Sosial

  • 4 235

“Qadın sürücüləri yolda sıxışdırırlar” -MÜSAHİBƏ

image

Bu müsahibəni bir neçə gündür almışdım, vaxt darlığından audionu yazıya çevirə bilmirdim. Bu səhər işə gələndə motosikletli bir xanımın Azneft dairəsində yaşadığı çətinliyi görəndən sonra redaksiyaya gəlib dərhal müsahibəni çapa hazırladım. Dairədəki tıxacda qalan qadın motosikletçi hər tərəfdən mühasirəyə alınmışdı. Siqnallayan kim, öz avtomobilindən söz atan kim. Kişilər qadını açıq-aşkar narahat edirdilər, qadın vəziyyətdən çıxmaq üçün sağ zolağa keçməyə çalışırdı, kişi sürücülər imkan vermirdilər. Polisin yolu nizamlamasından sonra motosikletçi qadın tıxacdan çıxa və maşınların arasından şütüyüb keçə bildi.

Qadın sürücülər kiminə görə yolların qənimi, qəzaların səbəbkarı, kiminə görə isə kişilərdən daha ehtiyatlı və peşəkardır. Amma mütəxəssislər deyir ki, sürücülük dərsi alan qadın sürücülər əks-cinslə müqayisədə daha diqqətlidirlər, daha az qəza törədirlər. Təcrübə, müşahidə, həmçinin statistika da göstərir ki, qadın sürücülər kişilərə nisbətən daha az qayda pozuntusu edirlər.

Qadın sürücülər sürət həddini keçmirlər, araşdırmalar həm də onu deyir ki, qadınların törətdiyi qəzaların 82 %-i əks-cinsin nümayəndələrinin xanım sürücüləri yolda “sıxışdırmaları” səbəbindən baş verir. Belə ki, yollarda qadın sürücü görən kişi sürücülər – daha çox gənc nəslin nümayəndələri – qadının avtomobilini sıxışdırır, arxadan və öndən süni tıxac yaradır, idarəetməsinə maneə törədirlər.

Amma statistik rəqəmlər göstərir ki, qadın sürücülər kişilərə nisbətən daha çox siqnal verir. Qadınların səbəb olduğu qəzalarda daha çox yaşı 45 yaşdan yuxarı olan xanım sürücülər günahkar olur. Maraqlı bir fakt da var ki, bir çox kişi sürücüdən fərqli olaraq qadın sürücülər qəza törədəndə qaçmırlar, zərər verdikləri, yaraladıqları piyadaya kömək edirlər. Təhlükəsizlik kəmərini daha çox qadın sürücülər istifadə edir.

Bu gün ölkəmizdə də kifayət qədər çox qadın sürücü var, Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara görə, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2022-ci ildə 11,8 faizədək artıb.

Qadınların əksəriyyəti üçün işdən, ailədən, uşaqlardan artan boş zamanında dərs oxuyaraq, test həll edərək sürücülük vəsiqəsi ala bilmək üçün var gücü ilə çalışır. Şəxsi müşahidələrimə əsasən də deyə bilərəm ki, sürücülük imtahanlarına girən qadınların sayı günü-gündən artır. Vəsiqə ala bilmək üçün 4 ay əziyyət çəkdiyini deyən həmsöhbətim Lamiyə Şahgəldiyeva da onlardan biridir.

-Neçə ildir avtomobil idarə edirsiniz?

-18 yaşımdan. Atam təlim müəllimidir deyə çox rahatlıqla öyrənmişəm. İndi 25 yaşım var, 6 ildən çoxdur ki, sürücülük vəsiqəsi almışam və sərbəst idarə edirəm.

-Sürücülük vəsiqəsini neçənci imtahanla aldınız?

-3-cü nəzəri imtahandan keçdim. Birinci dəfə imtahanda həyəcanım çox oldu, kəsildim. İkincidə tələskənlik etdim, bildiyim suallar idi, amma yaxşı düşünmədən seçdim variantı. Amma 3-cü imtahanda 7-ci dəqiqədə yaşıl ekranı yandırdım.

-Bəs praktiki imtahan?

-Nəzəri imtahandan keçdiyim gün keçə bilmədim praktiki imtahandan, çünki sevincdən əlim-ayağım tutmurdu. Əslində, mən təlimlə yaxşı öyrənmişdim sürücülüyü, sadəcə, dediyim kimi, sevincli idim deyə diqqətsizlik etdim, dönmə işıqlarını qoşmadan çıxdım yola, inspektor irad tutdu haqlı olaraq. Amma 2 həftə sonra təkrar imtahan verdim və keçdim. Cəmi yarım saata vəsiqəmi aldım.

-Nə qədər rüsum ödədiniz ümumilikdə?

-3 nəzəri, 2 praktiki imtahanda olmuşam. Mən imtahan verən il rüsumlar indikindən az idi, ilk imtahan 20, sonrakılar 10 manat idi. İndi müvafiq olaraq 40 və 20 manat olub. Praktiki imtahanın ilki ödənişsiz olur, çünki eyni gün nəzəri üçün rüsum ödəyirik. Ümumilikdə 50 manat rüsum ödədim imtahanlara. Vəsiqənin rüsumu isə 30 manatdır. Cəmi 80 manat.

-Paytaxt yollarından hamı şikayətlənir, deyirlər çətindir avtomobil idarə etmək. Sizcə də belədir?

-Əslində, Bakıda maşın sürmək çətindir. Həm yollarda bashabas olur, həm mane olan çoxdur, həm də qaydalara əməl etməyənlər. Mən həmişə qaydalara əməl edərək sürürəm, amma qarşı tərəf əməl etməyəndə qəzalı vəziyyət olur. Tutaq ki, mən arxayınam ki, yol mənimdir, amma biri ikinci dərəcəli yoldan çıxıb qəfil önümə keçir, yol verməyəndə qəza vəziyyəti olur, yol verəndə isə qayda pozuntusu. Əgər hamı qaydalarla sürsə, heç vaxt qəza olmaz. Kişilər çox kobuddur yolda, yol verən çox azdır. Mən demirəm ki, qadınam deyə yol verməlidirlər, sadəcə, mən yolda üstün mövqedə olanda mane olmasınlar.

- Bəs deyirlər kişi sürücülər yollarda qadın sürücülərə hörmət edir?

-Yox, kim deyirsə yalan deyir. Çox azdır hörmət edən. Çoxu nəinki hörmət etmək, əksinə, mane olur. Elə vaxt olur sağımdan da, solumdan da sıxışdırırlar, siqnal verirlər, fit çalırlar, musiqinin səsini yüksəldirlər, hamısı da diqqətini dağıdır adamın, indi sən gəl belə vəziyyətdə qəza eləmə. Yolda pəncərənin şüşəsini aşağı etmirəm buna görə. Mənim yoldaşım da maşın idarə edir, yanında olanda dəfələrlə görmüşəm, qadın sürücülərə çox hörmət edir, sıxışdıran olanda imkan vermir. Deyir ki, mən onları yolda görəndə səni düşünürəm, fikirləşirəm ki, o maşındakı sən də ola bilərsən. Amma bütün kişilər belə deyil, qadın sürücünü qəza vəziyyətinə salan kişi sürücülər çoxdur.

-Heç olmayıb ki, kişi sürücülərdən kömək istəyəsiniz?

-Olub əlbəttə. Yaşlı taksi sürücüləri park zamanı çox kömək edib mənə. Bilirsiniz ki, Bakıda park etmək çətindir, hər yerə girmək olmur, tapdığın boş yerə də gərək maşını elə qoyasan ki, mane olmayasan heç kimə. Yeni sürəndə bəzən çətinlik çəkdiyimi görəndə taksi sürücüləri kömək edirdilər, daha yaxşı park edirdim.

- Nə vaxtsa yol polisi sizi qayda pozuntusuna görə saxlayıb?

-6 ildə cəmi 3 dəfə polis saxlayıb məni, 1-ci dəfə çox təəccübləndim ki, axı qayda pozmadım, niyə saxladı. Yaxınlaşdı, özünü təqdim etdi və mənə gül verdi. Onda xatırladım ki, axı bu gün 8 Martdır. Çox xoş oldu yol polisinin bu jesti. Qaydalara maksimum diqqət edirəm, çünki atam mənə yaxşı təlim keçib. Bütün yol hərəkəti qaydalarını əzbər bilirəm, Əziz Talıbovun kitabı daimi yanımdadır, bəzən nəyisə unudanda tez baxıram. Heç vaxt telefona sükan arxasında olanda cavab vermirəm, qətiyyən kəməri bağlamadan yola çıxmıram. Atam həmişə deyir ki, sükan arxasında telefonla danışmaq qəza üçün şərait yaratmağın birinci addımıdır. Mən iki yaxın qohumumu avtomobil qəzasında itirmişəm, ikisi də səhlənkarlığın qurbanı olub, biri sükan arxasında telefonla danışanda, digəri də təhlükəsizlik kəmərini taxmadığı üçün həlak olub. Ona görə bütün qaydalara əməl etməyə çalışıram və bu günə kimi qayda pozuntusu eləməmişəm.

-Bəs digər 2 hal? Qayda pozmadan niyə saxlamışdı polis?

- Hamiləlikdə təhlükəsizlik kəmərini taxa bilmirdim, qarnımı sıxırdı, 8 ayımadək tək idarə edirdim maşını. Yol hərəkəti haqqında qanunlara görə hamilə qadın kəməri taxmaya bilər. Keçən il evdən çıxıb yaxınlıqdakı marketə gedənədək bağlamadım kəməri, yol polisi gördü, dayandırdı, irad tutdu, amma qarnımı görəndə gülümsəyib buraxdı. O gündən sonra sürmədim, bir də qızım dünyaya gələndən sonra sürdüm. Bir dəfə də neçə il əvvəl idi, ağ köynək geyinmişdim, kəməri bağladım, yolda dayandırdı polis, sən demə, elə köynəklər çıxıbmış ki, üstündə qara zolaq var, sürücü kəməri bağlamasa da, elə görünür ki, kəmər bağlıdır. Polis də elə bilib o köynəkdən geyinmişəm. Gördü ki, kəməri həqiqətən bağlamışam, buraxdı.

-Qaydaları yaxşı bilirsinizsə, qəza da törətməmisiniz deməli...

-Yox, şükürlər olsun ki, olmayıb elə hal. Bir şeyi deyim ki, bəzən qaydaları yaxşı bilməyimiz də qəzadan sığortalamır bizi. Çünki qayda bilməyən sürücülər də çoxdur yollarda. Bəzən etinasızlıqdan, bəzən bilməməzlikdən olur qəzalar. Məsələn, bir dəfə qabaqdakı maşın arxa-arxaya gələrək maşınımı yüngül zədələdi. Tıxacda idik, məndən öncəki avtomobilin sürətlər qutusu mexaniki idi, tıxac da yoxuş yerdə idi, sürücü diqqətsiz olub, bir də gördüm maşın arxaya doğru gəlir, mənim arxamda da maşınlar var idi, geri çəkməyə yer yoxdur, ona görə maşınımın qabaq hissəsi zədələndi. Belə hallarda ara məsafəsi vacibdir, mən qabaqdakı maşınla aramdakı məsafəni qoruyuram, amma bir də görürsən bir “ağıllı” çıxır, gəlib ora girir. Maşınımı zədələyən də elə sürücülərdən biri idi.

-Qadın sürücülərə nə məsləhət görürsünüz, yolda rahat gedə bilmək üçün neyləmək lazımdır?

-Əgər Bakıda sürürlərsə, ilk vaxtlar çətin olacaq, amma diqqətli olanda çətinlik çox gözə dəymir. Yeni sürəndə mümkün qədər çoxzolaqlı yollardan uzaq olsunlar, dolayı yollarla hərəkət etsinlər. İndi naviqasiya proqramları var, onun vasitəsi ilə istənilən yerə rahat getmək olur, lap şəhəri tanımayan sürücü də olsa azmaz. Sürət həddini heç vaxt keçməsinlər, tələssələr də qanunun tələb etdiyi qaydalara əməl etsinlər. Mənzil başına 5 dəqiqə gec çatmaqla bir şey olmaz, amma qəzadan sağ çıxmamaq ehtimalı da var, sükan arxasında olanda bunu düşünsünlər. Bəzən deyirlər qayda ilə sürmək yolda tıxac yaradır. Razı deyiləm. Hamı qaydalara riayət etsə, yollarda bu qədər insan ölməz. Qanun əməl etmək üçün yazılır.

Lalə Mehralı

Digər xəbərlər