MİA

  • 3 933

Ermənistan Haaqada nə axtarır? – ŞƏRHLƏR

image

“İrəvan Qərbdəki dostlarının dəstəyi ilə, eyni zamanda, Fransadan gələn təxribatçıların iştirakı ilə yenidən qisas müharibəsinə hazırlaşır”

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycanın iddialarına baxmağa başlayıb. İndi məhkəmə tərəflər arasında Azərbaycanın Ermənistanın iddiasına verdiyi ilkin etirazlara həsr olunmuş arqumentlərə baxır. Bu proses aprelin 15-dən 19-dək baş tutub. Ermənistanın Azərbaycanın iddiasına verdiyi ilkin etirazlar üzrə dinləmələr isə aprelin 22-26-na təyin edilib.

Bakı əmindir ki, guya ermənilərə qarşı cinayətlər haqda ona qarşı irəli sürülən qondarma ittihamların heç bir əsası yoxdur. İddiaların mahiyyəti ondan ibarətdir ki, Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq 2021-ci il sentyabrın 16-da Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanla bağlı prosesə başlayıb. İddiada Azərbaycan 2020-ci ilin sentyabrında ermənilərə qarşı fəaliyyət göstərməkdə ittiham olunur. Bakı əks iddia qaldırıb və qeyd edir ki, Ermənistan regionda azərbaycanlılara qarşı etnik mənşəyinə görə ayrı-seçkilik törədib. Hər iki tərəf proses zamanı gərginliyin artmasının qarşısını almaq üçün məhkəmə tərəfindən müəyyən edilən müvəqqəti tədbirlərin tətbiqini tələb edib. Bu tələblər qismən təmin edilib.

Ermənistan tərəfindən 28 sentyabr 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsinə müvəqqəti tədbirlərlə bağlı yeni müraciətlər edilib. Müraciətdə 10 bənd var ki, bunlar arasında “Azərbaycanın Qarabağdan qalan etnik ermənilərin köçürülməsinə yönəlmiş və ya təsir edən hər hansı hərəkətlərdən çəkinməsi tələbi” yer alır. Bakı bütün bu ittihamları rədd edib.

Məhkəmədə çıxış edən Azərbaycan nümayəndəsi Elnur Məmmədov artıq bəyan edib ki, Ermənistan tərəfindən irəli sürülən ittihamlar irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanın əhatə dairəsinə daxil olmadığı üçün məhkəmənin bu işə baxmaq səlahiyyəti yoxdur. Bundan əlavə, Azərbaycan tərəfinin fikrincə, Ermənistan mübahisənin ikitərəfli qaydada həlli üçün Azərbaycan tərəfi ilə danışıqların lazımi qaydada aparılmasının məcburi şərtini yerinə yetirmədiyi üçün iddiaya baxılması da qəbuledilməzdir.

Maraqlıdır, Ermənistan bu iddiaları ilə öz problemlərini beynəlxalq müzakirəyə çıxarmaqla son nəticədə nəyə nail olur? Ola bilərmi ki, İrəvan bu hərəkətləri ilə ancaq informasiya hay-küyü yaratmağa çalışır? Bəlkə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistana yönəltməklə iqtisadi və hərbi yardım şəklində siyasi üstünlüklərə tez nail ola biləcəklərini düşünürlər?

Əcnəbi şərhçilər bu mövzu ilə bağlı fikirlərini “Caliber” analitik mərkəzinə açıqlayıblar. Ekspertlərin fikirlərini təqdim edirik.

Rusiyalı politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov hesab edir ki, bu gün Qarabağda qalan erməni millətindən olan sakinlərin təhlükəsiz yaşaması rəsmi Bakının insanlara qarşı milliyyətinə görə ayrı-seçkilik nümayiş etdirməməsinin bariz sübutudur.

“Bu baxımdan, Qarabağın erməni əhalisinin Ermənistana və digər ölkələrə son köçü Azərbaycanın öz ərazisinə tam nəzarəti bərpa etməsinin nəticələri ilə bağlı tamamilə əsassız qorxularla bağlı idi. Qarabağdakı dinc ermənilərin böyük əksəriyyətinin heç bir təhlükəsi yox idi. Əksinə, Azərbaycan hakimiyyətinin yaxın gələcəkdə həyatın davam edəcəyi Qarabağ bölgəsinin kommunal, yol və sosial infrastrukturunun bərpası istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlər nəticəsində onların həyat keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşmağa başlayacaqdı. O bölgə getdikcə Ermənistanın əksər ərazilərindəkindən daha rahat olur”, - ekspert bildirib.

Onun sözlərinə görə, bu, tamamilə göz qabağındadır: keçən əsrin 80-90-cı illərinin əvvəllərində Qarabağın azərbaycanlı əhalisinə qarşı zorakılıq aksiyalarında bilavasitə iştirak edənlər, həmçinin hərbi cinayətlər və təxribat törədənlər üçün qorxulu idi.

“Lakin bu halda Azərbaycan qanunvericiliyi ilə cinayətkar hesab olunan şəxslərə münasibət ciddi şəkildə beynəlxalq hüquq çərçivəsindədir ki, biz artıq saxlanılan şəxslərlə bağlı işlərdə də müşahidə edə bilərik. Bu isə erməni millətçilərinin həm işğal etdikləri Qarabağda, həm də Ermənistanın özündə azərbaycanlı əhaliyə qarşı etdikləri ilə kəskin ziddiyyət təşkil edir. Qanlı hadisələrin 30 ildən artıq bir müddət əvvəl baş verməsinə baxmayaraq, bu cinayətlərin iddia müddəti yoxdur.

Etiraz oluna bilər ki, o zaman azərbaycanlılar da ermənilərə qarşı qəddarlıq nümayiş etdirdilər. Bəli, bəzi hallarda bu baş verdi. Bunu edən konkret insanları bəhanə etmədən, yenə də diqqət yetirməyə dəyər ki, bunlar əksər hallarda cavab hərəkətləri idi. Bu, birincisi. İkincisi, bu, əlbəttə ki, çoxmillətli Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi deyildi və indi də deyil. Eyni şeyi faktiki olaraq monoetnikləşmiş Ermənistan haqqında demək olmaz”,- Arkov deyir.

O, bütün bu illər ərzində qoyun dərisinə bürünmüş canavarı müşahidə etdiyimizə diqqət çəkir: üç onillikdir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan rəsmi İrəvan dünya ictimaiyyətini Ermənistanın qətiyyən işğalçı deyil, bədbəxt qurban olduğuna inandıra bilib .

“Və etiraf etməyə dəyər: o, Qərbdəki “dostlarının” dəstəyi ilə qismən uğur qazanır. Eyni zamanda, Fransadan gələn təxribatçıların iştirakı ilə yenidən qisas müharibəsinə hazırlaşırlar. İndi də beynəlxalq qurumların azərbaycanlı əhalinin soyqırımını tanıyan qərarlarının icrasına ehtiyac qalmamaq üçün rəsmi İrəvan bu cür qərarların qəbul edilməsinin qarşısını almağa çalışır. Həm Avropa İttifaqında, həm də ABŞ-dakı nüfuzlu himayədarları vasitəsilə, həm də faciəli hadisələrin təhrif olunmuş şərhi, hətta açıq şəkildə saxtalaşdırılan “təkzibedilməz faktlar”la əks iddialar irəli sürməklə prosesi ləngitməyə çalışırlar”, - deyə Arkov qeyd edib.

Rusiyalı politoloq Mixail Neyjmakov hesab edir ki, Ermənistanın Beynəlxalq Məhkəməyə müraciətləri (həm 2021, həm də 2023-cü illərdə) Nikol Paşinyanın həm daxili, həm də xarici siyasət məqsədlərinə uyğundur.

“Daxili siyasi vəzifələr nöqteyi-nəzərindən Ermənistanın baş naziri üçün güzəştlərə deyil, beynəlxalq platformalarda İrəvanın maraqlarının təbliğinə diqqət yetirməklə yanaşı, fəaliyyətsiz olmadığını ictimaiyyətə nümayiş etdirməsi vacib idi. 2023-cü il sentyabrın sonu etnik ermənilərin Qarabağdan kütləvi şəkildə köçməsi fonunda Ermənistan daxilində etiraz fəallığının kəskin artdığı dövrdür.

2021-ci ilin sentyabrında və ondan bir qədər əvvəl daxili siyasi vəziyyət Nikol Paşinyan üçün daha az təhlükəli idi, lakin buna baxmayaraq, hələ 2021-ci ilin yayında İrəvan və Bakı arasında mümkün qeyri-ictimai danışıqların versiyaları ortaya çıxdı. Azərbaycan tərəfi hazır idi, Ermənistan media məkanında bu, kifayət qədər fəal müzakirə olunurdu. Müəyyən şəraitdə bu, ölkədə etiraz fəallığının yeni yüksəlişi üçün əlavə amil ola bilər. Əbəs yerə deyil ki, məhz o zaman ölkə “Ermənistan Milli Assambleyası” nın müxalifət fraksiyasından olan deputatı İşxan Saqatelyan (o vaxt- parlamentin vitse-spikeri) küçə etirazlarının yenidən başlaya biləcəyini bəyan edərək, “Ermənistanın dövlətçiliyi təhlükə altındadır”- deyə bəyan etdi. Hər iki halda, Nikol Paşinyanın komandası üçün alternativ gündəm vacib idi ki, heç olmasa tamaşaçıların hakimiyyətə sadiq qalmasını təmin etsin”,- Neyjmakov yekunlaşdırır.

Onun fikrincə, xarici siyasət məqsədləri nöqteyi-nəzərindən bu iddiaların irəli sürülməsi digər məsələlərlə yanaşı, İrəvanın danışıqlarda mövqeyini gücləndirmək niyyəti ilə əlaqələndirilə bilər.

“Deyək ki, 2024-cü ilin martında Nikol Paşinyan qeyd etdi ki, “bunun sabit və davamlı sülhü təmin etdiyini görsək, Ermənistanın Azərbaycana qarşı iddiaları geri götürülə bilər”. Bu, həm də bu iddiaların gələcək taleyi ilə bağlı sualın danışıqların predmetlərindən biri ola biləcəyinə işarə kimi də başa düşülə bilər.

Nəhayət, siyasətdə aktiv olanın dəstək toplamaq və müttəfiqləri “ələkdən keçirmək” şansı daha yüksəkdir. Təbii ki, ümumiyyətlə, Cənubi Qafqazdakı vəziyyət adətən Qərb ölkələrində ictimaiyyətin diqqət mərkəzində deyil, xüsusən nəzərə alsaq ki, indi hər kəsin dodaqlarında daha çox rezonanslı hekayələr var- Ukraynadakı Rusiya-NATO münaqişəsindən tutmuş Orta Şərqdə və Böyük Britaniyadakı gərginliyə qədər. Bu səbəbdən BMT-nin Beynəlxalq Cinayət Məhkəməsində Bakı ilə İrəvan arasında baş verən mübahisə ilə bağlı xəbərlərin çoxu çox güman ki, Qərb auditoriyası tərəfindən arxa planda qəbul olunacaq. Bununla belə, Yerevan üçün bu, həm də bu vəziyyətə qarışmış xarici tərəfdaşlara (ilk növbədə Ermənistanı dəstəkləməyə meylli siyasətçilərə) öz maraqlarını xatırlatmaq üçün mühüm səbəbdir”, - deyə Neyjmakov yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər