Milli Park, yoxsa Biznes Park?
Əhvalat vaqe olur iki min iyirmi üçüncü il iyun ayının iyirmi birində Xaçmaz rayonunda. Burada keçiriləcək bir tədbirə - Hüquqi və Demokratik İslahatlar Mərkəzinin insan alverinə qarşı mübarizə layihəsi çərçivəsində keçirilən dəyirmi masaya sosioloq ekspert kimi dəvət olunmuşam. Maraqlı müzakirələr getdi. Tədbirdən sonra nahar eləmək üçün təbiət qoynunda yer axtarırdıq. Xaçmazlı dostumuz Nəsir həkim təklif etdi ki, bu yaxında bir maraqlı yer var meşənin içində, gedək orada necə deyərlər, “bir kısmat çörək” yeyək.

Nə isə yol aldıq rayonun şimal hissəsinə - Samur-Yalama Milli Parkına. Həqiqətən də, böyük meşəlik və təbii gözəllik. Yolda Şollar suyunun mənbəyindən buz kimi sərin su da götürdük və gəlib çatdıq deyilən məkana - Tel restoranına. Demək, Milli Parkın içində fəaliyyət göstərən restoran 2 kiçik tikili və 10-a yaxın taxta stoldan ibarətdir. Özümüzlə bir qədər ət, tərəvəz, qarpız filan da götürmüşdük. Onları restoran işçilərinə verdik ki, kabab eləsinlər haqqını da ödəyək.

Nə isə, öz gətirdiyimiz məhsuldan bir neçə şiş kabab çəkmək üçün bizdən 20 manat aldılar. Əlavə də, restorandan bəzi şeylər - çay, meyvə-filan aldıq və pulunu da ödədik. Yeməyimizi yeyib bir qədər meşənin gözəlliyindən feyziyab olduqdan sonra qalxdıq. Arxamızca gələn ofisiant dedi ki, müəllim, bəs bizim pulumuzu ödəməməsiniz. Nə pulu? Sən demə, oturduğumuz bərbad taxta stol-stula görə də əlavə 20 manat pul ödəməliyik. Bu pulu da ödədik. Məlum olduğu kimi, aldığımız ərzağa cəmi 30 manat vermişik, burada oturub onu yemək üçün 40 manat ödəmişik. Yəni, dünyanın heç yerində belə biabırçılıq görünməyib.

Buradan çıxışa tərəf gedəndə gözümə ağaca vurulmuş bir elan sataşdı - “Milli Parka giriş ödənişlidir”. (Fotoya bax- E.B) Yəni, bir vətəndaş ağaclara baxmaq üçün kiməsə pul ödəməlidir. Bu nə biabırçılıqdır?
Milli Park ümumxalq mülkiyyətidir. Burada, sadəcə, meşəyə baxmaq üçün bu meşənin sahibi olan vətəndaşlardan pul almaq nə deməkdir?

Xüsusən də, Milli Parkda. Ağzında Milli Park deyirsən ey, a kişi, Milli Park. Bura xalqın sərvətidir, Allahın insanlara bəxş etdiyi nemətdir. Bu meşələr bütün vətəndaşların ortaq mülkiyyətidir, yəni mənimdir, bizimdir. Sən kimsən ki, mənim meşəmdə məndən pul alırsan öz meşəmə baxdığım üçün?

Milli Parkda diqqətimizi daha bir məqam çəkdi. Belə restoranların səs-küyü ucbatından didərgin düşmüş heyvanların yerinə onların maketi düzülüb. Ağacların dibində dovşan, dələ, tısbağa, tülkü maketləri qoyulub. Milli Parkın girişində meşədə yaşayan heyvanlar haqda məlumat verilib (fotoya bax-E.B), amma onların heç birinə burada rast gələ bilməzsən. İstəsən heyvan maketi ilə şəkil çəkdirə bilərsən.

Sözüm ondadır ki, xalqın ümumi sərvəti olan meşələrə, çaylara, göllərə baxmağa görə vətəndaşdan pul alınması dünyada analoqu olmayan rüsvayçılıqdır və adamın öz malını özünə satmağa bənzəyir. Bu biabırçılığa son qoyulmalıdır. Yalnız bu məkanlarda göstərilən hansısa xidmətə görə haqq alına bilər.
Qeyd edək ki, Samur-Yalama Milli Parkı 2012-ci ildə yaradılıb. Sahəsi 118 kv km-dir. Xaçmaz rayonunun şimal hissəsini əhatə edir.

Azərbaycanda 10 Milli Park yaradılıb- Zəngəzur Milli Parkı, Şirvan Milli Parkı, Ağgöl Milli Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahdağ Milli Parkı, Göygöl Milli Parkı, Samur-Yalama Milli Parkı və Qızılağac Milli Parkı. Milli parklar ölkə ərazisinin 5 faizə yaxın hissəsini təşkil edir.
İndi müvafiq orqanlar məsələyə aydınlıq gətirməlidirlər - Milli Parklara giriş niyə pullu olmalıdır? Yəni, vətəndaş öz meşəsinə baxmaq üçün niyə pul ödəməlidir? Cavabı dərc etməyə hazırıq.

Elçin Bayramlı
Fotolar müəllifindir
Normadan azad olmağın vaxtıdır...