Bu hadisə hər bir azərbaycanlı üçün böyük qürur və sevinc mənbəyidir. Çünki bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması uzun illər xalqımızın ürəyində yaşatdığı arzuların gerçəkləşməsi deməkdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərdi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu. 17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin azad edilməsi də bu qələbənin mühüm hadisələrindən biri oldu.
Mən hesab edirəm ki, Füzulidə bayrağımızın ucaldılması təkcə bir şəhərin azad olunmasını deyil, həm də dövlətimizin gücünü, xalqımızın birliyini və əzmkar iradəsini göstərir. Bu qələbə bizə bir daha sübut etdi ki, xalqımız öz torpaqlarına bağlıdır və Vətəninin azadlığı uğrunda hər cür çətinliyə sinə gərməyə hazırdır.
Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə göstərdiyi diqqət və qayğı bu gün də davam edir. Füzulidə yolların salınması, yeni infrastrukturun yaradılması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi burada aparılan quruculuq işlərinin real nümunələridir. Məqsəd bu torpaqlarda həyatın yenidən canlanması, insanların öz doğma yurdlarına qayıtması və gələcək nəsillərin burada rahat yaşamasıdır.Bu gün Füzulidə dalğalanan Azərbaycan bayrağı şəhidlərimizin bizə əmanət qoyduğu müqəddəs dəyərdir. Biz onların qəhrəmanlığını heç vaxt unutmamalı, qazilərimizə hörmətlə yanaşmalı və dövlətimizin inkişafı üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan bayrağı bizim müstəqilliyimizin, milli qürurumuzun və birliyimizin rəmzidir. Füzulidə ucaldılan bayraq xalqımızın iradəsinin və tarixi qələbəsinin canlı ifadəsidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Üçrəngli bayrağımız hər zaman yüksəklərdə dalğalansın!
Əmir Babayev
YAP Şərur rayon təşkilatının sədri