Bir jurnalist kimi hər zaman bəzi “jurnalist həmkarlarıma” və onların yaratdıqları “müstəqil media”ya görə xəcalət çəkmişəm. Özlərini nalayiq aparmalarına, kənardan gülünc hədəfinə çevrilmələrinə, “dilənçi” davranışlarına, nahar vaxtı özlərini harasa yıxmalarına, rayona bir iş dalınca gəlib on obyektə baş çəkmələrinə, hər birindən də pay almadan geri qayıtmamalarına, onların arxasınca danışılanları öz qulağımla eşitdiyimə görə hər zaman xəcalət çəkmişəm. Ona görə xəcalət çəkmişəm ki, hamı deyib ki, bunlar jurnalistdirlər. Və biz də jurnalist olduğumuz üçün yəqin fərz ediblər ki, elə bunların hamısı belədir. Əslində isə əsla belə deyil.
Küçənin ortasında, otağın bir küncündə, bəzən elə telefondaca yaranan və küçə formatından, otaq çərçivəsindən, telefon ölçüsündən çıxa bilməyən, elə bütün bunlara görə də təbii ki, “Media haqqında” qanuna əsasən reyestrdən keçə bilməyib əvvəlkindən də miskin vəziyyətə düşən, səsləri məhkəmələrdən gələn bu “media nümunələri” və onların özlərini müstəqil media nümayəndələri adlandıran “əməkdaşları”, bizim bəzi “həmkarlarımız” haqqında söhbət açmağın yerinə düşdüyünü fikirləşirəm. Bu barədə danışaq...
Zərdabinin aynasına ləkə olanlar
Həsən bəy Zərdabi min bir əziyyətlə mətbuatın təməlini qoyanda, bunun üçün dövrünün burjua ünsürlərinin təqiblərinə məruz qalanda, təhdidlərlə üzləşəndə yenə də mübarizədən əl çəkmirdi. Ona görə belə edirdi ki, milli mətbuatı yarada bilsin və sonda buna nail oldu. Və görmək istədiyi mətbuat üçün bu fikirləri söyləyib getdi ki, hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, həm də düzü düz, əyrini əyri yazsın.
Lakin o vaxt-bu vaxt mətbuatımız heç də Zərdabinin aynasına ləkə olanlardan xali olmadı. Bütün dövrlərdə istər televiziyalarda, radiolarda, istərsə də qəzet redaksiyalarında olan yamaq jurnalistlər bu aynaya öz əqidə ləkələrini salmaqla məşğul oldular. Jurnalistikanı öz alətlərinə çevirənlər, onun asan qazanc yolu olduğunu düşünənlər, insanları “jurnalist” adı altında qorxu, vahimə içərisində saxlamağa çalışanlar, qələmi təhdid vasitəsi olaraq seçənlər daraşdı milli mətbuatın canına. Özlərini filan media təmsilçisi olaraq təqdim etməklə, bunu təsdiq etmək üçün saxta jurnalist vəsiqələrindən istifadə ilə keçdilər “ayna” qarşısına, lakin bu aynada əyri düzü ötdü, keçdi, qalan isə qara ləkə oldu.
Regionlar hazırki “müstəqil media” nın sələflərinin (sözsüz ki, o sələflərdən bu günə kimi qalanlar, formatını dəyişənlər də var) asan qazanc yerinə çevrilmişdi. Çünki icra başçıları əsla istəməzdilər ki, rəhbərlik etdikləri rayon və şəhərlərin adı ölkə mətbuatında hallansın. Baxmayaraq ki, həmin “müstəqil media” nümunələrinin rayonlarda heç adını da eşitməmişdilər, lakin yenə də icra başçıları rayonun adına xələf gəlməməsi naminə bütün qapıları onların üzünə açırdı. Yanlarına icra hakimiyyətindən bir nümayəndə də ayırırdı ki, gün ərzində onları istədikləri yerə aparsın. Rayonda olduqları müddətdə hərtərəfli təminatları üçün şərait yaratsın və “yola” salsın. Bu nüansı yaxalayan həmin müstəqil media təmsilçiləri isə üz tutmuşdular rayonlara. Özləri üçün cədvəl tərtib etmişdilər ki, hansı ay hansı bölgəyə gediləcək. İlin sonunadək bütün ölkəni gəzib, yeni ildən təzədən bu “prinsip” əsasında işləməyə başlayırdılar və bu, onlara çox sərf edirdi. Rayonlardan həm cibi dolu, həm də maşınları dolu qayıdırdılar. Bütün bunlar gözlərimizlə gördüyümüz faktlardır ki, hər dəfə onlara görə utanmışıq, az qala “nə üçün bu sahəni seçdik axı” demişik.
Beləliklə, mətbuatımızda irinli yaralar, şər-şəbədə “qələm sahibləri”, reket jurnalistlər, qarnını götürüb rayon-rayon dolanan, nə ad desək yaraşan, lakin tək jurnalistikadan xəbəri olmayan varlıqlar çoxalmağa başladı. Çoxaldıqca da Zərdabinin aynasında hər vilayət onların istədiyi kimi göründü, əslində olduqları kimi deyil. Bu isə bu aynaya ləkədən başqa heç nə gətirmədi.
Məhkəməyə onu da təqdim ediblərmi?..
Cümlə nədir, necə qurulur, orfoqrafiya nədir, nəyə xidmət edir, anlayışlarından əsla xəbəri olmayan, “müstəqil mediaya” yalnız pul qazanmaq, yaxşı yaşamaq üçün gələnlər, görəsən, yaxşı bir təhlil, araşdırma, oçerk, reportaj, analiz xarakterli yazılardan ibarət bir qovluq da məhkəməyə təqdim edə biliblərmi? Axı məhkəməyə şikayət etmək üçün əlində tutarlı faktlar olmalıdır. Əks təqdirdə haqlı olduğunu necə sübut edə bilərsən?
İllərlə yuxarıda da qeyd etdiyim kimi, şəhərli-rayonlu gəzib-dolanan, baş vurmadıqları idarə, müəssisə, təşkilat qalmayan, dəqiqədəbir zəngləri ilə camaatı dəngəsər edən bu “jurnalistlər” tutarlı bir yazı yazıb saytlarında yerləşdiriblərsə, ölkədə hansısa bir problemi üzə çıxarıb həlli yollarını axtarıblarsa, təkliflərini veriblərsə, araşdırıb bir məsələni meydana gətirə biliblərsə, sosial problemlər barədə bircə tutarlı yaza biliblərsə, qovluğa ehtiyac yoxdur, elə o bir dənəni məhkəməyə təqdim etsinlər ki, baxın, biz, belə işləmişik.
Təəssüf ki, belə bir yazı yoxdur. Çünki həmin saytların işi şəxsi mənafelərə xidmət etmək, reklamları ilə məşğul olmaq, haradasa bir “xəta” axtarıb onun arxasınca gedib pul qazanmaqdır, vəssalam.
Məhkəməyə hər bir vətəndaş müraciət edə bilər. Lakin özünü “müstəqil media” adlandırıb “jurnalist” hesab edənlərin müraciəti yersizdir. Ona görə ki, özlərini ziyalı hesab edənlərin əlində əsası olmadan məhkəməyə müraciət etməsi özünü biabır etməkdən, savadının səviyyəsini ortaya qoymaqdan başqa heç nədir.
Regionlardan söhbət düşmüşkən...
Vaxtilə müasir dövrümüzdəki imkanlar yox idi. Regionlarda mətbuat əlçatan deyidi. Bu səbəbdən də rayon qəzetləri yaradılmışdı. Hələ bəzi böyük şəhər və rayon mərkəzlərində televiziya və radiolar da fəaliyyət göstərirdi. Rayon qəzetində illərlə fəaliyyət göstərən jurnalist kimi deyə bilərəm ki, artıq bu gün regionlarda mediaya ehtiyac yoxdur. Çünki insanlar bir anın içərisində nəinki ölkədə, dünyada baş verən hadisələr haqqında məlumat ala bilirlər.
Düzdür, tək məlumat almaq məsələni həll etmir. İnsanlara hər hansı məsələyə, hadisəyə münasibət bildirən, onun məğzini açan yazılar da lazımdır. Lakin etiraf edək ki, buna rayon qəzetlərində çalışan jurnalistlərin gücü çatsa da, çərçivə anlayışı buna imkan vermir. Bu səbəbdən də regionlarda mətbuat büroları kifayət edər ki, baş verən hadisələr, yeniliklər, xəbərlər haqqında ölkə mətbuatına məlumat verilsin.
Qəzet “ömrünün” başa çatdığı artıq bütün dünyaya məlumdur. Lakin elə bütün ölkələrin də mərkəzi şəhərlərində hələlik onlarla qəzet nəşr olunur. Çap mediasının vacibliyi səbəbindən, sosial mediaya arxiv nöqteyi-nəzərindən etibar olmadığından düşünürəm ki, hələ uzun illər bu, belə olaraq qalacaq da. Mütəxəssislər hələ 2034-cü ilədək qəzet nəşrlərinin olacağını hesablayırlar. Daha sonra isə nə olacaq, bu, heç kimə məlum deyil. Belə bir dövrdə regionlarda medianın saxlanmasına ehtiyac yoxdur. Bu, həm maliyyə baxımından artıq xərcdir, həm də müasir texnologiyaların-kompüter, smartfon telefonların, yüzlərlə xəbər agentlik və saytlarının, eləcə də sosial şəbəkələrin olduğu bir vaxtda ehtiyac duyulmayan mətbu orqandır. Regionlarda fəaliyyət göstərən televiziya və radiolar da eynilə qəzetlər kimi.
MEDİA reyestri ədalət tərəzisidir
Ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar kimi, media sahəsində də buna ehtiyac duyulduğundan “Media haqqında” qanun qəbul ediləndən sonra media subyektlərinin reyestrdən keçməsi də zəruri oldu. Media reyestri ədalət tərəzisidir. Bu tərəzinin gözündə hansı media nümunəsi tarazlıq təşkil edirsə, o da asanlıqla reyestrdən keçir və öz fəaliyyətinə davam edir. Burada anlaşılmaz heç nə yoxdur. Hətta ayrı-seçkilik də yoxdur. Sən media təmsilçisi olaraq nəsənsə, ölkədə, oxucu, izləyici kütləsi arasında mövqeyin nədirsə, reyestrdən keçməni də məhz bunlar müəyyən edir. Bunun üçün kimdənsə küsüb-inciməyə, onu məhkəməyə verməyə əsla dəyməz. Çünki yenə də deyim, məhkəmədə əsaslanacaq bir vasitə olmalıdır əlində.
Müstəqil media o demək deyil ki, sən öz fəaliyyətini özün istədiyin kimi qurasan, savadsız, heç bir səriştəsi olmayanlara jurnalist “statusu” verəsən, mənəm-mənəmlik edəsən, Azərbaycan dilinin qrammatik qanunlarını pozasan, nə yazdığını, nə təqdim etdiyini heç özün də bilməyəsən.
Düşünürəm ki, səhərdən bəri haqqında danışdığımız “jurnalistlər”də, onların “mediası” da Azərbaycan mətbuatının üz qarasıdır. Nə üçün vicdanlı, ədalətli, qərəzsiz, öz işinin ağası olan, bir yazısı ilə onlarla belə “jurnalisti” bir qələmlə silə biləcək peşə sahibləri ilə onlar bir peşəni bölüşməlidirlər, utanmalıdırlar, xəcalət çəkməlidirlər?
Bu, ictimai bir problemdir. Ona görə də istər jurnalist olsun, istər oxucu, izləyici kütləsi, bu məsələyə öz münasibətini bildirməlidir. Çünki bu cür “media”dan xilas olmaq həm jurnalist, həm də oxucu, izləyici olaraq ən başlıcası özümüzə hörmət deməkdir.
Mətanət Məmmədova