MİA

  • 6 982

Prezident seçkiləri: Bütöv Azərbaycanda ilk dəfə

image

Məlum olduğu kimi, bu il fevralın 7-də növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bununla bağlı dövlət başçısı İlham Əliyev ötən ilin dekabrın 7-də Sərəncam imzalamışdı. Həmin gün respublika ərazisində qeyri-iş günü olacaq. Bu, müstəqilliyimizi bərpa etdikdən sonra Bütöv Azərbaycanda keçirilən ilk Prezident seçkiləri olacaq.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə bildirdi ki, növbədənkənar seçkilərin keçirilməsinə bir neçə amil təkan verib: “Birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Bu, birinci səbəbdir”.

Bütöv Azərbaycanın ilk seçkisi Prezident seçkisi olmalı idi

Dövlət başçısı ikinci səbəbin ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilməsinin olduğunu qeyd etdi: “Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır”.

Prezident bildirib ki, digər səbəb Prezident kimi fəaliyyətinin 20 ilinin tamamlanmasıdır: “Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Yəni, əsas səbəblər bunlardır. Amma mən bu səbəbləri, bu sıralamanı əhəmiyyət üzrə etmişəm. Birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir. Bütövlükdə, hesab edirəm ki, cəmiyyətdə də bu barədə yəqin müzakirələr gedəcək. Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”.

Yeni hədəflərə doğru

Dövlət başçısı bildirir ki, yeni dövrün yeni hədəfləri olmalıdır: “Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi və indi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Yəni, biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz.

Çünki birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır. Birincisi, biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət, dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir” – deyə İlham Əliyev bildirib.

Prezident seçkilərində 7 namizəd mübarizə aparacaq

Məlumat üçün qeyd edək ki, yanvarın 15-dən etibarən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanacaq. Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il yanvarın 15-i başlanılmalı və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır. Prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparacaq. Həmin namizədlər Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.

Yekun olaraq, növbədənkənar Prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı, suverenliyimizin bərpası fonunda keçirilməsi dövlətçiliyimiz naminə böyük tarixi önəm kəsb edir. Bu seçkilər həm də dünyaya mesaj olaraq göndəriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra keçiriləcək növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti olacaq.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər