Sosial

  • 1 999

Nə kölə olaq, nə kölə edək...

image

Əsrlərlə insanı mal və ya pul verməklə almaq, heç bir haqqı olmadan istifadə etmək, başqasına satmaq kimi insanlıq ləyaqətini tapdalayan əməllər bəşər tarixinin qara səhifəsini təşkil edib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının insan alverinə qarşı mübarizə haqqında konvensiyanı qəbul etməsi ilə bağlı 2 dekabr - köləliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü kimi tarixin səhifələrinə yazılıb və ilk dəfə 1949-cu ildə qeyd olunmağa başlayıb. İllərdir, BMT köləliyin bütün müasir formalarının, o cümlədən icbari əməyin, uşaq əməyinin ən pis formalarının, məcburi nikahların, son dərəcə ağır əmək şəraitinin və insan alverinin ləğv edilməsi ilə bağlı çağırışlar etsə də, köləlik bitibmi? Yoxsa, o da dünyanın müasirliyini qəbul edərək yalnız formasını dəyişib? Bəli, hələ də köləliyin müxtəlif formaları bütün dünyada mövcuddur və bunun səbəbkarları isə yalnız biz insanlarıq. Bu barədə danışaq...

Erkən nikah - övladımızı kölə kimi görmək...

Bəli, övladımıza kölə kimi baxanda, onun hüquqlarını tapdalayanda və ya heç bir hüququnun olmadığını zənn edəndə onu erkən nikaha sövq edirik. Statistik məlumata əsasən, 2022-ci ildə ölkəmizdə 270 18 yaşadək qız nikaha daxil olub. Bunun illər üzrə ən yüksək göstərici kimi, 1993-cü ildə 5044, 2007-ci ildə 5023, 2008-ci ildə 5544, 2011-ci ildə 5138 qızın erkən nikaha daxil olması qarşısında zəif qalmasının səbəbi 2012-ci ildən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən nikah yaşının 18 yaş müəyyən edilməsi ilə bağlıdır. Qanunvericiliyə əsasən üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər. Belə olan halda 270 nəfərin hamısına üzrlü səbəb də şamil edə bilmərik. Çünki belə olarsa, digər üzrlü səbəbi çıxmaq şərtilə bu da bizim qüsurumuzdur. Deməli, övladımıza düzgün tərbiyə verə bilməmişik, onu doğru yetişdirməyi bacarmamışıq.

270 18 yaşa çatmayan qızın nikahı 270 valideynin, 2-yə vuranda isə 540 nəfərin günahıdır. Bu, hələ rəsmi statistikadır, qeydiyyata alınmamış onlarla belə nikahlar var ölkəmizdə. Deməli, 270 nəfər qız öz ailəsi tərəfindən istismar olunub, onların hüquqları valideynləri tərəfindən əlindən alınıb. Və yaxud da hüquqlarının nədən ibarət olduğu bu qızlara təlqin olunmayıb. Beləliklə də onlar erkən nikaha daxil olublar və bu da onların gələcək psixoloji vəziyyəti üçün zəmin yaradıb. Axı onlar həyatın, ailənin, qayınana-qayınata, ər qayğısının, uşaq doğmağın, onu böyütməyin nə olduğunu yetəri qədər anlamırlar.

Uşaqdan söz düşmüşkən, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatına əsasən 2022-ci ildə ölkə üzrə 18 yaşınadək analar tərəfindən 2011 uşaq doğulub. Bu isə o deməkdir ki, 2011 uşaq ya ölümlə və ya baxımsızlıqla qarşı-qarşıya qalıb. Çünki onları dünyaya gətirən ananın hələ özünün qayğıya ehtiyacı var.

Bəlkə də bu qızların anaları da vaxtilə öz övladları kimi erkən nikaha təhrik ediliblər. Belə isə, deməli, kölə olmuşuq, kölə də edirik? Lakin gəlin, kölə də olmayaq, kölə də etməyək.

Uşaqlar kölə deyil: onları diləndirməyin, işləməyə məcbur etməyin

Ölkəmizdə uşaq hüquqları yetərli şəkildə qorunur. Uşaqların təhsili, sağlamlığı üçün lazımi tədbirlər həyata keçirilir və bunların hər biri qanunvericiliklə tənzimlənir. Hüquq-mühafizə orqanları uşaq hüququnu daim nəzarətdə saxlayır və pozulan anda müdaxilə edərək qarşısını alır, cinayətkarı cinayətə cəlb edir.

Lakin bütün bunların qarşısında tez-tez uşaq hüquqlarının pozulması, həm də xüsusən valideynlər tərəfindən pozulmasının şahidi oluruq. İstəməyərək dünyaya uşaq gətirənlər onları sonrakı mərhələlərdə öz mənafeləri naminə işlərə təşviq edirlər. Məsələn, azyaşlı uşaqların əməyi istismar olunur. Onları küçələrdə salfet, gül satarkən və alınması üçün, sözün həqiqi mənasında, yalvardıqlarını görərkən adamın ürəyi parça-parça olur. Düşünürsən ki, bu uşağın günahı nədir ki, qışın soyuğunda əlləri dona-dona, yayın istisində başına gün vura-vura səhərdən axşama kimi küçələrdə ona-buna yalvarır.

Bəzən uşaqların dilənməsi ilə də qarşılaşırıq. Hələ üstəlik anaların uşaqları qucağına alıb yol kənarında, metronun çıxışında oturub dilənməsinə şahid oluruq. Uşağının xəstəliyini bəhanə gətirərək, bəzən xəstəliyi olmayan uşaqdan bu adla istifadə edərək asan qazanc əldə etmək yolunu dilənməkdə görən bu cür analara ana demək nə qədər doğrudur, görəsən? Onlar uşaqların məsumluğundan, günahsızlığından və ətrafdakı insanların onlara acımasından bu qədərmi insafsızcasına istifadə edirlər?

Baxırsan ki, gümrahlıq, əmək qabiliyyəti yerindədir bu qadınlarda. Bəs görəsən dilənməyə özü ilə birlikdə vadar etdiyi uşaqlarını dövlətimizin himayəsində olan baxçalara qoyub, özü bir işlə məşğul ola bilməzmi? Və yaxud da əməyini istismar etdiyi, kiçik çiyinlərini gücündən ağır işlərin altına verdiyi övladının əvəzinə özü həm gündüz, həm gecə növbələrində çalışa bilməzmi? Axı valideyn olmaq həm də fədakar olmaq deməkdir.

Bir də əgər uşaqların hüquqlarını bu cür pozacaqsınızsa, nə üçün onları dünyaya gətirirsiniz? Həm özünüz kölə olursunuz kimlərəsə, həm də övladınızı kölə edirsiniz. Lakin gəlin kölə də olmayaq, kölə də etməyək.

İnsan əşya deyil, alına-satıla

Nə üçün insana zor tətbiq olunmalıdır? Hədə-qorxu ilə kiminsə istəyi naminə işlərə sövq edilməlidir? Nə üçün insan nəyəsə məcbur edilməlidir? Onun uşaqlığından və yaxud da zəifliyindən, hüquqlarını bilməməsindən istifadə olunmalıdır? Nə üçün kiminsə gözü ona təklif olunan maddi nemətlərlə qapadılmalı, əvəzində cinayətə sürüklənməlidir? Nə üçün bir ana, bir qadın, bir ata, bir kişi, bir kimsəsizliyindən istifadə olunana gənc kiminsə köləsinə çevrilib başqalarının həyatını məhv etmək üçün narkotik alverinə qoşulmalıdır? Nə üçün bir uşağın gözünü qorxudub ondan daşıqçı kimi istifadə olunmalıdır? Nə üçün bir insanın sağlamlıq imkanlarının məhdudluğu bir başqası üçün biznes məqsədinə çevrilməlidir? Və daha çox saya biləcəyimiz onlarla bu kimi kişi, qadın və uşaqlarla bağlı insan alveri məsələləri...

Axı insan əşya deyil ki, alına-satıla. Əşya deyil ki, haraya qoysan orada dura. Və yaxud da sənin istəklərini yerinə yetirən proqramlı əşyaya çevrilə... Hələ də dünyada öz formasını dəyişərək yeni forma alan bu kimi köləliklər mövcuddur. Ən demokratik dövlətlərdən “köləlik uğrunda mübarizə aparırıq”,- deyənləri var ki, məhz onların özlərində köləliyə yol açan məqamlar hələ də var.

Ölkəmiz kiçik, müstəqilliyi cəmi 32 il olsa da, insan hüquq və azadlıqlarını dəstəkləyən ölkələrə nümunə gücündədir. Çünki da bu problemin həlli üçün zaman-zaman müxtəlif addımlar atılıb. Respublikamız 1996-cı ildə BMT-nin “Köləliyin ləğv edilməsi haqqında”, “İnsan alveri və fahişəliyin üçüncü şəxslər tərəfindən istismarı ilə mübarizə haqqında” konvensiyalarına, 2003-cü ilin may ayında isə “Transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə haqqında” Konvensiyaya və onun Protokollarına qoşulub. Bununla köləliyə qarşı mübarizədə barışmaz mövqedə olmasını bir daha sübut edib.

Azərbaycan Respublikası qanunvericiliyində “İnsan alveri”ni qismən tənzimləyən 10 maddə var. Bundan başqa, ölkəmizdə bu cinayətin potensial subyektləri hesab edilən uşaq və qadınların hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş bir sıra normativ hüquqi aktlar da qəbul edilib.

Beləliklə...

Zəiflərin, hüquqlarını bilməyənlərin, uşaqların, yetkinlik yaşına çatmayan oğlan və qızların, sağlamlıq imkanları məhdud olanların, qocaların yanında olaq. Onların hüquqlarını müdafiə edək. Onların pozulan hüquqlarını görəndə başımızı aşağı salıb keçməyək. Sual verək: Niyə belə edirsən? Niyə bunu edirsən? Etdiyinin nəticəsindən xəbərin varmı? Hansı yoldasan, bilirsənmi?..

Məhz bu zaman köləliklə, insana qul kimi baxanlarla mübarizə apara bilərik. Yoxsa bu gün “2 dekabr-köləliyin ləğv edilməsi uğrunda beynəlxalq müdafiə günüdür”,- deyib onu anmaqla deyil. “Nə kölə olaq, nə kölə edək!” şüarı ilə bir-birimizə yardım edək, bir-birimizin yanında olaq. Çünki kölə edən də, kölə olan da insandır.

Mətanət Məmmədova

Digər xəbərlər