PDF Oxu

MİA

  • 8 695

Ermənistan iki od arasında və asılı mövcudluğun həzzi içində - Rusiyalı və amerikalı eskpertlərin şərhi

image

Kollektiv Qərb Ermənistana münasibətdə KTMT mexanizmlərini əvəz edə biləcək belə öhdəliklər götürməyə hazır deyil. Bunu Ermənistan blokundan olan deputat Anna Qriqoryan erməni KİV-ləri ilə söhbətində deyib.

“Bütün baş verənlərə əsaslanaraq məntiqli sual səslənir: Paşinyan, əgər KTMT-nin iclaslarını boykot edirsənsə, şikayət edirsənsə, anti-Rusiya ritorikası ilə məşğul olursan, onda niyə Təşkilatı tərk etmirsən? Bu yaxınlarda avropalı parlamentarilərdən biri bizimlə görüş zamanı dedi: “Biz ona bu sualı verdik və cavab aldıq ki, ciddi geosiyasi mərkəzlər, yəni ABŞ deyir ki, hələlik KTMT-dən çıxmağa ehtiyac yoxdur”, - Qriqoryan qeyd edib.

Sual həqiqətən aktualdır. Artıq bir ildən çoxdur ki, bu qaranlıq əhvalat İrəvanın bu hərbi bloka etimadsızlığı, bu təşkilatın Azərbaycanla müharibəyə girmədiyi barədə ittiham xarakterli bəyanatları və s. ilə uzanır. Yaz-yay aylarından İrəvandan Ermənistanın tezliklə KTMT-dən tamamilə çıxacağına və Qərbdə hərbi tərəfdaşlar tapacağına dair eyhamlar gəlir. Ancaq nədənsə o, hələ də bu təşkilatı tərk etməyəcək - belə qəribə ikiliyi necə izah etmək olar? İrəvan hansısa oyun oynayır, kimisə aldatmağa çalışır? Yaxud doğrudan da Vaşinqton Paşinyana bu bloku tərk etməməyi tövsiyə edə bilərdi? Hansı məqsədlər üçün? Amerikanın buna niyə ehtiyacı ola bilər?

Bu barədə xarici ekspertlər “Caliber” analitik mərkəzinə fikirlərini bölüşüblər. Şərhləri oxucularımıza təqdim edirik.

Rusiyalı politoloq, “Truly” portalının baş redaktoru Ruslan Aysin qeyd edir ki, Ermənistan həqiqətən böyük siyasətin subyekti olmadığına görə, görünür, ona müxtəlif təsir mərkəzlərindən (istər Vaşinqton, istərsə də Brüssel, Paris və ya Moskva və s) deyilənləri, sifarişlər icra edir.

“Bu, sadəcə, tipik göstəricidir. Əgər Ermənistan müstəqil qərar qəbul etsəydi, öz maraqlarından çıxış edərdi. Burada aydın görünür ki, hamının xoşuna gəlməyə çalışan rəsmi İrəvan faktiki olaraq özünü öz milli yönümlü siyasətini aparmaq və Azərbaycanla normal münasibətlər qurmaq imkanından məhrum edir. Çünki maraqlı qüvvələr var ki, təbii ki, bu regionda heç bir əmin-amanlıq və sülh istəmirlər və Ermənistandan özlərini yersiz apararaq bu qədər qorxunc (“qorxulu uşaq”) olmasını tələb edirlər”.

Aysin qeyd edir ki, Paşinyan dəfələrlə bildirib ki, KTMT öz öhdəliklərini yerinə yetirmir və ona görə də bu təşkilatda qalmağın mənası yoxdur.

“Lakin bu sözlərin ardınca heç bir əməl, konkret və əsaslı qərarlar verilmədi. Bu isə bir daha onu göstərir ki, İrəvanın heç bir strategiyası yoxdur- bu gün belədir, sabah elədir. Bu gün deyirlər- biz Azərbaycanla sülh müqaviləsi bağlayacağıq, sabah hansısa qüvvələr işə qarışır və Paşinyan və komandası qaynar tavada fırlanmağa başlayır.

Əslində hər kəsə aydındır ki, KTMT Ermənistan üçün ölü doğulmuş layihədir, ona faydası yoxdur, amma həqiqətən heç kim Paşinyana heç bir təminat vermir (nə Aİ, nə də ABŞ), ancaq bəzi vədlərlə qidalandırırlar, ona görə də erməni səlahiyyətlilər bu birliyi tərk etməkdən qorxurlar.

Mən hesab edirəm ki, deputat Qriqoryanın amerikalıların Ermənistanın KTMT-dən çıxmasına imkan verməməsi barədə bəyanatı böyük qardaşın kürəyi arxasında gizlənmək cəhdidir. Reallıqda İrəvanın özü də istəmir, çünki necə irəliləyəcəyini başa düşmür, heç kim heç bir zəmanət vermir, amma burada heç olmasa KTMT-nin əncir yarpağının arxasında gizlənib Moskvaya şikayət etmək, zəng etmək və ya müraciət etmək olar. Yəni eyni vəziyyət- “get ora, bilmirəm hara” görünür.

İrəvanın, ümumiyyətlə, vektoru yoxdur. Baxmayaraq ki, ondan artıq açıq-aydın və kifayət qədər konkret olaraq Bakı və Ankara ilə dostluq tələb olunurdu. Hər cür iqtisadi və infrastruktur layihələrində iştirak təklif edildi. Onda İrəvan iqtisadiyyatını böyüdəcək, “böyük Ermənistan” xəyallarını unudacaq və ölkə normal yaşayacaqdı. Amma artıq dediyim kimi, dünya təsir mərkəzlərinin bunda marağı azdır, çünki onlar Azərbaycana, Türkiyəyə təzyiq etməlidirlər və ona görə də Ermənistanla istədikləri kimi oynayırlar”, - Aysin əmindir.

Amerikalı politoloq Endryu Korıbko öz növbəsində bildirib ki, ABŞ Ermənistanı Rusiyadan öz tərəfinə çəkir və indiyədək onlar İrəvanı KTMT-də iştirakını qeyri-rəsmi şəkildə ləngitməyə inandıra biliblər, baxmayaraq ki, Vaşinqton çətin ki, bu qarşılıqlı müdafiə paktından çıxmağı bu ölkəyə rəsmi şəkildə məsləhət görsün.

“Səbəblər praqmatikdir, yəni: Ermənistanın KTMT-dən tez bir zamanda NATO-ya keçə biləcəyini təsəvvür etmək siyasi baxımdan qeyri-realdır, çünki sonuncuya üzvlük bütün mövcud üzvlərin təsdiqini tələb edir.

Rusiyanın təhlükəsizlik zonasından NATO-ya keçidi zamanı nəinki Ermənistan müdafiəsiz qalacaq, həm də Türkiyə və bəlkə də digər ölkələrin İrəvanın istəyini dəstəkləməsi çətin olacaq. Bu, qəribə vəziyyətə gətirib çıxarır ki, Ermənistan NATO üzvü Fransa ilə hərbi əlaqələri genişləndirdiyi üçün KTMT-də iştirakını qeyri-rəsmi olaraq dayandırıb, lakin onun təhlükəsizliyi Rusiyanın hüquqi məsuliyyəti olaraq qalır. Sıfır məbləğli oyun nöqteyi-nəzərindən bu razılaşma Rusiyadan daha çox Ermənistan və NATO-ya sərf edir”, - analitik deyir.

Onun sözlərinə görə, Moskva çətin ki, Ermənistanı blokdan çıxarsın, çünki o, digər üzvləri qorxutmaq istəmir və Yerevanın sonda öz hərəkətlərinə yenidən baxacağına ümid edir.

“Çox güman ki, bu status-kvo qeyri-müəyyən müddətə qalacaq, xüsusən də KTMT və NATO-nun müvafiq hesablamaları ilə izah edilən səbəblərə görə. Bu zaman Ermənistan geosiyasi qeyri-müəyyən vəziyyətə düşəcək ki, bu da onun gələcəyi ilə bağlı qeyri-müəyyənliyə gətirib çıxaracaq və ola bilsin ki, xarici investorları qorxudacaq”, - deyə Endryu Korıbko yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər