1992-ci ilin noyabrında Azərbaycanın siyasi həyatında mühüm bir hadisə baş verdi. Ölkənin mürəkkəb ictimai-siyasi vəziyyət yaşadığı, müstəqilliyin gələcəyinin ciddi suallar qarşısında qaldığı bir vaxtda Yeni Azərbaycan Partiyası yaradıldı. Bu təşəbbüs təsadüfi deyildi. Həmin dövrdə Azərbaycanın müxtəlif bölgələrindən olan ziyalılar və ictimaiyyət nümayəndələri ölkənin gələcəyindən narahatlıq keçirir, yaranmış böhrandan çıxış yolu axtarırdılar. Onlar hesab edirdilər ki, Azərbaycanın üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün xalqın etimad göstərdiyi, siyasi təcrübəsi və qətiyyətli mövqeyi olan bir liderin rəhbərliyi ilə yeni siyasi qüvvə formalaşmalıdır. Bu baxımdan, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması dövrün siyasi ehtiyacından doğan mühüm qərar idi. Yeni siyasi qüvvənin yaradılması təşəbbüsü Azərbaycanın taleyinə görə narahatlıq keçirən ziyalıların və ictimaiyyət nümayəndələrinin mövqeyindən qaynaqlandı. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalının «Səs» qəzetində dərc etdirdiyi «Azərbaycan Sizin sözünüzü gözləyir» adlı müraciət bu prosesin başlanğıcında mühüm rol oynadı. Müraciət müəllifləri Heydər Əliyevin rəhbərliyi ilə yeni siyasi partiyanın yaradılmasını təklif edərək ölkənin üzləşdiyi böhrandan çıxışda onun siyasi təcrübəsinə və liderlik keyfiyyətlərinə ehtiyac olduğunu bildirdilər. Oktyabrın 24-də Heydər Əliyevin «Yeni, müstəqil Azərbaycan uğrunda» adlı cavab məktubu bu təşəbbüsə müsbət münasibətin ifadəsi oldu. Ulu Öndər partiyanın yaradılmasına və ona rəhbərlik etmək təklifini qəbul etməklə ölkənin taleyi qarşısında məsuliyyəti öz üzərinə götürdü. Həmin dövrdə blokada şəraitində yaşayan Naxçıvanda həyata keçirdiyi siyasi fəaliyyət, muxtar respublikanın müdafiəsi və idarə olunması istiqamətində atdığı addımlar onun dövlətçilik təcrübəsini və qətiyyətini aydın göstərirdi.
Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi də həmin dövrün mürəkkəb siyasi reallıqları fonunda baş tutdu. Bakıda konfrans keçirməyə imkan verilmədiyindən hazırlıq işləri Naxçıvanda davam etdirildi. 1992-ci il noyabrın 21-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında keçirilən təsis konfransında Azərbaycanın müxtəlif bölgələrindən nümayəndələr iştirak etdilər. Heydər Əliyevin sədrliyi ilə keçirilən toplantıda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Proqram və Nizamnamə təsdiqləndi, Ulu Öndər yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Konfransda partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədr müavinləri də müəyyənləşdirildi. Dekabrın 18-də partiyanın Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması onun fəaliyyətinin hüquqi əsasını yaratdı. Sonrakı aylarda rayon təşkilatlarının formalaşdırılması, 1993-cü ilin fevralında Heydər Əliyevin Bakı şəhərində partiya fəalları ilə görüşü və apreldə «Yeni Azərbaycan» qəzetinin ilk sayının nəşri YAP-ın təşkilati baxımdan möhkəmlənməsinə xidmət etdi. YAP-ın yaranmasının siyasi əhəmiyyətini Azərbaycanın dövlətçilik tarixində baş verən sonrakı hadisələrdən ayrı təsəvvür etmək mümkün deyil. 1993-cü ilin iyununda ölkədə dərinləşən hakimiyyət böhranı, silahlı qarşıdurma və vətəndaş müharibəsi təhlükəsi müstəqil dövlətin mövcudluğunu ciddi risk altına salmışdı. Xalqın təkidli tələbi ilə iyunun 9-da Bakıya qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti oldu. Bundan sonra dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, ordu quruculuğu və iqtisadiyyatın bərpası istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə, ölkəyə xarici investisiyaların cəlb olunmasına və uzunmüddətli inkişaf strategiyasının formalaşmasına mühüm təkan verdi. Bu mərhələdə atılan addımlar müstəqil dövlətçiliyin möhkəm təməllərinin yaradılmasında Heydər Əliyevin siyasi iradəsinin və uzaqgörənliyinin həlledici rolunu göstərirdi.
Partiyanın sonrakı inkişaf mərhələləri onun siyasi sistemdəki mövqeyinin və təşkilati potensialının genişlənməsi ilə səciyyələnir. Heydər Əliyevin rəhbərliyi ilə formalaşan siyasi kursun davam etdirilməsi YAP-ın qurultaylarında qəbul edilən qərarlarda da öz əksini tapdı. 1999-cu il dekabrın 20–21-də keçirilən I Qurultayda Heydər Əliyev yenidən partiyanın Sədri seçildi. 2005-ci il martın 26-da keçirilən III Qurultayda İlham Əliyev YAP-ın Sədri seçildi və bununla partiyanın fəaliyyətində yeni mərhələ başlandı. Sonrakı illərdə təşkilati strukturun təkmilləşdirilməsi, siyasi fəaliyyətin dövrün tələblərinə uyğunlaşdırılması və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi diqqət mərkəzində saxlanıldı. 2021-ci il martın 5-də keçirilən VII Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edildi. Bu mərhələlər YAP-ın dəyişən ictimai-siyasi şəraitə uyğun fəaliyyət göstərdiyini və öz siyasi xəttini yeni çağırışlara uyğunlaşdırdığını nümayiş etdirir. Yeni Azərbaycan Partiyasının 34 illik tarixinin müasir mərhələsi 2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən VIII Qurultayda müzakirə olunan məsələlərdə də öz əksini tapdı. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaydakı çıxışında bu tədbirin ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay olduğunu vurğuladı. Dövlət başçısı YAP-ın müxalifət partiyası kimi yarandığını, artıq 30 ildən çoxdur hakimiyyətdə olduğunu və ölkənin inkişafında partiya fəallarının mühüm töhfə verdiyini bildirdi. Çıxışında 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis konfransına xüsusi tarixi qiymət verən Prezident İlham Əliyev həmin vaxt Heydər Əliyevin ətrafında birləşən insanların ölkənin taleyi ilə bağlı böyük məsuliyyət götürdüklərini qeyd etdi. O, 2020-ci il Vətən müharibəsində qazanılan Zəfərin və 2023-cü il sentyabrın 20-də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasının ölkəmizin tarixində xüsusi yer tutduğunu diqqətə çatdırdı. Beləliklə, VIII Qurultayda səsləndirilən fikirlər partiyanın yaranma tarixini Azərbaycanın keçdiyi dövlətçilik yolu və əldə etdiyi tarixi nailiyyətlərlə əlaqələndirdi.
VIII Qurultayda Prezident İlham Əliyevin diqqətə çatdırdığı əsas məsələlərdən biri də Azərbaycanın qarşıdakı dövr üçün strateji vəzifələri idi. Dövlət başçısı hərbi gücün artırılmasını, təhlükəsizlik tədbirlərinin gücləndirilməsini, ideoloji təhdidlərə qarşı mübarizəni və müstəqil xarici siyasətin davam etdirilməsini vacib istiqamətlər kimi müəyyənləşdirdi. Çıxışda təhsilin, bilik və savadlılığın, vətənpərvərliyin cəmiyyətin ideoloji təhlükəsizliyindəki roluna xüsusi diqqət ayrıldı. Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin davam etdirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətləndirilməsi, iqtisadi inkişafın və Azərbaycanın nəqliyyat imkanlarının genişləndirilməsi də qarşıda duran mühüm vəzifələr sırasında qeyd olundu. Prezidentin çıxışı bir daha göstərdi ki, əldə edilmiş nailiyyətlərin qorunması və yeni hədəflərə çatmaq üçün dövlət siyasətinin ardıcıllığı, cəmiyyətin birliyi və hər bir sahədə məsuliyyətli fəaliyyət vacibdir. Bu baxımdan, VIII Qurultayda müəyyənləşdirilən istiqamətlər YAP-ın gələcək fəaliyyətinin və ölkənin qarşısında duran strateji hədəflərin həyata keçirilməsində partiyanın üzərinə düşən məsuliyyətin əhəmiyyətini bir daha ortaya qoydu.
21 noyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü qeyd olunur. Bu tarixə nəzər saldıqda, 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış partiyanın fəaliyyətinin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik ənənələrinin qorunması ilə sıx bağlı olduğu aydın görünür. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasi xətt və VIII Qurultayda müəyyənləşdirilən istiqamətlər partiyanın qarşıdakı dövr üçün fəaliyyətinin əsas məzmununu təşkil edir. Yeni Azərbaycan Partiyasının 34 illik tarixi isə Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin, xalqın etimadına əsaslanan liderliyinin və Azərbaycan dövlətçiliyi qarşısında daşıdığı tarixi məsuliyyətin mühüm göstəricisidir. Bu əlamətdar gün münasibətilə Yeni Azərbaycan Partiyasının rəhbərliyini, bütün partiya üzvlərini və fəallarını 34-cü ildönümü münasibətilə ürəkdən təbrik edir, ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması naminə fəaliyyətlərində yeni uğurlar arzulayıram. Yeni Azərbaycan Partiyasına bundan sonra da xalqımızın etimadını doğrultmaq, Azərbaycanın tərəqqisinə və qarşıya qoyulan strateji hədəflərin reallaşmasına töhfə vermək yolunda müvəffəqiyyətlər diləyirəm. 34-cü ildönümünüz mübarək!
Kəmalə Məmmədova
YAP Göyçay rayon təşkilatının əməkdaşı