PDF Oxu

Siyasət

  • 404

Yeni Azərbaycan Partiyası – dünənin tarixi irsi, bu günün reallığı və gələcəyin siyasi ünvanı

Yeni Azərbaycan Partiyası – dünənin tarixi irsi, bu günün reallığı və gələcəyin siyasi ünvanı

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yol müasir Azərbaycanın ictimai-siyasi həyatının mühüm səhifələrindən birini təşkil edir. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edilən partiya ölkəmizin mürəkkəb siyasi şəraitində meydana çıxaraq dövlətçilik ideyaları, milli maraqlar və müstəqil Azərbaycanın gələcəyi ətrafında birləşən insanların siyasi təşkilatına çevrildi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının mahiyyətini ifadə edərək demişdir: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.
Bu fikirlər partiyanın yaranma tarixini, keçdiyi inkişaf yolunu və gələcək fəaliyyət istiqamətlərini özündə birləşdirən mühüm siyasi məna daşıyır. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mürəkkəb və məsuliyyətli dövrünə təsadüf edirdi. Həmin vaxt ölkədə hökm sürən siyasi böhran, idarəçilikdəki çətinliklər və torpaqlarımızın işğalı xalqın milli maraqları müdafiə edə biləcək siyasi iradəyə və liderə ehtiyacını artırmışdı. Belə bir şəraitdə Azərbaycanın tanınmış ziyalılarının Ümummilli Lider Heydər Əliyevə müraciəti və onun rəhbərliyi ilə partiyanın təsis edilməsi ölkənin siyasi tarixində yeni mərhələnin əsasını qoydu.
1992-ci il noyabrın 21-də keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının Proqramı və Nizamnaməsi qəbul edildi, Heydər Əliyev partiyanın sədri seçildi. Bu hadisə sonrakı illərdə Azərbaycanın ictimai-siyasi həyatında baş verən mühüm proseslərlə sıx bağlı oldu. 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə dövlət idarəçiliyinin möhkəmləndirilməsi və sabitliyin təmin olunması istiqamətində yeni mərhələnin başlanğıcı oldu.
Yeni Azərbaycan Partiyasının tarixi ilə Azərbaycanın müasir dövlətçilik tarixinin bir-birindən ayrılmaz olduğunu Prezident İlham Əliyev partiyanın VIII Qurultayında etdiyi çıxışında xüsusi vurğulamışdır. Dövlət başçısı “Bizim qələbələrimizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi” fikri ilə partiyanın yaranmasının sonrakı tarixi proseslər baxımından əhəmiyyətinə diqqət çəkmişdir. Bu yanaşma 1992-ci ildə Naxçıvanda başlanan siyasi prosesin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafı ilə əlaqəsini ifadə edir.
Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu, ərazi bütövlüyünün və suverenliyinin bərpası, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər ölkənin müasir tarixində mühüm hadisələr kimi yadda qalmışdır. Bu proseslərdə dövlətçilik ənənələrinin qorunması, milli həmrəyliyin və xalq-dövlət birliyinin əhəmiyyəti bir daha ön plana çıxmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın regional və beynəlxalq mövqeyində baş verən dəyişikliklər ölkənin yeni inkişaf mərhələsini müəyyənləşdirən amillərdəndir.
Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında partiyanın fəaliyyətində fəalların roluna da xüsusi diqqət yetirmişdir. “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var” fikri partiya üzvlərinin ictimai-siyasi proseslərdə iştirakının əhəmiyyətini ifadə edir.
Partiya fəallarının fəaliyyəti yalnız təşkilati tədbirlərdə iştirakla məhdudlaşmır. Bu fəaliyyət əhali ilə müntəzəm ünsiyyətin qurulmasını, vətəndaşların müraciət və təkliflərinin dinlənilməsini, ictimai təşəbbüslərin dəstəklənməsini, gənclərin ictimai həyata cəlb olunmasını və milli-mənəvi dəyərlərin təbliğini də əhatə edir. Xüsusilə müasir informasiya mühitində dövlətçilik tarixinin, tarixi həqiqətlərin və ölkəmizin keçdiyi inkişaf yolunun obyektiv şəkildə təqdim olunması mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan rayon və şəhər təşkilatlarının, ərazi partiya təşkilatlarının, eləcə də partiya fəallarının üzərinə düşən vəzifələr də diqqətəlayiqdir. Yerli təşkilatların fəaliyyəti partiya ilə cəmiyyət arasında əlaqələrin möhkəmləndirilməsinə, vətəndaşlarla birbaşa ünsiyyətin genişləndirilməsinə və ictimai məsələlərin diqqətdə saxlanılmasına xidmət edir. Partiya üzvlərinin fəallığı, təşəbbüskarlığı və məsuliyyətli mövqeyi təşkilati fəaliyyətin mühüm istiqamətlərindəndir.
Bu gün Yeni Azərbaycan Partiyasının tarixi irsindən danışarkən Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsiplərinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin davamlılığı məsələsi xüsusi yer tutur. Partiyanın VIII Qurultayı da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra keçirilən mühüm siyasi tədbir kimi diqqət çəkir. Yeni geosiyasi reallıqlar, ölkənin qarşısında dayanan inkişaf hədəfləri və müasir dövrün çağırışları partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
Ulu Öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” kəlamı bu gün də partiyanın yaranma tarixini, siyasi irsini və gələcək perspektivlərini xarakterizə edən fikirlərdən biri kimi səslənir. Bu tarixi irsin qorunması, dövlətçilik ənənələrinin öyrənilməsi və gənc nəslə çatdırılması isə cəmiyyətin siyasi və ictimai həyatında mühüm yer tutur.
Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədri

Digər xəbərlər