2026-cı il oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu, müstəqil xarici siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfərini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı çıxışında Azərbaycanın Asiya ilə Avropanın kəsişməsində yerləşən strateji mövqeyini xüsusi vurğulayaraq ölkəmizin Avrasiya məkanında mühüm birləşdirici mərkəzə çevrildiyini diqqətə çatdırdı. Azərbaycanın müxtəlif dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığı regional təhlükəsizliyin və qarşılıqlı etimadın möhkəmləndirilməsinə mühüm töhfə verir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə bərabərhüquqluluq, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq prinsiplərinə əsaslanan müstəqil siyasət həyata keçirir. Dövlətimizin başçısı, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin seçici yanaşma olmadan bütün dövlətlərə eyni qaydada tətbiq edilməsinin vacibliyini vurğuladı.
Prezident İlham Əliyev çıxışında Ermənistanın Azərbaycana qarşı uzun illər davam etmiş hərbi təcavüzünün nəticələrinə toxunaraq beynəlxalq təşkilatların bu məsələdə nümayiş etdirdiyi ikili standartları diqqətə çatdırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən dörd qətnaməsinin uzun müddət icra edilməməsi beynəlxalq hüququn tətbiqində mövcud olan ciddi problemlərin göstəricisi kimi qeyd edildi. ATƏT-in Minsk qrupunun fəaliyyəti də münaqişənin həllinə nail olmaq əvəzinə, onun uzanmasına şərait yaradan amillərdən biri kimi qiymətləndirildi. Dövlətimizin başçısı xatırlatdı ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizi işğal edilmiş, bir milyona yaxın azərbaycanlı öz doğma yurdlarından didərgin salınmışdır. İşğal dövründə şəhər və kəndlərimiz dağıdılmış, xalqımızın tarixi-mədəni irsinə, dini abidələrinə ciddi ziyan vurulmuşdur. Bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyətin münaqişənin ədalətli həlli istiqamətində təsirli addımlar atmaması Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək hüququnun həyata keçirilməsini zəruri etmişdir.
Prezident İlham Əliyev 2020-ci il Vətən müharibəsinin tarixi əhəmiyyətini xüsusi qeyd etdi. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu 300-dən çox şəhər və kəndi işğaldan azad etdi, Ermənistan isə 2020-ci il noyabrın 10-da kapitulyasiya xarakterli bəyanatı imzalamağa məcbur oldu. Bununla belə, Azərbaycanın suverenliyinin tam bərpası üçün qarşıda mühüm vəzifələr qalırdı. Ermənistanın sonrakı dövrdə davam etdirdiyi təxribatlar və hərbi təhlükələr 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərini zəruri etdi. Nəticədə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, ölkəmizin ərazisində separatizmə son qoyuldu. Dövlətimizin başçısı Azərbaycanın tarixi Qələbəsinin yalnız hərbi uğur deyil, həm də beynəlxalq hüququn və milli iradənin təntənəsi olduğunu vurğuladı. O bildirdi ki, Azərbaycan müharibədə qalib gəlsə də, xalqımıza uzun illər ərzində yaşadılan faciələrə görə qisasçılıq siyasəti yürütmədi, əksinə, Ermənistana sülh təklif etdi. Bu mövqe Azərbaycan xalqının yüksək mənəvi dəyərlərini, humanizmini və sülhə sadiqliyini nümayiş etdirir. Hazırda əsas vəzifə əldə olunmuş sülhü qorumaq, möhkəmləndirmək və regionda davamlı əməkdaşlıq mühiti yaratmaqdır.
Çıxışda beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən təsirli mexanizmlərin yaradılmasının vacibliyi də ön plana çəkildi. Prezident İlham Əliyevin fikirləri bir daha göstərdi ki, beynəlxalq hüququn selektiv tətbiqi, təcavüzkarın cəzasız qalması və ikili standartlar dünyada yeni münaqişələrin yaranmasına şərait yaradır. Buna görə də beynəlxalq təhlükəsizlik sistemi ədalət, qarşılıqlı hörmət və dövlətlərin suverenliyinə hörmət prinsipləri əsasında fəaliyyət göstərməlidir. Azərbaycanın AQEM-ə sədrliyi dövründə həyata keçirdiyi fəaliyyət də Prezidentin çıxışında mühüm yer tutdu. Ölkəmiz təşkilatın institusional və hüquqi imkanlarının gücləndirilməsinə, üzv dövlətlər arasında dialoqun genişləndirilməsinə, nəqliyyat, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın inkişafına xüsusi diqqət yetirmişdir. Bu təşəbbüslər Azərbaycanın beynəlxalq əməkdaşlığın dərinləşdirilməsinə və regional təhlükəsizliyin möhkəmləndirilməsinə verdiyi töhfənin bariz nümunəsidir.
Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın müstəqil xarici siyasət kursunun, milli maraqlara əsaslanan dövlətçilik strategiyasının və tarixi Zəfərinin beynəlxalq miqyasda təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxış bir daha təsdiqlədi ki, Azərbaycan öz suverenliyini qətiyyətlə qoruyan, beynəlxalq hüququ müdafiə edən və regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına töhfə verən güclü dövlətdir.
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri