“Bütün hallarda Brüsseldə keçiriləcək üçtərəfli görüş Ermənistanın mövqeyini gücləndirməyə hesablanıb. Ona görə də buna arxayın olan Ermənistan son günlər şərti sərhəddə müxtəlif miqyasda təxribatlar törədir. Eyni zamanda, Azərbaycanla sərhəddə yeni fortifikasiya qurğuları inşa edir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, bütün bunlar Azərbaycana qarşı təxribatların yeni bir mərhələsi kimi səciyyələndirilməlidir: “Çünki artıq bu, qalıcı və yüksək qoruyuculuq imkanları olan dəmir-beton konstruksiyalardan ibarət yeni istehkam qurğularının yaradılmasıdır. Əlbəttə ki, aprelin 5-də baş tutacaq bu görüşün məzmununun regional xarakter daşımadığı ilə bağlı ABŞ rəsmiləri tərəfindən fikirlər səsləndirilib. Azərbaycanın həmin görüşə dəvət olunmaması da bununla əlaqələndirilib”.“Amma biz bilirik ki, görüşün gündəmində olan Ermənistanın iqtisadiyyatının şaxələndirilməsi onun Rusiya iqtisadiyyatından qoparılmasına hesablanıb. Nəticə etibarilə iqtisadi güclənmə həm də hərbi güclənməyə gətirib çıxaracaqdır. Ona görə də Azərbaycan bu prosesi diqqətlə izləyir. Rəsmi Bakı vaxtaşırı olaraq bu məsələ ilə bağlı öz mövqeyini bəyan edir. Şübhəsiz ki, ayın 5-dən sonra həm Ermənistan və Azərbaycan arasında sülh məsələlərinin hansı şəkildə inkişaf edəcəyi, həm də hansı qərarların alınacağı dövlətimizin bu məsələ ilə bağlı münasibətini yenidən formalaşdıracaq”,- deyə o əlavə edib.
Ləman Sərraf