MİA

  • 8 148

Rusiyalı ekspert: Qərb Ermənistanı silahlandıraraq ona revanş vəd edir - MÜSAHİBƏ

image

“Avropa İttifaqınin Ermənistandakı missiyasının özəyi kəşfiyyatçılardan ibarətdir və Azərbaycanın hərbi strateji imkanlarını öyrənirlər”

Xəzər Strateji Tədqiqatlar İnstitutunun (Rusiya) baş direktoru, hərbi ekspert İqor Korotçenko “Moskva-Baku” portalına müsahibəsində Fransanın Silahlı Qüvvələr nazirinin Ermənistana ilk səfərini və bu fonda Ermənistan hakimiyyətinin anti-Rusiya bəyanatlarını şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- İqor Yuriyeviç, Fransa Silahlı Qüvvələr naziri bu ölkənin tarixində ilk dəfə Ermənistana səfər edib, tərəflər müntəzəm hərbi əməkdaşlıq müqavilələri imzalayıblar. Bundan başqa, Fransa nümayəndə heyəti Ermənistana hərbi texnika gətirib. Paris respublikaya hərbi müşavirini göndərəcək. Bunun fonunda Ermənistanın baş naziri yenidən bir sıra anti-Rusiya hücumları səsləndirib və ölkənin KTMT-də iştirakını dondurduğunu bəyan edib...

- NATO-nun artıq Cənubi Qafqazda olmasından çıxış etməliyik. Paşinyanın Parisə səfəri və sözün əsl mənasında, Fransa Silahlı Qüvvələr nazirinin Ermənistana ilk dəfə səfəri bir sifarişin hadisələridir. Tamamilə aydındır ki, indi Ermənistanın nəhayət, Rusiya və KTMT ilə necə vidalaşacağı yalnız zaman və ifadə məsələsidir. Bu gün Rusiya siyasi və hərbi elitasının Ermənistanla münasibətlərində əsas məsələ budur.

Əgər Zelenskinin Ermənistana artıq elan edilmiş səfəri baş tutsa, Paşinyan dərhal Kreml üçün erməni Saakaşvili kateqoriyasına keçəcək. Bütün bunların hara və necə getdiyi çoxdan bəlli idi. Təəssüf ki, Ermənistanla bağlı vəziyyətlə haqda şəxsi ekspert proqnozlarım qorxulu ehtimalla özünü doğruldur.

Rusiya praktikada Ermənistana əvvəlki yanaşmalarına ciddi şəkildə yenidən baxmalıdır. Onu KTMT-də saxlamağın mümkün olub-olmayacağı çətin sualdır, çünki bir çox proseslər o qədər irəli gedib ki, artıq onları ləngitmək və ya zərərsizləşdirmək mümkün olmayacaq. Əlverişsiz ssenari o deməkdir ki, Gümrüdə Rusiya hərbi bazasının əvəzinə Fransa hərbi kontingenti, Fransa hərbi bazası olacaq. Erebunidə Amerika hava bazası və ABŞ Milli Təhlükəsizlik Agentliyinin elektron kəşfiyyat mərkəzi görünə bilər. Sadəcə olaraq, Paşinyan bunu birdən edə bilməz. Amma de-fakto, onun Ermənistanın KTMT-dəki iştirakını dondurması ilə bağlı bəyanatı o deməkdir ki, İrəvan artıq bu təşkilatın üzvü deyil, rəsmi, qanuni olaraq ayrılma hələ baş verməsə də, de-fakto baş verib. Qərbin belə bir ssenarini həyata keçirmək istəyi prizmasından Ermənistana Fransa silahlarının davamlı tədarükü, Fransa Silahlı Qüvvələr nazirinin respublikaya səfəri, daimi hərbi məsləhətçi missiyasının yaradılması məsələlərinə baxmaq lazımdır. Ermənistanda proses başlayıb və bəlkə də, artıq dönməzdir.

- Aleksandr Lukaşenko dünən Paşinyanın İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakının dondurulması ilə bağlı sözlərini şərh edərkən deyib ki, “Ermənistansız KTMT dağılmayacaq”...

- Təbii ki, dağılmayacaq, amma bu halda başqa şeydən danışırıq. Bu gün Rusiya analitikasının Ermənistandakı vəziyyətə istiqamətini dəyişmək lazımdır. Biz ondan çıxış etməliyik ki, bu, Rusiyaya düşmən dövlət olacaq, NATO-nun Cənubi Qafqazda birbaşa dayağı olacaq. Və “əsrlik” erməni-rus dostluğuna dair heç bir mantra artıq Rusiyada heç kimin gözünü aldatmamalıdır. Ermənistan anti-Rusiyaya, ikinci Ukraynaya çevrilir. Bu zaman və praktik həllər məsələsidir. Ermənistan Qərbin anti-Rusiya koalisiyasına daxil olur.

Ermənipərəst qüvvələr davamlı olaraq rusların üzərinə guya pantürkizm və “Böyük Turan” təhlükəsi ideyasını səsləndirirdilər. Və nəticədə Ermənistan təhlükəli körpübaşına çevrilir. Bütün əvvəlki yanaşmalarımızı sıfırlamalıyıq. Rusiya yeni reallıqlardan sərt və praqmatik şəkildə irəliləməlidir. Rusiyanın münasibəti yalnız öz milli təhlükəsizliyinin və maraqlarının prioritetinə əsaslanmalıdır.

- İndi bəzi erməni ekspertlər deyirlər ki, Fransa hələlik Ermənistan üçün ancaq ciddi silahlanma görüntüsü yaradır...

- Hələlik “Bastion” zirehli maşınları şəklində “metal qırıntıları” tədarükü simvolik jest adlandırıla bilər. Təhlükə ondan ibarətdir ki, Ermənistan gələcəkdə kompleks hava hücumundan müdafiə sistemləri alacaq- söhbət qısa mənzilli “Mistral” zenit-raket komplekslərinin tədarükündən gedir. İkinci mərhələdə müvafiq orta mənzilli komplekslərin çatdırılmasına başlanacaq və hər şey uzaq mənzilli komplekslərin çatdırılması ilə yekunlaşacaq. Üstəlik, Ermənistan ərazisi Qərb standartlarına uyğun olaraq vahid hava hücumundan müdafiə, döyüş idarəetmə mərkəzinin rəhbərliyi altında inteqrasiya olunmuş hava məkanına nəzarət radar stansiyaları ilə dolacaq. Və bu artıq təhlükəlidir. Bundan əlavə, Hindistandan taktiki və operativ-taktiki sinifli mobil raket kompleksləri tədarük edilərsə, Ermənistan güc proyeksiyası və qonşularına münasibətdə mümkün hərəkətlər baxımından “uzun qol” adlanan şeyə sahib olacaq.

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyanı Ermənistan-Azərbaycan sərhədində son eskalasiyanın qarşısını almamaqda, Rusiya sərhədçilərini bunu etməməkdə ittiham edib. Amma nədənsə, İrəvan təmsilçisinin nöqteyi-nəzərindən Aİ missiyası yaxşı işləyir. Nəzərə alsaq ki, atəşə ilk olaraq erməni tərəfi başlayıb, açıqlama yumşaq desək, qəribədir.

- Ermənistan hakimiyyətinin Moskvaya qarşı getdikcə artan və tamamilə əsassız bəyanatları yalnız bir şeyi nümayiş etdirir: İrəvanda Rusiyadan uzaqlaşmaq üçün siyasi qərar qəbul edilib və o, Qərb kuratorlarının nəzarəti altında həyata keçirilir və son vaxtlar bu proses daha da sürətlənib. Bu cür bəyanatlar, Ermənistanda Rusiyaya qarşı mitinqlərin tezliyinin artması və Rusiya hərbçilərinin Ermənistan ərazisində olması Ermənistanın Qərbin təhlükəsizlik zəmanəti ilə Rusiya Federasiyasından üz döndərməsinə informasiya dəstəyidir. Bu, təbliğat pərdəsidir. Rusiyaya qarşı ittihamlar daha da artacaq və getdikcə daha gülməli və absurd olacaq. Çünki onlar sadəcə bir vasitədir, bəhanədir.

Qərbin təsir texnologiyaları dünyada eynidir. Bu, cəmiyyətin müəyyən ölkələr, siyasətçilər və hadisələr haqqında təsəvvürünün dəyişdirilməsini əhatə edir. Heç nə dəyişmir.

Yadımdadır, 2016-cı ildə İrəvanda ezamiyyətdə olmuşdum və bu səfər zamanı prezident tərəfdarı politoloqlarla danışmışdım. Və o zaman da Ermənistanın Rusiyaya qarşı son dərəcə kinli və praqmatik olduğu aydın idi. Ermənistanda postsovet məkanında ABŞ-ın ən böyük səfirliyi, Qərb tərəfindən maliyyələşdirilən bir neçə yüz QHT var. Paşinyan Sorosun “övladıdır” və onun bütün komandası Sorosun “övladları”dır. Bu, Ukraynada belə bu səviyyədə olmayıb, amma Ermənistanda olub.

- Eyni zamanda, Azərbaycan XİN rəhbəri bəyan etdi ki, Aİ missiyasının sərhəddəki hərəkətləri gərginlik yaradır. Azərbaycan tərəfi fevralın 12-13-də sərhəddə baş vermiş eskalasiyanı Aİ missiyasının fəaliyyəti ilə əlaqələndirir. Bundan əlavə, Azərbaycan diplomatiyasının rəhbəri bildirib ki, Azərbaycanın öz suverenliyini bərpa etməsi bəzi xarici qüvvələrin xoşuna gəlmir, belə ki, bu qüvvələr “sevimli oyuncaqlarını itiriblər”.

- Azərbaycan kimi onun üzərində təsir rıçaqları olmayan istənilən ölkə Qərb klubu üçün əlverişsizdir. Onlar manipulyasiya edə bilmirlər və bu ölkədə hakimiyyəti dəyişməyə çalışırlar, nədəsə ölkəni və hökuməti günahlandırmağa başlayırlar. Bu taktika zaman kimi köhnədir. Aİ-nin Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyası müəyyən səbəbdən və Azərbaycanın razılığı olmadan yaranıb. Bu, NATO kontingentinin Cənubi Qafqazda peyda olmasının xəbərçisidir.

İndi Qərb potensial hərbi əməliyyatlar teatrının kəşfiyyatı deyilən işi həyata keçirir. Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasının özəyi ilk növbədə kəşfiyyatçılardan ibarətdir. Əsas Alman Federal Kəşfiyyat Xidmətindən, eləcə də Fransa Müdafiə Nazirliyinin Xarici Təhlükəsizlik Baş İdarəsindəndir. Bütün bu “müşahidəçilər” öz kəşfiyyat fəaliyyətlərini işıqlandırmaq üçün diplomatik pasportlardan istifadə edirlər. Bundan əlavə, bu, sadəcə kəşfiyyat deyil, yeni infrastruktur yaradılır ki, vaxtında harada təsir mövqeləri formalaşdırılsın, sonra agentlər cəlb olunsun, Azərbaycanın imkanları öyrənilsin.

Başa düşməliyik ki, zahirən bir-biri ilə əlaqəsi olmayan ayrı-ayrı xarici hadisələr əslində əvvəlcədən müəyyən edilmiş plana uyğun həyata keçirilir. Və Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsi təsadüfi deyildi.

2020 və 2023-cü illərdə Cənubi Qafqazda Azərbaycanın öz ərazilərini qaytardığı yeni reallıq erməni taktikası və Qərbin öz məqsədləri üçün istifadə etməsi baxımından heç nəyi dəyişmədi. Paşinyan Qərb layihəsi olub və olaraq qalır. İndi də ondan təkcə Rusiyaya qarşı deyil, Azərbaycana qarşı da istifadə olunacaq. Ermənistanı silahla doldurmağa artıq başlanılıb, görünür, bu proses tez bir zamanda genişlənəcək. Maraqlıdır, bütün bu “ziyafət” kimin hesabına gedir? Artıq illüziyalara ehtiyac yoxdur - Paşinyan Cənubi Qafqazda geosiyasi və hərbi sarsıntıların alətidir. Bunun üçündür. Ermənistan bu geosiyasi oyunun istehlak elementidir, lakin o, öz rolunu oynamalıdır ki, bəlkə hansısa dəyişikliklər baş verər- məsələn, Azərbaycan və İranda hakimiyyət dəyişikliyi, Rusiyanın regionda mövqelərinin sabitliyinin pozulmasını gözləməsi ilə regionda vəziyyəti pozmaq, “Şimal-Cənub” dəhlizinin fəaliyyətinin pozulması, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılması.

Görünən odur ki, bu gün Paşinyan güzəştsiz anti-Rusiya mövqe tutmaq və bu məsələdə hərəkətə keçmək üçün Qərbdən şəxsi zəmanətlər alıb. Amma Fransa qoşunlarının Ermənistan ərazisində peyda olması, rus qoşunlarının isə barmaq çırpıntısı ilə yoxa çıxması mümkün deyil. Amma indi bunun üçün hər şey edilir. Və bunun qarşısını almaq üçün heç nə etməsək, fors-major hadisələr silsiləsi davam edəcək. İstər sərhəddə gərginliyin artması, istərsə də Ermənistanın müəyyən müddət ərzində Azərbaycan mövqelərini yenidən mütəmadi olaraq atəşə tutması Qərbin və Ermənistanın siyasətinin nəticəsidir.

Və Ermənistan hakimiyyətinin bəyanatlarına və Azərbaycana qarşı davamlı ittihamlara əsasən, biz İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasını gözləmirik. Görünür, Makron Paşinyana heç nəyə imza atmamağı tövsiyə edib. Göründüyü kimi, Qərb İrəvana hansısa revanş və ya Ermənistanın öz xeyrinə nəyisə geri qaytarması ehtimalını vəd edir.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər