PDF Oxu

MİA

  • 968

Süni intellektin həkim saxtakarlığı

image

TikTok və digər sosial media platformalarında, sözləri manipulyasiya edilmiş həkimlərin süni intellekt tərəfindən yaradılan saxta videoları dünyada narahatlıq doğuran vəzziyyətlərdəndir. Süni həkim məsləhətləri dərman və qida əlavələrin satışına və sağlamlıqla bağlı dezinformasiyaların yayılmasına xidmət edir.

"The Guardian" yazır ki, "Full Fact" fakt yoxlama təşkilatı, izləyiciləri ABŞ-da yerləşən qida və dərman əlavəsi firması olan "Wellness Nest"ə yönləndirən həkimlərin və influenserlərin təqlid versiyalarını əks etdirən yüzlərlə "deepfake" video aşkar edib.

Bütün saxta videolar internetdən götürülmüş bir sağlamlıq mütəxəssisinin real görüntülərinin bazasında hazırlanır. Videoda səslər yenidən elə işlənib ki, izləyici heç bir halda onun saxta olduğunu anlamır. Bu "həkimlərin" açıqlamaları yalnış müalicəyə səbəb olduğu üçün sözügedən firma sosial media nəhənglərini süni intellekt tərəfindən yaradılan məzmunu yerləşdirməkdə daha diqqətli olmağa və tanınmış insanların fikirlərini təhrif edən məzmunu silməyə çağırıb.

"Full Fact"ın dərc etdiyi araşdırmanı aparan fakt yoxlayıcısı Leo Benedictus bildirib ki, Sİ-nin bu imkanları pis və narahatedici yeni taktikadır. O bildirir ki, saxta sağlamlıq məsləhətləri videolarının yaradıcıları süni intellektdən istifadə edirlər ki, daha çox baxış qazansınlar, bunun üçün isə cəmiyyətdə hörmətli və ya geniş auditoriyası olan birisinin görüntülərini saxtalaşdırırlar.

Liverpul Universitetinin mütəxəssisi professor Devid Teylor-Robinson da imicinin manipulyasiya edildiyi şəxslər arasındadır. Avqust ayında o, TikTok-da sübut olunmamış faydaları olan məhsulları tövsiyə etdiyini iddia edən 14 saxta videonun yayımlandığını görəndə təəccüblənib. Teylor-Robinson uşaq sağlamlığı üzrə mütəxəssis olsa da, bir videoda onun klonlaşdırılmış versiyası klimaksın qadınlar üçün təsirlərindən danışırdı. Saxta Teylor-Robinson klimaks dövründə olan qadınların "Wellness Nest" adlı bir veb sayta daxil olub simptomlarla mübarizə aparmaq üçün xüsusi olaraq seçilmiş bitkilərin ekstraktı olan təbii probiotik almasını tövsiyə edir. Əsl Teylor-Robinson onun görüntüsündən yalnız bir həmkarı ona xəbərdarlıq etdikdə xəbər tutur. O bildirir ki, bu görüntülər həqiqətən çaşdırıcı və hamısı olduqca qeyri-real olub. Həkim deyir: "“Özümü çarəsiz hiss etmədim, çünki o mən deyildim. Amma insanların sağlamlıqla bağlı yanlış məlumatlar əldə etməsi məni getdikcə daha çox qıcıqlandırırdı.

Teylor-Robinsonun dərin saxta videolar hazırlamaq üçün istifadə etdiyi görüntülər, 2017-ci ildə İngiltərə İctimai Səhiyyə (PHE) konfransında peyvəndlə bağlı verdiyi çıxışdan və bu ilin may ayında ifadə verdiyi uşaq yoxsulluğu ilə bağlı parlament dinləməsindən götürülüb. Saxta videolardan birində o, klimaksı müzakirə edərkən söyüş söyür və qadınları təhqir edən ifadələr işlədirdi.

TikTok, Teylor-Robinsonun şikayətindən altı həftə sonra videoları sildi. “Əvvəlcə bəzi videoların onların qaydalarını pozduğunu, lakin bəzilərinin normal olduğunu dedilər. Bu, absurd və qəribə idi, çünki o saxta görüntülərdəki mən həqiqi kimi görünürdü".

“Full Fact” saytı TikTok-un həmçinin PHE-nin keçmiş baş direktoru Duncan Selbienin saxta ifadələrini əks etdirən səkkiz saxta video da yaydığını aşkar edib. Teylor-Robinson kimi, o da Teylor-Robinsonun çıxış etdiyi 2017-ci il konfrasında çəkilmiş videodan istifadə edərək klimaks haqqında yalan danışarkən göstərilirdi.

"Full Fact" həmçinin X, Facebook və YouTube-da oxşar "deepfake" saxtakarlıqları tapdı və bunların hamısı "Wellness Nest" və ya "Wellness Nest UK" ilə əlaqələndirilib. Şirkət professor Tim Spektor və digər pəhriz mütəxəssisi, mərhum Dr. Michael Mosley kimi tanınmış həkimlərin görüntüləri ilə yaradılmış "deepfake" saxtakarlıqlarını paylaşıb.

"Wellness Nest" "Full Fact"a bildirib ki, insanları şirkətin veb saytına daxil olmağa təşviq edən "deepfake"saxtakarlıq videoları ilə firmanın heç bir əlaqəsi yoxdur. Şirkət bildirib ki, heç vaxt süni intellekt tərəfindən yaradılan məzmundan istifadə etməyib.

Ekspertlər təklif edirlər ki, kimsə süni intellekt botundan sağlamlıq məsləhəti aldıqda, onlar avtomatik olaraq peşəkar həkim dəstəyinə yönləndirilməlidir ki, əslində ehtiyac duyduqları diaqnoz və müalicəni ala bilsinlər, dolayısı ilə "deepfake" videolarına məruz qalaraq sağlamlıqlarını təhlükəyə atmasınlar.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər