PDF Oxu

Siyasət

  • 467

17 Oktyabr – Füzuli şəhəri günü: Zəfərdən dirçəlişə uzanan yol

17 Oktyabr – Füzuli şəhəri günü: Zəfərdən dirçəlişə uzanan yol

Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən Füzulinin azadlığı xalqımızın Vətən sevgisinin, milli birliyinin və Müzəffər Ordumuzun qüdrətinin təcəssümüdür. 17 Oktyabr – Füzuli Şəhəri Günü ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin, tarixi ədalətin təntənəsinin və işğaldan azad edilmiş torpaqlarımızda başlayan böyük quruculuq prosesinin rəmzidir.
Füzuli rayonu Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşir. Rayonun ərazisi münbit torpaqları, əlverişli coğrafi mövqeyi və zəngin təbii imkanları ilə seçilir. Araz çayı boyunca uzanan əraziləri, kənd təsərrüfatı üçün əlverişli torpaqları və tarixi yaşayış məskənləri Füzulinin ölkəmizin iqtisadi və sosial həyatında mühüm yer tutmasını şərtləndirir. Uzun illər işğalın ağır nəticələri ilə üzləşən rayonun sakinləri doğma yurdlarına qayıtmaq, ata-baba torpaqlarında yenidən yaşamaq arzusunu heç vaxt itirməyiblər.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən rayonun bir sıra əraziləri işğal olunsa da, Füzuli şəhəri və rayonun bir hissəsi Azərbaycan Ordusunun nəzarətində qalmışdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda qətiyyətli mübarizəyə başladı. Oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi mühüm hərbi-strateji əhəmiyyət daşımaqla yanaşı, xalqımızın qələbə əzmini daha da gücləndirdi. Bu tarixi hadisə Azərbaycan dövlətinin gücünü, ordumuzun döyüş qabiliyyətini və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi.
Füzulinin inkişafı, eyni zamanda, Qarabağın digər şəhər və rayonları ilə iqtisadi əlaqələrin gücləndirilməsinə şərait yaradır. Yol-nəqliyyat şəbəkəsinin genişlənməsi bölgələr arasında əlaqələri asanlaşdırır, məhsul və xidmətlərin dövriyyəsini sürətləndirir, turizm və sahibkarlıq üçün yeni imkanlar formalaşdırır. Bu proses regionun vahid iqtisadi məkan kimi inkişafına töhfə verir.
Şəhərin gələcəyi gənc nəslin bilik və bacarıqlarından da asılıdır. Müasir məktəblərin, peşə təhsili müəssisələrinin və mədəniyyət ocaqlarının fəaliyyəti Füzulidə savadlı, təşəbbüskar və vətənpərvər gənclərin yetişməsinə xidmət edir. Doğma torpaqlarında təhsil alan və çalışan gənclər şəhərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaqlar.
17 Oktyabr – Füzuli Şəhəri Gününün təsis edilməsi azadlıq mübarizəsinin qəhrəmanlıq salnaməsinə verilən yüksək qiymətdir. Bu gün şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir, qazilərimizin fədakarlığını minnətdarlıqla xatırlayır və xalqımızın Zəfər qürurunu bir daha yaşayırıq. Füzulinin azadlığı yalnız bir şəhərin düşmən işğalından qurtuluşu deyil, həm də Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası istiqamətində atılmış tarixi addımlardan biridir.

Mahir Qurbanov
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər