Əvvəlcə tədbir iştirakçıları Babək şəhərinin mərkəzində yerləşən Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Daha sonra tədbir Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının inzibati binasında davam etdirilib.
Tədbirin əvvəlində Ulu öndərin və ölkəmizin ərazi bütövlüyü, uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri İsa Məmmədov partiyanın yaranma tarixindən, keçdiyi 34 illik şərəfli inkişaf yolundan, ölkəmizin ictimai-siyasi həyatındakı mövqeyindən və dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki rolundan geniş bəhs edib.
İsa Məmmədov bildirib ki, 1992-ci il noyabrın 21-də Azərbaycanın mürəkkəb ictimai-siyasi şəraitində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası xalqın gələcəyə olan inamının və milli birliyə can atmasının siyasi ifadəsi kimi meydana çıxıb. Həmin dövrdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik, dərinləşən böhran və dövlət müstəqilliyimizin üzləşdiyi təhlükələr Azərbaycanın gələcək taleyi üçün ciddi narahatlıq doğururdu. Belə bir tarixi mərhələdə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın böyük etimadını qazanaraq ölkənin ictimai-siyasi həyatında mühüm qüvvəyə çevrilib.
İsa Məmmədov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətinə də toxunaraq qeyd edib ki, qurultayda qəbul olunan qərarlar və müəyyənləşdirilən vəzifələr partiyanın gələcək fəaliyyət istiqamətləri baxımından mühüm əhəmiyyət daşıyır. Yeni dövrün çağırışlarına uyğun olaraq təşkilati fəaliyyətin təkmilləşdirilməsi, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəallığının artırılması, gənclərlə işin gücləndirilməsi və ərazi partiya təşkilatlarının fəaliyyətinin daha səmərəli qurulması qarşıda duran əsas vəzifələrdəndir.
Sonra çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Nihal Məmmədov Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir siyasi tarixində tutduğu mövqedən, dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsindəki xidmətlərindən danışıb.
Nihal Məmmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan xalqının siyasi tarixində mühüm hadisə olmaqla yanaşı, ölkənin gələcək inkişaf istiqamətinin müəyyənləşməsində əhəmiyyətli rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi baxışları əsasında formalaşan partiya dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi və cəmiyyətin vahid məqsədlər ətrafında birləşməsi istiqamətində ardıcıl fəaliyyət göstərib.
Daha sonra Yeni Azərbaycan Partiyasının gənc üzvü Gülnarə Kərimova çıxış edərək partiyanın gənclərin ictimai-siyasi həyatda fəal iştirakına yaratdığı imkanlardan, gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasından və müasir Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrdən bəhs edib.
Gülnarə Kərimova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların liderlik keyfiyyətlərinin formalaşdırılması, ictimai təşəbbüslərinin dəstəklənməsi və dövlət idarəçiliyində fəal iştirakına şərait yaradılması gənc nəslin gələcəyə inamını daha da artırır.
Tədbirin davamında Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib. Yeni üzvlər təbrik olunaraq onlara gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulanıb.
Ardınca partiyanın ictimai-siyasi həyatında fəal iştirakına, təşkilatın fəaliyyətinə verdikləri töhfələrə bir neçə partiya üzvü “Təşəkkürnamə” ilə təltif olunub.
Sonra tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş, partiyanın yaranma tarixini, keçdiyi inkişaf yolunu və fəaliyyətinin mühüm mərhələlərini əks etdirən filmə baxıblar. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.