Siyasət

  • 16 901

Yaqut Qarayeva: Modul tipli xəstəxananın əhəmiyyəti çox böyükdür

image

COVID-19 pandemiyası ilə əlaqədar narahatlıq və həyəcan tükənmək bilmir. Pandemiya davam etdikcə narahatlıq doğuran suallar da bitib-tükənmir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayevanın dedikləri də elə bu narahatlıqdan doğan məsələlərdir: “Bu ilin sonuna qədərmi, ya gələn ilin sonuna qədər bu prosesi yaşamağa məcburuq – bu, hələ heç kəsə məlum deyil. İnfeksion xəstəliklərlə mübarizədə ən güclü silah spesifik profilaktika adlandırdığımız peyvənddir.

Peyvənd olmadığı təqdirdə infeksiya üzərində qələbədən danışmaq mümkün deyil. Belə versiyalar da var ki, virus mutasiya olunacaq və öz-özünə məhv olacaq - əlbəttə, bunlar hamısı nəzəriyyədir. Lakin bunun əksi də ola bilər. Bununla birlikdə belə bir nəzəriyyə də var ki, virus mutasiya nəticəsində daha ağır xəstəliklərə də səbəb ola bilər. Ona görə də bunları nəzərə alaraq sonrakı həyat tərzini çox məsuliyyətlə seçməliyik. Epidemioloji vəziyyətlərdən asılı olaraq ölkəmizdə narıncı və sarı bölgələrdə rejimlər dəyişə bilər. Məsələn, narıncı bölgədə vəziyyətin nəzarət altında olduğunu görsək, orda yumşaltmaya getmək olar. Orda kafelər, parklar açıla, məhdudiyyətlər aradan götürülə bilər. Yaxud əksinə, hansısa bölgədə lokal olaraq birdən-birə epidemiyanın alovlanması baş verərsə, lokal olaraq orada da məhdudiyyətlər gücləndirilə bilər”.O, yeni istifadə verilən modul tipli xəstəxananı yüksək qiymətləndirərək deyib: “Modul tipli xəstəxanaların əhəmiyyəti çox böyükdür. Əvvəla, indi bir çox müalicə müəssisələri pandemiya xəstəxanaları elan edilib və infeksiyaya yoluxan xəstələr orada yerləşdirilirlər. Lakin həmin xəstəxanalar geniş profilli xəstəxanalar olduğuna görə orada somatik xəstəliklər də müalicə olunmalıdır. Modul tipli xəstəxanalar bu sahədə çox böyük köməkdir və artıq bu sahəyə aid olan çarpayı yükündən istifadə etmək imkanı var. Digər tərəfdən modul tipli xəstəxanalar tikiləndə infeksion xəstəliklər üçün çox vacib olan mənfi təzyiq dediyimiz havalandırma sistemi olan palataların inşa olunması çox müsbət bir haldır. Yəni xəstələri ayırıb daha yaxşı və uyğun şəraitdə müalicə etmək imkanı olacaq. Biz karantindən çıxmağa çalışırıq, lakin nəzərə almaq lazımdır ki, xəstələrin sayı artdıqca çarpayı sayı da artır. Ona görə də belə bir xəstəxananın olması çox yaxşıdır”.“Modul tipli xəstəxanalar təkcə Bakıda deyil, bölgələrdə də istifadəyə veriləcək. Məsələn, indi daha çox Gəncədə bu tipli xəstəxananın inşaasının başa çatmasını gözləyirik”, - deyə Y.Qarayeva bildirib.

yap.org.az

Digər xəbərlər