiya üçün İran və Azərbaycanla birgə həyata keçirdiyi strateji Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması vacibdir. Regionda müharibə olsa, dəhliz olmayacaq. Bu isə yeni iqtisadi problemlər, təhlükəsizlik problemləri və qaçqınlar deməkdir.

- 2020-ci ildə Rusiya, Azərbaycan və İran liderləri Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçməklə onun Naxçıvan hissəsi ilə birləşdirəcək nəqliyyat marşrutunun həyata keçirilməsinə dair razılığa gəliblər. İranın belə dəhlizin əleyhinə olduğu barədə məlumatlar dəfələrlə ortaya çıxıb. Eynilə Ermənistan kimi. Niyə Tehran buna qarşıdır?

- Bildiyiniz kimi, İran və Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana alternativ yol həyata keçirməyə başlayıblar. Tehran Zəngəzur dəhlizinin ona sərfəli olmadığı üçün əleyhinədir. Təbii ki, onun ərazisindən belə bir marşrut çəkməkdə üstünlüyü olması məntiqlidir. Bundan başqa, Tehranın fikrincə, Ermənistan ərazisindən idarə olunacaq Zəngəzur dəhlizi Azərbaycanın regionda mövqelərini gücləndirəcək. Amma Tehran bunu istəmir. Ona görə də hər kəs manevr etməli və əməkdaşlıqda kompromis həll yolları axtarmalıdır.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər