PDF Oxu

MİA

  • 11 446

Lap hənanın yeridir: xına demə, möcüzə de

image

Qoturdan iltihaba, çibandan suçuçəyinədək hər dərdə dərmandır

Xına, başqa adı ilə həna qədim dövrlərdən bəri həm gözəllik, həm də sağlamlıq məqsədi ilə istifadə edilən bir ağacın yarpaqlarından əldə edilən maddədir. Elə indi də toy və nişanların baş qəhrəmanı – gəlinin əllərinə müxtəlif milli ornamentləri əks etdirərək bəzək vurulan xına haqqında bilinməyən və bilinənləri bu yazıda topladıq.

O sadəcə bitki yarpağıdır

Xına isti ölkələrdə yetişən xına ağacının yarpaqlarını qurudaraq əldə edilir. Qurudulan yarpaqlar sonra üyüdülür, toz halına salınır və bu da xına olur. İstifadəsi zamanı bu toza su və ya qara çayın dəmləməsini qataraq yumşaldırlar. Azərbaycanda yetişməmiş qozun yaşıl qabıqlarını dəmləyib xınanı onunla islatmaq adəti də var, qadınlar belə daha parlaq xına əldə etmiş olurlar. Xına hazırda Hindistan və Ərəb yarımadası başda olmaqla bir çox Asiya ölkəsində məşhurdur.

Uzun illər dekorativ ağac kimi əkilən xınanın yarpaqları sağlamlıq üçün də istifadə edilir. Dəri, saç və dırnaq xəstəliklərinin müalicəsində istifadə edilən xına bir çox dəri xəstəliklərini sağaldır. Tərkibindəki maddələr dərinin qalınlaşmasına kömək edir, incə dərili insanların gec sağalan yaralarına xına tətbiqi xeyirlidir. Həmçinin xına dəri hüceyrələrinin qorunmasında faydalıdır.

Nəyə xeyiri yoxdur ki?

Saçlar üçün hənanın faydaları saymaq bitməz, tökülən tüklərin yerindən yenisini çıxarır, saç tökülməsini dayandırır, qırılmaları aradan qaldırır, saç dərisini möhkəmləndirir, kəpəyi yox edir, saçları nəmləndirir, parlaqlıq verir, uzadır. Cod tükləri yumşaldan xına saçlara ipək yumşaqlığı verir. Saçları daha çox parıldatmaq, yumşaltmaq üçün çox miqdarda istifadə etmək məsləhət görülür.

Xınanın ağrı kəsmək kimi bir bacarığı da var, hər hansı bir səbəblə yaranan bədən və baş ağrılarını müalicə edir. Sadəcə ağrı olan bölgəyə xına yaxmaq kifayətdir. Həna yanıq yaralarına da faydalıdır, həm ağrını və yanmanı azaldır, həm də yaranın sağalmasını sürətləndirir. Bu möcüzəli bitki açıq yaralara belə şəfa verir, yaranın ağrısını azaldır, dərinin tez bağlanmasını təmin edir. Ayağınız burxulanda, biləyiniz çıxanda, sümüyünüz qırılanda ondan ağrıkəsici kimi istifadə edə bilərsiniz.

Dırnaqlara faydasına görə həna qədimdən bəri geniş istifadə edilir. Xüsusilə də çatlayan və qırılan, üzəri soyulan dırnaqlar üçün xınanın faydaları saymaqla bitməz. Xınanı nisbətən qatı isladıb dırnaqların üzərinə qoyduqda bu problemləri aradan qaldırır. Əgər xınanı zeytun yağı ilə isladıb dırnağınıza tətbiq etsəniz daha çox xeyir əldə etmiş olarsınız.

Qoturu belə müalicə edir

Xına qotur xəstəliyinin sağaldılmasında da faydalıdır. Heyvanlarla təmasdan yaranan bu dəri xəstəliyi zamanı xına tətbiqi problemi həll edir. Xına ağacının yarpaqları qaraciyərin dərmanıdır, eyni zamanda, sarılıq xəstəliyi zamanı da istifadə edilir.

Hənanın spesifik qoxusu var, bu qoxu mərkəzi sinir sisteminə olduqca müsbət təsir edir, sinirləri rahatladır, stressi azaldır. Baş ağrısı zamanı xına çiçəkləri sirkə ilə qarışdırılaraq tətbiq edildikdə ağrını kəsir. Xınanı isladıb alın nahiyəsinə yaxmaqla da ağrını kəsmək olar.

Alternativ tibbdə bir çox məqsədlə istifadə edilən xınanı bal və ya gül yağı ilə qarışdırdıqda bel ağrılarına da kömək etdiyi məlumdur. Həna sızanaq və civzələrin yox edilməsində də istifadə edilir. Xınanı suya atıb qarqara etdikdə diş ətindəki iltihablanmanı aradan qaldırır. Ağız kandidozunu belə müalicə edən həna ağız boşluğundakı mikrobları belə təmizləyir.

Bəzi qədim mənbələr cinsi istəyi artırdığını yazır. Bundan əlavə dabanların çatlamasının qarşısını alır, suçiçəyi çıxarmış uşaqların yarasını tez qurudur, ayaqlardakı göbələyi sağaldır.

Ayaq qoxusundan xilas edir

Bir çox kişinin ayaq qoxusu problemi olduğunu bilirik və bu problemi xına ilə həll etmək mümkündür. Sadəcə, hər axşam ayağınıza isladılmış xına yaxın, üzərindən polietilen bir torba geyinin, sonra da corab geyinərək səhərədək xınanı ayağınızda saxlayın, səhər yuyun. Bunu 6-7 gün təkrarlayın.

Dəri yaralarının, xüsusilə çibanın qarşısını alan xına zeytun yağı ilə qarışdırılaraq baş dərisinə çəkildikdə beyin şişinin qarşısını belə almaq gücünə malikdir. Antibakterial gücü hənanın iltihablanmış yaraları sağaltmağına kömək edir. Xərçəng şişlərinin əmələ gəlməsinin qarşısını alan xına dalaq sağlamlığı baxımından da xeyirlidir.

Ümumiyyətlə, xınanın daxilə qəbulundan başqa hər cür istifadəsi mümkündür, bəzi allergik problemləri olan insanlara xına tətbiqini ehtiyyatla etmək məsləhət görülür. Dəridə qızarma, səpki kimi problemlər yarada bilər, amma bu yalnız allergik problemi olan insanlar üçün keçərlidir. Udulması məsləhət görülmür, hamiləlikdə isə qətiyyən yolverilməzdir, çünki xınanın tərkibində hamiləliyi yarımçıq qoyan, uşaqsalmaya səbəb olan maddələr var.

Xınanı necə tanımalı?

Hazırda satışda xınanın 4 növünü görmək olar: rəngsiz, ağ, rəngli və klassik xınalar. Rəngsiz xına - emal zamanı piqmenti yox olan xına yarpaqlarının ekstraktıdır. Bu növ xınanın əsasən müalicəvi məqsədlə istifadə edilməsi məsləhət görülür. Rəngsiz xına, saçının rəngini dəyişmək istəməyən, yalnız saçlarının müalicə və qulluğa ehtiyacı olan xanımlar üçün ideal vasitədir.

Hal hazırda satışda ağ xına da görmək olar. Bu xına növü - saçları 5-6 rəng tonu aça biləcək adi boya vasitəsidir. Nəzərinizə çatdırırıq ki, bu xınanın, İran xınası ilə heç bir əlaqəsi olmayıb, heç bir müalicəvi xüsusiyyətə malik olmamaqla bərabər, hər bir kimyəvi boya kimi saç strukturunun korlanmasına səbəb olan bir vasitədir. Ona görə də almaq məsləhət deyil.

Kosmetik bazarda müxtəlif rəng çeşidinə malik rəngli xınalar var, çəhrayı, tünd qırmızı, göy, bənövşəyi hənalar da ağ xına kimi zərəli xüsusiyyətə malikdir. Bu boyaq maddəsinin tərkibində təbii xına olmasına baxmayaraq, xınana miqdarı boyanın tərkibində olan sinteik maddələrin miqdarının yanında gözəgörünməzdir.

Nəhayət, ən çox yayılan və ən təbii olan həna - İran xınası. Bu növ xına saçlarınıza rəng verəcək. Əgər saçlarınızın təbii rəngi açıqdırsa, boyandıqdan sonra rəng qırmızı və hətta narıncı ola bilər. Lakin saçlarınızı kimyəvi vasitələrlə sarı rəngə gətirmisinizsə, o zaman, xına heç bir nəticə verməyə bilər. Buna səbəb xınanın təbii komponentlərinin kimyəvi boyaq maddəsi ilə uyğunsuzluğudur.

Xınanın hər bir saç rəngi üçün gözlənilməz rəng verə biləcəyini artıq bildiyimizə görə, saçlarınıza xına qoymazdan əvvəl, test olaraq bir neçə saç telinizə çəkin, əldə olunan nəticəni gördükdən sonra bütün saçınıza tətbiqə başlayın. Həmçinin unutmayın ki, xınanı heç bir kimyəvi boyaq vasitəsi ilə açmaq mümkün deyil. Yalnız boyanmış saçların uzanmasını və özü-özünü yeniləməsini gözləmək lazım olacaq.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili- Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər