Siyasət

  • 688

Azərbaycan, Türkiyə və Pakistan: üçtərəfli əməkdaşlıq platforması - TƏHLIL

image

Bu gün artıq Azərbaycan, Türkiyə və Pakistan bir-birinə yaxın dost və qardaş ölkələr kimi tarixə düşüb. Bu əlaqələrin mərkəzində dayanan isə xalqlarımızın bir-birinə sıx şəkildə bağlı olmaları. tarixi-dini köklər və qardaşlıq münasibətləridir. Tarixən möhkəm bağlılıqlar ölkələr arasında həqiqətən də qardaşlıq və dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərmişdir. Azərbaycan-Türkiyə-Pakistan münasibətləri və strateji tərəfdaşlıq bu gün də yüksələn xətlə inkişaf etməkdədir. Ölkələr qarşılıqlı etimada və dəstəyə əsaslanan münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyiblər və bu gün də belədir.

Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfəri çərçivəsində dövlət başçımız, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub. Qeyd edək ki, bu günə qədər üç ölkənin parlament sədrləri, xarici işlər nazirləri, müdafiə nazirlikləri səviyyəsində bir sıra görüşlər, tədbirlər və təlimlər keçirilib. Üçtərəfli əməkdaşlıq platformaları beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, yalnız sülh, təhlükəsizlik sabitlik və tərəqqini təşviq edir. Söhbət zamanı Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin üçtərəfli formatda Zirvə görüşünün ilk dəfə keçirildiyi vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olunub və bu görüşlərin bundan sonra mütəmadi xarakter daşıyacağına əminlik ifadə edilib. Azərbaycan, Pakistan və Türkiyə arasında parlamentlərin sədrləri, xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatların artıq mövcud olduğu və bu əsnada əvvəllər bir sıra görüşlərin keçirildiyi diqqətə çatdırılıb.

Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam şəkildə təmin etməsi bir daha vurğulanıb. Regiondan kənar ölkələrin Cənubi Qafqazda militarizasiya siyasəti aparmasından narahatlıq ifadə edilib.

TÜRKİYƏ PREZİDENTİNDƏN QARDAŞLIQ VƏ DOSTLUQ MESAJLARI

44 günlük Vətən müharibəsində qardaş Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək xüsusi vurğulanıb. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana dost ölkələr onun haqq səsinə səs verdilər. Azərbaycan dostu ilə düşmənini bir daha siyasi proseslərdə görmüş oldu. Hər zaman qardaş, dost ölkə olan Türkiyə və Pakistan 44 günlük müharibə dövründə Azərbaycanın yanında oldu, dostluq, birlik nümayiş etdirdi. "Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!", - söyləyən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdi. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi.

Vətən müharibəsində qələbəmizdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri qardaşlıq, dostluq mesajının daha bir təzahürüdür. Azərbaycan Prezident İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk".

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Şuşa Bəyannaməsində iki ölkənin siyasi, iqtisadi, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkanlarının və potensiallarının birləşdirilməsi, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında birgə səylərin davam etdirilməsi razılaşdırılıb. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir. Şuşa Bəyannaməsinin ən vacib tərəfləri iki dövlətin hərbi əlaqələrinin daha da inkişaf etdirilməsi və ölkələrin ərazi bütövlüyünə və suverenliyinə qarşı yarana biləcək təhlükəyə birgə müdafiəni nəzərdə tutan şərtləridir. Bu gün Azərbaycan-Türkiyə birliyi regiona yeni bir güc gətirib. Azərbaycan ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən təşkil olunan "Qardaş yumruğu" birgə təlimləri bir daha bütün dünyaya göstərir ki, bu birlik sarsılmaz və ədəbdidir. Azərbaycanın dövlət sərhədləri, ərazi bütövlüyü toxunulmazdır. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir.

QARŞILIQLI ETİMADIN TƏZAHÜRÜ

Pakistan da öz qardaş münasibətini əməli ilə ifadə etdi. Azərbaycanın suverenliyini ilk tanıyan ölkələrdən biri kimi Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyini müdafiə etdi.

Müasir dünyamızda dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişafı sahəsində məqsədlərə birgə nail olması əsas məsələlərdən biri olaraq diqqətdədir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Pakistan arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan, onunla diplomatik əlaqələr yaradan və Azərbaycanda səfirliyini açan ilk müsəlman dövlətlərindən biridir. Bakıda Pakistanın, İslamabada isə Azərbaycanın daimi nümayəndəliyi açılmışdır. Pakistan və Azərbaycan arasındakı əlaqələr siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələri əhatə edir. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq xalqlar arasında ənənəvi dostluq və qarşılıqlı etimadın təzahürüdür.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə, terrorçuluğuna, mülki insanlara qarşı hücümlarına Pakistan hər zaman mövqeyini bildirdi. Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini genosid kimi tanımışdır. Vətən müharibəsində Pakistan Senatı və Milli Assambleyası tərəfindən qətnamələr qəbul edildi. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır. Azərbaycan Prezidenti İlham Əliyev müharibənin ilk günlərindən Pakistanın ali rəhbərliyinin ərazi bütövlüyümüzün bərpasında Azərbaycana tam dəstəklərini ifadə etdiklərini bildirmişdir: "Bu, bizim əməkdaşlığımızın çox mühüm elementi və qardaşlıq əlaqələrimizin həqiqi nümayişidir. Pakistanın digər yüksək rütbəli rəsmiləri, parlament üzvləri və ictimai xadimlər Ermənistan ordusunun tam məğlubiyyəti və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük müharibə ərzində bizi dəstəklədilər".

Pakistan həmişə Azərbaycanın yanındadır və Azərbaycana qardaş və dost ölkədir və bu münasibət qarşılıqlıdır. Ermənistanın Azərbaycana qarşı təcavüz və təxribatları, günahsız insanlara qarşı hücumları Pakistan xalqı, dövləti tərəfindən daim pislənilmişdi. Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır. 27 sentyabrda ölkəmizdə Vətən müharibəsi başlayanda Pakistan xalqı Azərbaycana dəstək nümayiş etdirdi və bizim yanımızda olduqlarını nümayiş etdirdilər. Pakistan dövləti Azərbaycanın ədalətli mövqeyini bütün səviyyələrdə, o cümlədən beynəlxalq təşkilatlarda dəstəkləyib, ölkəmizə maddi və mənəvi dəstək olub. Təbii ki, bu münasibət dövlətlərimiz arasında əlaqələrin inkişafından, dostluq və səmimi qardaşlıq münasibətlərindən qaynaqlanır.

DOST ÖLKƏLƏRİN YENİ İSTİQAMƏTLƏRDƏ STRATEJİ TƏRƏFDAŞLIQ ƏLAQƏLƏRİ

44 günlük Vətən müharibəsində qardaş Türkiyə ilə birlikdə Pakistanın Azərbaycanın yanında olması Azərbaycan-Türkiyə-Pakistan qardaşlığını bütün dünyaya nümayiş etdirdi. İşğaldan azad olunan ərazilərdə Azərbaycanla yanaşı, Türkiyə və Pakistan bayraqlarının olması təəccüblü deyil. Görüşdə hər iki dövlətin Azərbaycan xalqı və dövləti tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub. Ölkələrimiz arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin, innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. İqtisadi-ticari əlaqələrin hazırda artan dinamikası müsbət hal kimi qeyd edilib, amma bunun ölkələrimizin potensialına tam şəkildə uyğunlaşdırılmasının vacibliyi vurğulanıb. Orta Dəhlizdə Pakistanın da iştirakı qeyd edilib və bunun ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin təşviqinə töhfə verəcəyi diqqətə çəkilib.

Görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq məsələlərinə də toxunulub, 2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə "Üç qardaş" şüarı altında keçirilən təlimlərin əhəmiyyəti vurğulanıb və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif edilib. Təklif məmnunluqla qəbul olunub. Müdafiə sənayesi sahəsində də üç ölkənin birgə istehsalının təşkil edilməsi məsələsi vurğulanıb. Qeyd edək ki, paytaxt Bakıda keçirilən Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş – 2021" beynəlxalq təlimi də bu dostluğunu təzahürü idi. Təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

Əlbəttə ki, Astanada liderlər səviyyəsində keçirilmiş bu görüş üç ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsi, eləcə də, üçtərəfli əməkdaşlıq platformasının daha da güclənməsində öz sözünü deyəcəkdir. Dost ölkələrin yeni istiqamətlərdə strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinə təkan olacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər