PDF Oxu

MİA

  • 7 336

Gənclərə dövlət qayğısı: dünən və bu gün

image

Heydər Əliyevin gənclər siyasəti necə idi, gənclərdən nə gözlənilirdi?

Hər bir xalq, o cümlədən Azərbaycan xalqı üçün mühüm tarixi nailiyyət dövlətinin müstəqilliyidir. Bir xalqın tarixində bunu əldə etməkdən böyük hadisə yoxdur. Müstəqil dövlətçilik Azərbaycanın çoxəsrlik tarixində ən böyük hadisədir. XX əsrin əvvəllərində Azərbaycanda əldə edilən ilk dövlət müstəqilliyi bütün türk-müsəlman dünyasının tarixində dönüş nöqtəsi yaratdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli müstəqilliyinin acı taleyi müstəqilliyi əldə etməkdənsə, onu qoruyub saxlamağın və möhkəmləndirməyin daha vacib olduğunu bariz şəkildə göstərdi.

Azərbaycan xalqı üçün ikinci dəfə dövlət müstəqilliyinə nail olmaq şansı yenə itirilə bilərdi, lakin ideoloji lider, böyük tarixi şəxsiyyət və görkəmli dövlət xadimi Heydər Əliyev zamanında müdaxilə edərək müstəqilliyimizi əldən verməməyimizə var gücü ilə çalışdı. Ümummilli lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra onun fəaliyyətinin əsas istiqamətlərindən biri də gənc nəslə diqqətin artırılması oldu. Yeniyetmə və gənclərlə bağlı dövlət siyasətinin əsas prinsiplərinin müəyyənləşdirilməsi, gənclərin sosial-iqtisadi siyasətdə fəal iştirakının təmin edilməsi prosesi start götürdü. Respublikamızın ictimai-siyasi həyatı, gənclərin sosial-mənəvi tələbatlarının ödənilməsi, onların formalaşması və layiqli vətəndaş kimi formalaşması üçün əlverişli şərait yaradılması üçün bu mühüm idi.

Əslində, 90-cı illərin əvvəllərində, SSRİ-də yeganə gənclər təşkilatı olan komsomolun fəaliyyəti dayandırıldıqdan sonra gənclər mənəvi boşluğa, böhrana düşdülər. Çay evlərində gün keçirən, bekar gəzən gənclər ordusunun yaranma təhlükəsi hiss olundu. Amma müstəqilliyin ilk illərində ictimai-siyasi fəallıq gənclərdən də yan keçmədi, meydanlarda, mitinqlərdə çox sayda gənc görünürdü. Gənclərin prinsip, mənəvi dəyər, həyata baxışlar sistemi formalaşmağa başladı, yeni müstəqil gənclər təşkilatları yaradılmağa başladı. Bu da təbiidir, çünki gənclik xalqın ümidi, onun inkişaf və tərəqqisinin əsas meyarı və barometridir, hər bir cəmiyyətin maddi və mənəvi tərəqqisi bilavasitə gənclər siyasətinin düzgün qurulmasından, təşkilindən və aparılmasından, sosial-mənəvi tərəqqidən asılıdır.

Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərliyi dövründə təhsilin inkişafına, xüsusilə, böyük əhəmiyyət verirdi. Onun rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması və həmin şəbəkənin zəngin maddi-texniki bazasının formalaşdırılması, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması respublikada böyük intellektual baza yaratdı.

Ulu öndər gənc nəslin əxlaqi tərbiyəsi məsələlərinə xüsusi diqqət yetirir, gənclərə ümumbəşəri dəyərləri, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini dərindən və hərtərəfli öyrənməyi və mənimsəməyi tövsiyə edirdi. O deyirdi ki, gənclər milli dəyərləri, milli adət-ənənələri, dili, dini və tarixini bilməyən və mənimsəməyənlər vətənpərvər ola bilməzlər. O deyirdi: “Vətənpərvərlik təkcə hərbi xidmət deyil, Vətənə sadiq olmaq, doğma torpağı sevmək, onu müdafiə etməyi bacarmaq deməkdir. Vətənpərvərlik budur”.

Həmin illərdə respublikada məktəblərin, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu tamamilə yeniləşdirilmiş, yeni ali və orta ixtisas məktəbləri açılmışdı. Respublikanın müxtəlif bölgələrində 800-ə yaxın məktəb tikilərək istifadəyə verilmiş, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin ümumi sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə qədər artmışdı.

Həmin dövrdə Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması idi. Bu məqsədi uğurla həyata keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdu. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdı.

Ümummilli lider Elmlər Akademiyasının genişləndirilməsi və inkişafına xüsusi fikir verirdi. Nəticədə, respublikada çox sayda elmi işçilər, böyük alimlər yetişdi. Azərbaycan Sovet Ensiklopediyasının nəşr olunması isə onun Azərbaycan elmi qarşısında ən böyük xidmətlərindən idi ki, bu gün də həmin Ensiklopediya ən qiymətli elmi xəzinə sayılır. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.

Azərbaycanda ali hərbi məktəblərin açılması isə milli hərbçi kadrların hazırlanmasında çox böyük bir iş idi. Bu məktəblərdən böyük generallar, hərbi mütəxəssislər yetişdi və onlar 1-ci Qarabağ müharibəsində Azərbaycan Ordusunun özəyini təşkil etdilər. Heydər Əliyevin Sovet dövründə yeni mərhələyə qədəm qoyan ölkəsi, doğma xalqı qarşısında ən böyük və misilsiz xidməti o idi ki, Azərbaycan 1991-ci ilin sonunda İttifaqdan ayrılıb müstəqilliyini elan etdiyi vaxt respublikamız əvvəlcədən hazırlanan həmin kadrların sayəsində artıq müstəqil bir dövlət kimi yaşamağa tam hazır idi.

Azərbaycanda dövlət gənclər siyasətinin parlaq göstəricilərindən biri də ölkəmizdə gənclər hərəkatının, o cümlədən qeyri-hökumət təşkilatlarının (QHT) inkişafıdır. Bu, vətəndaş cəmiyyətinin mühüm amillərindən biridir. Zaman ötüb keçdikcə gənclər ölkəmizin ictimai strukturların inkişafında, demokratik dəyərlərin formalaşmasında daha çox iştirak edirlər. Bütün sahələrdə gənc nəfəs hiss edilir. Prezident İlham Əliyev də Ümummilli liderin yolunu davam etdirir, idarəetmədə gənclərə yol açır.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili- Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər