Siyasət

  • 480

Estetik zövqün ünvanı: Şirvan Milli Parkı

image

Azərbaycan nadir təbiətin, ümumilikdə ətraf mühitin qorunmasına həssaslıqla yanaşan ölkələr sırasındadır. 2024-cü ilin ölkədə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 25 dekabr 2023-cü il tarixli Sərəncamı bunu təsdiqləyən amildir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Təsadüfi deyil ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

Digər tərəfdən isə Sərəncamda da deyildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Bütün bunların fonunda 100 illik tarixə malik ilan Şirvan Milli Parkının yaradılmasından danışmaq da yerinə düşər. Şirvan Milli Parkı ölkəmizin ekoloji taleyi üçün hər zaman böyük narahatlıq keçirən, elə bu səbəbdən də bu sahə üzrə onlarla proqramın həyata keçirilməsinə imza atan Ümummilli Liderimiz Heydər Əliyevin 5 iyul 2003-cü il tarixli Sərəncamı ilə Bakı şəhərinin Qaradağ, Salyan və Neftçala rayonlarının inzibati ərazilərinin 54373,5 hektarında yaradılmışdır. Kür-Araz ovalığının cənub-şərqi Şirvan düzənliyində ümumi ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin 54373,5 hektarında Şirvan Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı yerləşir. Estetik zövqün ünvanı olan bu Milli Parkdan danışaq.

Flora və faunanı yaşatmaq naminə

Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaq olub. Milli Parkda ceyran, qamışlıq pişiyi, adi flaminqo, bəzgək və sair heyvan növləri ”Qırmızı kitab”a daxil edilmişdir.

Milli Parkın ərazisində relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Qədim sahil tirələri, laqunlar müəyyən sahələrdə aydın nəzərə çarpır. Külək vasitəsilə yaranan əsas relyef forması-düyün təpəcikləri ceyranların sığınacağı və mühafizəsi üçün çox sərfəlidir.

Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Burada çay və bulaq yoxdur, ərazini şərqdən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, Çala (Qızılqaz) gölü və sair əhatə edir ki, bu da ceyranları su ilə tam təmin edir. Ərazidə Xəzərin, kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir.

Milli Parkın ərazisində Xəzər sarıbaşı, Xəzər şahsevdisi, iydə ağacı, kol çərəni, qarağan, Şoviç yovşanı, budaqlı qışotu, ətli şoranqə, ətirli yovşan, qaraşoranlı, duzlaq-çoğanlı, yarımsəhra bitkiləri, çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir.

Qorunurlar ki, zövqümüzü oxşasınlar

Landşaft, iqlim və relyef xüsusiyyətlərinə görə Şirvan Milli Parkının ərazisində xarakterik suda-quruda yaşayanlar və sürünənlər faunası formalaşmışdır. Parkda 17 növ sürünən heyvan vardır. Bunlardan 3 növü tısbağa, 6 növü kərtənkələ və 8 növü ilanlardır.

Aralıqdənizi və ya quru tısbağası, xəzər tısbağası, bataqlıq və ya çay tısbağaları, Xəzər gekkonu, koramal, cəld kərtənkələcik, rəngbərəng kərtənkələcik, zərif ilanbaş kərtənkələləri, kor ilan, adi suilanı, suilanı, zeytuni təlxə, qızılı təlxə, xaltalı eyrenis, kələz ilan və Cənubi Qafqaz gürzəsi Milli Parkın sürünənlərini təşkil edir.

Aralıq dənizi və ya quru tısbağası nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş növ olduğu üçün “Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş və qanunamüvafiq olaraq mühafizə olunur.

Cənubi Qafqaz gürzəsi Milli Parkın ərazisində geniş yayılmış sürünən növlərdəndir. Tibb xammalı olan zəhərinə görə gürzə ilanları qiymətli sürünən növü hesab olunur.

Şirvan Milli Parkında 230 növ qeydə alınmışdır. Bu zənginlik Milli Parkın quşların miqrasiya yolunda yerləşməsi və ərazisində quşların yaşayışı üçün biotopların müxtəlifliyi ilə əlaqədardır.

Quşların miqrasiyası və qışlama dövründə göllərin və dənizin dayaz yerlərində əsasən yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, bizquyruq, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş, kəkilli ördək, dəniz dalğıcı, adi güləyənquşu və digər ördək növləri toplantılar əmələ gətirirlər.

Göstərilən biotoplarda iyrəncələrə, qutanlara, qarabattaqlara və qağayılara rast gəlinir. Göllərin ətrafındakı açıq bataqlıq sahələrdə, dənizsahili nəmli qumsallıqlar və laqunalarda çovdarçılar, bizdimdiklər və bekaslar toplantılar əmələ gətirir.

Qırmızıdöş qaz, boz, ağalın və ağqaş qazlar Milli Parkın bütün açıq su biotoplarında istirahət edir, yarımsəhraların dənli-efemer, yovşanlı-efemer və digər bitki formasiyaları ilə örtülü olan sahələrində qidalanırlar.

Böyük və Kiçik Çala (Qızılqaz) göllərinin 60-65%-ni təşkil edən qarğı və qamışlıqların əsas sakinləri su fərəsi, adi porzan, kiçik porzan, cırtdan porzan və qamışlıq fərələridir.

Yırtıcı quşlardan çay qaraquşu, ağquyruq dəniz qartalı, çöl sarı, adi sar, çöl qartalı, böyük qartalça, məzar qartalı, ütəlgi, və şahinə az miqdarda rast gəlinir. Oturaq növ olan turac Milli Parkın cənub-qərb və cənub-şərq hissəsində çox kiçik sahələrdə yayılmışdır.

Azərbaycan və dünya miqyasında təhlükədə olan quşlardan Milli Parkın ərazisində 34 növə rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın “Qırmızı Kitab”ına, 10-u ancaq “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”na, 10-u isə həm Azərbaycanın “Qırmızı Kitab”ına (1989), həm də “Beynəlxalq Təbiəti Mühafizə Cəmiyyətinin Siyahısı”na (2002) daxil edilmişdir.

Təbiət o zaman insanı valeh edir, ona estetik zövq verir ki, burada flora və fauna harmoniya təşkil edir. Şirvan Milli Parkının ərazisində də zəngin flora ilə yanaşı, əsrarəngiz fauna mövcuddur. Elə bu səbəbdən də burada hər tərəf gözəllik saçır.

Bu ərazinin təbii florasında 4 növ kol, 2 növ yarımkol, 4 növ kolsuqlar, 3 növ yarımkolsuqlar, otlardan isə 23 növ çoxillik, 6 növ ikillik və 40 növ birillik otlar olmaqla, 82 növ çiçəkli bitki növü var. Floristik tərkibdə 7 endem növlər, o cümlədən Azərbaycanın endemi 3 növ bakr cuzqunu, səhra acıqovuğu, Şovis yovşanı, Qafqazın endemi 4 növ steven qəvəni, Hirkan qəvəni, Qafqaz qarayoncası və yarımçılpaq, şeytanqanqalı yayılmışdır.

Floranın növ tərkibində ali sporlulara aid mamırlardan - barbülə və şibyələrdən daraqlı kollema rast gəlinir.

Milli Parklar həyatımızı qoruyur

Milli Parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir. Məlumata əsasən Azərbaycanda hazırda ölkə ərazisinin 4,87 % təşkil edən 10 milli park fəaliyyət göstərir.

Azərbaycan Respublikasında Milli Parkların yaradılması ilə bağlı ilk təşəbbüs Akademik Həsən Əliyev tərəfindən irəli sürülmüşdür. Ölkəmizdə ilk milli parklar 2003-cü ildə yaradılmışdır. Daha sonrakı dövrdə bu ənənə davam etdirilmiş və son olaraq, 2018-ci ilin sentyabrında Xəzər dənizinin sahilində 99 060 hektarlıq ərazidə Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında yeni milli park - Qızılağac Milli Parkı yaradılmışdır.

Hazırda Azərbaycanda 893 min hektar sahəni əhatə edən mühafizə olunan təbiət əraziləri fəaliyyət göstərir. Bunlardan 10 milli park, 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığıdır. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,31 %, ayrılıqda milli parklar ölkə ərazisinin 4,87 %, dövlət təbiət qoruqları 1,39 %, dövlət təbiət yasaqlıqları isə 4.05 %-ni təşkil edir. Bütün bunlar isə həyatımızı qoruyur-bizə sağlamlıq bəxş edir.

Yaşıl rəng: estetik zövqlə yanaşı, sağlamlıdır

Bəli, yaşıl rəng gözümüzü oxşadığı kimi, sağlamlığımıza da öz töhfəsini verir.

Dünyada demoqrafik artımla yanaşı, istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir. Yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir.

Elə bu səbəbdən də bütün dünya yaşıl rəng uğrunda mübarizəyə başlayıb.
Hazırda beynəlxalq aləmdə ətraf mühit komponentlərinin mühafizəsi, mövcud ekoloji problemlərin həllində mütərəqqi metodların tətbiqi həyata keçirilir. Bunu daha geniş şəkildə davam etdirməklə, yaşıl rəngi həyatımızın və sağlamlığımızın rənginə çevirə bilərik. Sevindirici haldır ki, bu, hazırda ölkəmizdə qarşıya qoyulan əsas prioritetdir. Noyabr ayında ölkəmizdə keçiriləcək COP29 beynəlxalq tədbir isə bu sahədə yeni istiqamətlər müəyyən edəcək.

Mətanət Məmmədova

Digər xəbərlər