MİA

  • 8 071

Ekspert: Ermənistan Qərbin sifarişi ilə təxribatları davam etdirir - MÜSAHİBƏ

image

Azərbaycanın Müdafiə Nazirliyi Laçın yolundakı Laçın sərhəd-keçid məntəqəsinin Ermənistan tərəfindən atəşə tutulması, nəticədə bir sərhədçinin yaralanması ilə bağlı məlumat yayıb. Erməni tərəfi isə respublikanın Sünik rayonunun Tex kəndi istiqamətində sərhədçisinin yaralandığını iddia edir.

Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko növbəti eskalasiya və onun səbəblərini “Moskva-Baku” portalına şərh edib. Ekspertin fikirlərini oxucularımıza təqdim edirik.

- İqor Yuryeviç, biz görürük ki, son günlər Ermənistan tərəfi Azərbaycanın Naxçıvan istiqamətindəki mövqelərini necə atəşə tutmağa başlayıb. İndi isə “Laçın” sərhəd-keçid məntəqəsini. Bu, istiqamətlərin hər ikisinə- Naxçıvan və Laçın dəhlizləri mövzusuna toxunur. Təsadüfdürmü?

- Yox. Ermənistanın silahlı təxribatları proqnozlaşdırılan idi. Əvvəlki şərhlərimdə dəfələrlə demişdim ki, belə təxribatlar olub, var, olacaq da. Azərbaycan buna hazır olsun, təkcə siyasi və diplomatik üsullarla deyil, həm də güclə cavab versin. Biz bunu Rusiya, Türkiyə və Azərbaycanın nizamlanmadakı vəziyyəti daha proqnozlaşdırıla bilən, şəffaf olması, İrəvanla Bakının mövqelərini yaxınlaşdırmaq üçün göstərdiyi səylər fonunda müşahidə edirik. Moskvanın blokun açılması işində çox fəal mövqeyi fonunda Ermənistanın son günlər etdikləri bu istiqamətdə hər hansı razılaşmaları pozmaq, inkar etmək cəhdidir. Bu, həmin qənaətlərin və ötən dövrdə bu məsələ ilə bağlı aparılan təhlillərin düzgünlüyünü təsdiq edir. Vəziyyət proqnozlaşdırıldığı kimi inkişaf edir.

- Faktiki olaraq bir həftədir, demək olar ki, hər gün erməni qanunsuz silahlı birləşmələri Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri qarşısında istehkamlar yaratmağa çalışırlar...

- Bu, özü üçün çox yaxşı “mövqe ehtiyatı” yaratmağa, özünə müəyyən üstünlüklər əldə etmək üçün müvafiq infrastruktura arxalanmağa yönəlmiş siyasətdir. Bütün bunlar Ermənistanın ənənəvi təxribat siyasətinin davamıdır. İrəvan nəinki Rusiya və Azərbaycanla əldə edilmiş razılaşmaları pozmaq, hətta vəziyyətin məhdud və ya tammiqyaslı hərbi münaqişəyə çevriləcəyi təqdirdə özü üçün müəyyən üstünlükləri təmin etmək üçün hər şeyi edir.

- Eyni zamanda Ermənistan tərəfi bəyan etdi ki, guya Azərbaycan Yeraşxda, məhz Naxçıvanla sərhəddə tikilməkdə olan zavodu atəşə tutub. Ermənistan Bakını guya Ermənistanın iqtisadi inkişafına mane olmaqda ittiham edib...

- Erməni tərəfi bildirdi ki, guya hindistanlı fəhlələr yaralanıblar. Ermənistanın Azərbaycanı Hindistana qarşı qoymaq cəhdi göz qabağındadır. İrəvan Hindistana həm diplomatik, həm də siyasi, həm də Dehlidən müasir zərbə silahları almaq cəhdlərinin bir hissəsi kimi diqqətini cəmləyir. Dünən Prezident İlham Əliyev Bakıda Pakistanın Baş naziri ilə görüşüb. Belə olan halda Ermənistanın təxribatı situasiyaya tam uyğun gəlir: Hindistanla Pakistan arasında ziddiyyətli, qarşıdurma münasibətlərinin kartı oynanılır. İrəvanın geosiyasi məqsədləri bəllidir: Hindistanı Azərbaycana qarşı qoymaq.

- Bu yaxınlarda Aİ-nin Ermənistanda yerləşən missiyasının rəhbəri bildirib ki, Ermənistanın daha 3 şəhərində yeni missiya filialları yaranacaq. Təbii ki, Moskva buna Rusiyanın Transqafqazdan çıxarılmasının davamı kimi reaksiya verdi...

- Biz görürük ki, Aİ-nin Ermənistandakı müşahidə missiyası xərçəng şişi kimi metastaz verir, Avropa İttifaqının Ermənistanda faktiki hərbi-polis və kəşfiyyat mövcudluğu genişləndirilir, respublika ərazisində infrastruktur hazırlanır, İrəvanın Qərbin vasitəçiliyi ilə nəhayət Rusiya ilə münasibətlərini kəsməsi üçün lazımi anda işə düşəcək. Ermənistanda Bakının əleyhinə olmasına baxmayaraq yerləşdirilmiş bu “müşahidə” missiyası hər an hərbi missiya ilə əvəz oluna bilər. Bundan sonra Paşinyan Rusiyaya “əlvida” deyəcək və tamamilə Qərbin “təhlükəsizlik çətiri” altına girəcək. İndi gördüyümüz hər şey tamamilə Qərbin göstərdiyi məntiq və səylərlə, açıq şəkildə Rusiyaya düşmən münasibət bəsləyən Ermənistan rəhbərliyinin, İrəvanın Moskva ilə müttəfiqlik münasibətlərinə görə, Ermənistanın KTMT çərçivəsində öhdəliklərinə zidd addımlar atan rəhbərliyin fəal rolu ilə bağlıdır..

- Fransa Ermənistan-Azərbaycan nizamlanmasında yenidən öz disbalansını nümayiş etdirir. Fransa diplomatiyasının rəhbəri Ketrin Kolonna bildirib ki, Paris Ermənistan-Azərbaycan münaqişəsində Ermənistana dəstək verir və Azərbaycan tərəfinin Laçın yolunu “bağlamasını” pisləyir...

- Bu köhnə fransız mahnısıdır, biz bunu dəfələrlə eşitmişik. Makron ümumiyyətlə şalvarından sıçrayır, o, az qala Rusiyaya bəzi iddialar irəli sürmək istəyir, Moskvanı onun həyati maraqları zonasından, o cümlədən Cənubi Qafqazdan fəal şəkildə sıxışdırmağa çalışır. Ona görə də, bu gün Parisin göstərdiyi bütün bu “səylər” Cənubi Qafqazda sülh, əmin-amanlıq, kommunikasiyaların açılması və iqtisadi tərəqqi istəyən ölkələrə açıq düşmənçilik xarakteri daşıyır. Paris erməni xəritəsindən istifadə edir.

Bütün bunların fonunda Cənubi Qafqazda vəziyyətin sabitliyini pozmaqda əsas alət olan beynəlxalq erməni diasporunun öz təsir alətləri, bir sıra dövlətlərdə müvafiq qərar qəbuletmə mərkəzlərində lobbiçilik fəaliyyəti ilə məşğul olmasının mütləq siyasi məsuliyyətsizliyini qeyd etməyə bilmərəm. Qərb dövlətləri, xüsusən də Fransa, ABŞ, bir sıra başqa ölkələrdə dar çərçivədə eqoist millətçilik maraqlarını həyata keçirmək üçün onları beynəlxalq proseslərdə guya qaçılmaz tendensiya kimi təqdim edirlər.

“Mahnı” aydındır: resurs var, pul var, siyasi iradə var. Əslində, pulu kim ödəyirsə, musiqini o sifariş edir. Bu halda bir daha deyə bilərik: Makron səlahiyyət müddəti başa çatdıqdan sonra Fransadakı erməni diasporunun maraqlarının əsas təmsilçisi roluna asanlıqla iddia edə bilər. Düşünürəm ki, burada da korrupsiya var. Fransa siyasətçiləri korrupsioner olduqları bilinir. Fransa liderlərinin cinayət təqibinə məruz qaldığı hallar var. Ona görə də istisna etmirəm ki, hansısa yeni Fransa prezidentinin dövründə Makron korrupsiyada ittiham oluna bilər. Ola bilsin ki, o, Sarkozinin taleyini təkrarlayacaq, ya da əslində daha uzun müddətə həbsə gedəcək, o cümlədən Fransadakı erməni diasporasının maraqlarına lobbiçilik etmək üçün onlardan pul aldığına görə.

- Azərbaycan və Ermənistan sərhədində (təkcə orada yox) müşahidə olunan eskalasiya tendensiyaları ilə bağlı Moskvanın reaksiyası necə olacaq, Moskva nə etməlidir?

- Rusiyanın əsas səyləri, bildiyiniz kimi, şübhəsiz ki, Ukraynadakı xüsusi hərbi əməliyyatda uğur əldə etmək istiqamətinə yönəlib. Buna baxmayaraq, Moskva da heç bir halda Cənubi Qafqazdan strateji prioritet kimi imtina etmir. Biz Rusiya Federasiyasının Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun təyin olunmasının şahidi oluruq. Bu, rəsmi keçmişi və Rusiya XİN-də nəzarət etdiyi məsələləri nəzərə alsaq, təcrübəli diplomat, görkəmli şəxsiyyətdir. Düşünürəm ki, bu təyinat müəyyən mənada Moskvanın baş verən hadisələrə reaksiyası idi: vəziyyətin ciddi diqqət tələb etdiyi əsas məqamlarda, gedən proseslərin təhlili, çox təcrübəli, effektiv, deyərdim ki, strateji planlaşdırma üfüqündə birmənalı şəkildə peşəkar olan diplomat Bakıya səfir göndərilir. Düşünürəm ki, Mixail Yevdokimov Moskva ilə Bakı arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi yolunda çox şey edəcək.

Biz Rusiya rəsmilərinin xarici siyasət dövrəsi, o cümlədən Ermənistanda baş verən hadisələrə reaksiyası, Qərblə yaxınlaşmasının gücləndirilməsi ilə bağlı mütəmadi rəsmi açıqlamalarının da şahidi oluruq. Rusiya təbii ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasında əsas vasitəçi rolundan əl çəkmək niyyətində deyil, bundan sonra da fəal oyunçu olacaq və bu məsələdə Cənubi Qafqazda sülhün bərqərar olması üçün hər şeyi etməyə davam edəcək. Rusiyanın Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların bloklanması məsələsində aydın mövqeyi var, o cümlədən Qərbin iqtisadi blokadası şəraitində Avropa limanları vasitəsilə logistika marşrutları artıq mümkün deyil. Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin tezliklə işə salınmasında və infrastrukturunun tammiqyaslı inkişafında ciddi maraqlıdır. Rusiya Zəngəzur dəhlizinin tezliklə işə salınmasında maraqlıdır, üstəlik, məhz Kremlin təşəbbüsü ilə 2020-ci ilin noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatında Zəngəzur dəhlizinə nəzarətin Rusiya FSB-nin sərhəd xidməti tərəfindən həyata keçiriləcəyi bildirilirdi. Azərbaycan bu yanaşmaya etiraz etmir və alqışlayır. Təbii ki, Rusiya bunda maraqlıdır, lakin Paşinyan komandasının əsas üzvlərinin son bəyanatları bir daha göstərir ki, Ermənistan Rusiyanın FSB sərhəd xidməti tərəfindən Zəngəzur dəhlizində nəzarəti həyata keçirməsi ideyasını qəti şəkildə rədd edir, qəbul etmir və bunun qarşısını almaq üçün hər şeyi edəcək.

Hesab edirəm ki, bu, müəyyən səbəbdən, həm də Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli formatda əldə edilmiş razılaşmalarının həyata keçirilməsindən razı olmayan ABŞ, Fransa və Avropa İttifaqının fəal dəstəyi ilə həyata keçirilir.

- Nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasının Rusiya üçün əhəmiyyətini faktlar, ardıcıl hadisələr sübut edir. Son günlərdə bu məsələ Azərbaycanla ən yüksək səviyyədə müzakirə olunub.

- Bu, Qərb və Ermənistan istisna olmaqla, Rusiya və çoxlu sayda dövlətin maraqlı olduğu çoxtərəfli ən mühüm infrastruktur layihəsidir, ona görə də, təbii ki, bu kontekstdə Rusiyanın diqqəti və onun bu yolda göstərdiyi səylər bu layihənin həyata keçirilməsinə xidmət edir. Bu dəhliz Rusiyanı Hind okeanındakı limanlarla birləşdirəcək və Rusiyadan Xəzər dənizi- Azərbaycan, İran vasitəsilə bir sıra marşrutlar üzrə yüklərin fasiləsiz daşınmasını təmin edəcək. Bu, regionun bütün geoiqtisadiyyatını dəyişəcək və regionun bütün iqtisadi xəritəsini yenidən konfiqurasiya etməyə imkan verəcək, Avrasiyanı dünyada həm iqtisadi, həm də siyasi inkişaf meyllərini müəyyən edəcək əsas regiona çevirəcək.

Dəhliz onlarla dövlətin iqtisadiyyatının inkişafına misli görünməmiş təkan verəcək, istənilən iqtisadi təzyiq, sanksiya təzyiqi formatlarından azad olan ticarət-iqtisadi tərəfdaşlıq münasibətlərini səmərəli şəkildə qurmağa imkan verəcək. Rusiya Zəngəzur dəhlizinin tezliklə işə salınmasında əsas maraqlı tərəflərdən biridir.

Eyni zamanda, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması məsələsində (həqiqətən də, Ermənistan-Azərbaycan normallaşmasının digər məqamlarında olduğu kimi) Ermənistan elitası sırf ideoloji, millətçilik istəkləri ilə hərəkət edir, "özünü ayağından vurmaq" və eyni zamanda qonşunu incitmək prinsipi ilə. Amma Ermənistan Avrasiyada durğunlaşacaq və əhalinin üç qat enerji ilə başqa, daha firavan regionlara qaçacağı iyrənc dalana çevrilməklə vəziyyəti daha da pisləşdirir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər