Siyasət

  • 1 015

Gələcəyimiz çox işıqlıdır ŞƏRH

image

Fevralın 14-də andiçmə mərasimində geniş nitq söyləyən Prezident İlham Əliyev mühüm məqamlara toxunub, ötən 20 ilə qısa nəzər salıb, vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən, işğaldan azad edilmiş ərazilərdə görülmüş və görüləcək quruculuq işlərindən, qədəm qoyduğumuz yeni dövrdə Azərbaycanın qarşısında duran vəzifələrdən, xarici siyasət istiqamətində yeni perspektivlərdən bəhs edib.

“Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır”, deyən ölkə başçısı xalqın etimadına sadiqliyini bir daha nümayiş etdirdi.

Bu, bir reallıqdır ki, bu gün dünyada və Avropada Azərbaycanın uğurlarını həzm edə bilməyən, ermənipərəst dairələrin əlində siyasi alətə çevrilmiş qüvvələr mövcuddur. Prezident İlham Əlyev öz nitqində bu məsələyə toxunanaraq bildirib ki, bu gün bəzi ölkələr beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürməyə və beynəlxalq ictimaiyyət adından danışmağa çalışırlar. Lakin bir və ya bir neçə ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz. Beynəlxalq ictimaiyyət Azərbaycanın tərəfindədir.

Hər zaman Türk Dövlətlərinin birliyinə əhəmiyyət verən, bu birlik üçün olduqca əhəmiyyətli işlər görən, təşəbbüslərlə çıxış edən Prezident İlham Əliyev andiçmə mərasimində də bu məsələyə toxunaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizin davam etdirilməsi əsas prioritet olaraq qalacağını vurğulayıb. Ölkə başçısı qeyd edib ki, “Bizim ailəmiz məhz Türk dünyasıdır. Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri var və dövlətimizin xarici siyasətinin prioritet istiqaməti də məhz Türk Dövlətləri Təşkilatını bundan sonra daha da gücləndirməkdir. Həqiqətən də, böyük coğrafiyaya, böyük hərbi gücə, böyük iqtisadiyyata, zəngin təbii sərvətlərə, artan əhaliyə malik olan və ən əsası, eyni soydan, kökdən olan xalqların daxil olan olduğu Türk Dövlətləri Təşkilatı kimi ikinci güclü birlik dünyada yoxdur. Məhz buna görə də bu təşkilatın qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilməsi üçün birlikdə çalışmağın vacibliyi bütün üzv ölkələrin xarici siyasətində prioritet istiqamət olmalıdır”.

Çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, ideoloji xəttin möhkəmləndirilməsi məsələsinə toxunan Prezident İlham Əliyev bildirib: “Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur.”

Prezident İlham Əliyev nitqində növbəti önəmli vəzifənin Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi olduğunu bildirib. Ölkə başçısı qeyd edib ki, bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.

Həmçinin ölkə başçısı, bütün sosial infrastrukturun inşa edildiyini, xəstəxanaların, məktəblərin, idman obyektlərinin, infrastruktur obyektlərinin, yolların, 130-dan çox tunel və körpünün, - 40 tunel və 90 körpünün, - inşa edildiyini vurğulayıb.

Çıxışının sonunda Azərbaycan-Ermənistan münasibətlərinə toxunan ölkə başçısı Ermənistanın havadarlarının daim bu məsələni müzakirə etmək, öz səylərini göstərmək, yorğanı öz tərəflərinə çəkmək, vasitəçi olmaq istədiklərini bildirdi. Cənab Prezident bu havadarlara mesaj göndərdi ki, getsinlər, öz işlərilə məşğul olunlar. “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”

Prezident İlham Əliyevin andiçmə mərasimindəki proqram xarakterli çıxışı hər bir Azərbaycan vətəndaşında bir daha əminlik yaratdı ki, ölkəmiz əmin əllərdədir və gələcəyimiz çox işıqlıdır.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər