PDF Oxu

Siyasət

  • 427

AĞDAMIN YENİDƏN DOĞULUŞU – ZƏFƏRİMİZİN QURUCULUQ SALNAMƏSİ

AĞDAMIN YENİDƏN DOĞULUŞU – ZƏFƏRİMİZİN QURUCULUQ SALNAMƏSİ

20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının tarixi yaddaşında qürur və iftixar hissi ilə qeyd olunan əlamətdar tarixlərdəndir. Bu gün xalqımız üçün yalnız işğaldan azad olunmuş bir şəhərin deyil, həm də milli iradənin, tarixi ədalətin və Böyük Qayıdışın təntənəsidir.
Uzun illər işğal altında qalan Ağdam erməni vandalizminin ən ağır nümunələrindən birinə çevrilmişdi. Bir zamanlar həyatın qaynadığı, mədəniyyətin və zəngin tarixi ənənələrin yaşadığı şəhər dağıdılmış, tarixi abidələri və yaşayış məkanları viran qoyulmuşdu. Lakin Azərbaycan xalqının torpaq sevgisi və dövlətimizin qətiyyətli siyasəti Ağdamın gələcəyini dəyişdi.
2020-ci il noyabrın 20-də Ağdamın azad olunması Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin mühüm səhifələrindən biri oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbə doğma torpaqlarımızın yenidən qurulması və sakinlərin öz yurdlarına qayıtması üçün yeni imkanlar yaratdı.
Bu gün Ağdamda həyata keçirilən quruculuq işləri dövlətimizin Qarabağın dirçəldilməsinə verdiyi böyük önəmin göstəricisidir. Yeni yaşayış məhəllələri, məktəblər, uşaq bağçaları, yollar, kommunikasiya xətləri, dəmir yolu və avtovağzal kompleksi şəhərin müasir inkişaf modelini formalaşdırır. Kəngərli kəndində sakinlərin doğma evlərinə qayıtması, sosial infrastrukturun istifadəyə verilməsi Böyük Qayıdışın artıq real həyat hadisəsinə çevrildiyini göstərir.
Ağdamın tarixi-mədəni irsinin bərpası da xüsusi əhəmiyyət daşıyır. İmarət Kompleksinin yenidən qurulması, Muğam Mərkəzinin açılması, tarixi abidələrin qorunması şəhərin milli-mənəvi simasının bərpasına xidmət edir. Eyni zamanda, turizm imkanlarının genişləndirilməsi Ağdamın gələcək iqtisadi inkişafına mühüm töhfə verəcək.
Prezident İlham Əliyevin 2026-cı il iyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrini ilə birlikdə Baş Qərvənd kəndində aparılan işlərlə tanış olması və yeni məktəbin təməlinin qoyulması Ağdamın inkişafının beynəlxalq səviyyədə də diqqət mərkəzində olduğunu nümayiş etdirdi.
Bu gün Ağdamın hər guşəsində yeni həyatın izləri görünür. Doğma torpağa qayıdan insanlar öz evlərində yeni səhifə açır, uşaqlar öz kənd və şəhərlərində təhsil alır, quruculuq işləri isə gələcək nəsillər üçün möhkəm inkişaf təməli yaradır.
Ağdamın dirçəlişi bir daha təsdiq edir ki, Azərbaycan xalqının Zəfəri yalnız hərbi qələbə ilə məhdudlaşmır. Bu, həm də dağıdılmış torpaqlarda həyatın yenidən qurulması, milli-mədəni dəyərlərin yaşadılması və tarixi yurd yerlərimizin öz sakinlərinə qovuşmasıdır.
20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə bütün xalqımızı, xüsusilə ağdamlıları təbrik edir, doğma yurda qayıdan sakinlərə firavanlıq və əmin-amanlıq arzulayıram.
Gülnarə Xudiyeva
YAP Qaradağ rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər