MİA

  • 7 018

Acından ölən milyonlar: dünyamız bizi yedirə bilmir, yoxsa…? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

BMT-nin Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, bu gün dünyada 850 milyon insan aclıq çəkir. Bəzi təşkilatlar isə bu rəqəmin 1 milyard olduğunu deyirlər. Daha 3 milyard insan isə yetərsiz və keyfiyyətsiz qidalanır. Bunun səbəbi sadəcə tamahkarlıq, israfçılıq və sərvətlərin ədalətsiz bölüşdürülməsidir. Çünki, dünyanın hazırki ərzaq istehsalı düzgün istifadə olunacağı və ədalətli bölüşdürüləcəyi təqdirdə müxtəlif qiymətləndirmələrə görə 13-15 milyard insanı təmin edəcək gücdədir.

Hər il dünya üzrə 4 milyard tonluq ərzaq istehsal olunur. İstehsala aid edilməyən və statistikaya düşməyən (çöldən, meşədən yığılan bitkilər, çaydan, göldən tutulan balıq, ovdan əldə olunan heyvanlar və s) ərzaq məhsularını də 2 milyard ton nəzərə alsaq, qlobal ərzaq əldə edilməsinin faktiki həcmi ən pis halda 6 milyard tondur. Yəni, adambaşına illik ərzaq istehsalı 750 kq-dan çoxdur. Bu isə insanın illik qida qəbulu normasından azı 2 dəfə yuxarıdır. Yəni, hazırkı faktiki ərzaq istehsalı normal istifadə olunduğu və düzgün bölüşdüyüldüyü halda 15 milyard adamı təmin edəcək gücdə olduğu halda dünyada 1 milyard ac var, daha 2 milyard isə yoxsulluq içində yaşayır.

Qlobal ərzaq istehsalının 1/3-i - 1 trilyon dollar dəyərində 1,3 milyard ton qida məhsulu zibilliyə atılır. İstehsal edilmiş meyvə-tərəvəzin 45%-i, balıq məhsullarının 35%-ini, çörəyin 30%-i, ət və süd məhsullarının 20%-i zibilə atılır. Bu 3 km diametri və 2500 m hündürlüyü olan "israf dağı” deməkdir.

Dünya nemətlərinin 80 faizlik hissəsini cəmi 20 faiz əhali istehlak edir, qalan 80 faiz əhali isə cəmi 20 faizi ilə dolanır. Hazırda dünya əhalisinin kiçik bir hissəsi resursların əksəriyyətini israf edərək istehlak edir.

ABŞ-da hər il 155 milyard dollar dəyərində 100 milyon tondan çox ərzaq zibilliyə atılır. Yəni Afrika qitəsinin illik idxalının 4 misli qədər qida məhsulu təkcə Amerika xalqı tərəfindən məhv edilir.

Avropa İttifaqında isə ildə 140 milyard avro dəyərindəki 90 milyon ton qida zibilliyə atılır. Adambaşına düşən qida tullantıları 2021-ci ildə 131 kiloqrama çatıb, halbuki Afrikada adambaşına illik qida qəbulu həcmi 10 kq təşkil edir. Təkcə İngiltərədə ildə 17 milyon ton yemək israf edilir.

Hesablamalara görə, təkcə ABŞ və Böyük Britaniyada bəyənilməyib zibilliyə atılan qidalarla 1 milyard insanı aclıqdan xilas etmək olar. Bundan başqa, varlı ölkələrdə insanların qəbul etdiyi gündəlik qida həcmi 50-100 il əvvəlki dövrə nisbətən çəki etibarilə 2 dəfə artmışdır. Yəni, elmi şəkildə təsdiq olunan və bioloji olaraq olaraq insanın gündəlik qida norması 700-800 qram olmalı olduğu halda, hazırda bu rəqəm ortalama olaraq 1,5 kq-dan yuxarıdır. Bu deməkdir ki, bir çox insanlar 2 nəfərin gündəlik payını istehlak etmiş olur.

Beləliklə, bütün bu faktları nəzərə aldıqda aydın olur ki, əslində, normal insan cəmiyyətinin yaradılacağı bir halda hazırki istehsal həcmi belə ən pis halda indikindən 2 dəfə çox insanı təmin edəcək qədərdir.

Dünyanın potensial ərzaq istehsalı isə ən azı 50-60 milyard insanı tam təmin etmək gücündədir. Okeanların da qida resurslarından tam istifadə edildiyi, həmçinin istehsal və emal zamanı 30-40 faizə çatan itkilərin, 20 faizə çatan israfçılığın qarşısı alındığı təqdirdə bu rəqəmin 80-100 milyarda qədər yüksələ biləcəyini bir çox nüfuzlu alimlər qeyd edir.

Demək, aclıq və yoxsulluqla bağlı dünyamızdakı problemlərin səbəbi heç də qlobalistlərin, transhumanistlərin iddia etdiyi kimi insan sayının çoxluğunda deyil, əksinə planetimizin ölçüləri ilə müqayisədə hazırki insan sayı xeyli azdır. İnsanlar dünyanın quru ərazisinin heç 10 faizində belə məskunlaşmayıb. Problem ədalətsiz sistem, israfçılıq və başqalarının payını mənimsəməklə bağlıdır.

Elə bir qlobal sistem qurulub ki, 3-cü dünya ölkələrinin sərvətləri istismar olunub qərb ölkələrinə daşınır. Nəticədə ən böyük sərvətlərə malik ölkələrin əhalisi yoxsulluq içində yaşayır, istismarçı ölkələr isə zənginlik içində. Qlobal bərabərsizliyin səviyyəsi getdikcə böyüyür.

Planetimizin nəhəng təbii resursları olduğu halda milyonlarla insanın acından ölməsi bəşəriyyətin ən böyük rəzalətidir. Bu artıq insan cəmiyyəti deyil, ibtidai təfəkkürlü qlobal canlı kütləsidir.

Digər xəbərlər