Sevinc Hüseynova: Azərbaycan və Türkiyə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Aprelin 1-dən etibarən Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizadan azad şəkildə səyahət etmək imkanına malikdir. Eyni zamanda qardaş Türkiyə vətəndaşları da eyni imkana malik olacaq. Bu, hər iki ölkə vətəndaşlarının çoxdan arzuladığı bir andır və ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət”, Prezident İlham Əliyevin “Türkiyə bizim üçün təkcə dost və tərəfdaş yox, qardaş ölkədir” fikrini bir daha təsdiqləyən addımdır”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu addım iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə, münasibətlərin daha da yaxınlaşacağına əsas verir. Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında tarixi dostluq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün daim çoxşaxəli tədbirlər həyata keçirilir. Xalqımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və digər bir çox qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli gündə də, kədərli gündə də bir-birlərinin yanında olublar. Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin məntiqli nəticəsi olaraq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra isə iki qardaş ölkə arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub və yeni əməkdaşlıq formatı yaranıb: “Bu yeni mərhələdə yeni hədəflər müəyyənləşib ki, vizadan azad olunma da yeni hədəflərə nail olmağa imkan yaradacaq. İndiyə qədər Azərbaycanla Türkiyə arasında bütün sahələr üzrə çoxsaylı sazişlər imzalanıb və bu protokolun qüvvəyə minməsi həmin sazişlərin həyata keçirilməsinə və qarşıda duran məqsədlərin dolğun şəkildə reallaşmasına imkan verəcək. Bu, həm Türkiyə və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformalarında mövcud olan yüksək səviyyəli əməkdaşlığın daha da səmərəli qurulmasına imkan yaradacaq, həm də artıq reallaşmış, ələlxüsus Bakı-Tbilisi-Qars dəmir yolunun, TANAP layihəsinin daha səmərəli istifadə olunmasına imkan yaradacaq, ticarət dövriyyəsini artıracaq, orta və kiçik sahibkarlığın inkişafına təkan verəcək, Bakını logistik mərkəzə çevirəcək və azad edilmiş ərazilərimizdə bərpa işlərində Türk şirkətlərinin fəaliyyətinin təşkilinə böyük imkanlar açacaq, həmçinin Naxçıvan dəhlizi üzrə işlərin qurumlasına böyük təkan verəcək.
Bu addım bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsinə də böyük töhfə verməklə yanaşı türkdili ölkələr arasında da dostluq münasibətlərinin, əməkdaşlığın səmərəliliyini artıracaq. Vizadan azad olunma eyni zamanda iki ölkə arasında turizm sahəsinin potensialından daha geniş istifadə etmək və bu sahəni inkişaf etdirmək imkanı verəcək, qarşılıqlı turist axını artacaq. Ümumilikdə, bu addım xalqlarımız arasında əlaqələrin daha da inkişafına böyük təkan verəcək, hər iki ölkə vətəndaşları bu addımdan böyük fayda görəcək”.

yap.org.az