Sosial

  • 3 554

Min illərdən-min illərə yaşayacaq İlham Əliyev Portret cizgiləri

image

Əli Şimşək ( Bayramov): “44 günlük Vətən müharibəsində bizim haqqımızda bədgüman olan və əlehimizə yazmağa gələn dünya jurnalistlərini o, özünün ağlı, diplomatik gedişləri, məntiqli fikirləri və dolğun cavablarla necə mat qoyduğunu hamımız görürdük. Özünün ağlı və düşüncəsilə onları bizim lehimizə yazmağa ustalıqla məcbur eləyirdi”.

Bildiyimiz kimi 2024-cü ilin fevral ayının 7-də erməni lobbisinin çaldığı havaya oynayan Avropa Şurasının, bəzi xarici ölkə rəhbərlərinin məmləkətimizə düşmən mövqeyi göstərdikləri bir vaxtda, bizi dünyanın tərəqqipərvər dövlətləri arasında baykot etmək, gözdən salmaq, təkləmək istədiyi bir zamanda Azərbaycanın taleyülkü bir məsələsi həll olunur. Ölkəmizdə yeni Prezident seçkiləri keçirilir. Və ən acınacaqlısı budur ki, xaricdə əyləşən və özlərini “böyük demokrat”, məmləkətimizi “dəlicəsinə sevən” üzdəniraq bəzi qüvvələr də onlara “Züy” tutub, ölkəmizə hədyanlar yağdırırlar. Belə bir məqamda ziyalılarımız, ağı-qaradan seçməyi yaxçı bilən müdrik ağsaqqallarımız və millətini, məmləkətini öz varlığı qədər sevənlər bu “üzdəniraqların”, “dərsini” verməli və onları yerində oturtmalıdır. Bu taleyüklü məsələdə hər bir ziyalı, hər bir ağsaqqal onları başa salmalıdır ki, ölkəmizə çamur atmasınlar. Məzh buna görə də ömrü boyu prokurorluq orqanlarında, ədliyyə sistemində, xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət eləmiş, vətənpərvərlik ruhunda olan çox maraqlı şeirlərin, poemaların, dedektiv əsərlərin, məqalələrin müəllifi 79 yaşlı ağsaqqal hüquqşünas Əli Şimşəyə müraciət elədim. İlk öncə Əli Şimşəklə oxucuları daha yaxından tanış etmək istəyirəm

Qısa arayış: Əli Şimşək ( Bayramov) Masallıda dünyaya gəlib. Hələ orta məktəb illərində oxuduğu vaxtdan bədii yaradıcılıqla məşğul olub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Dərsləri çox və çətin olduğundan bir müddət bədii yaradıcılıqla məşğul ola bilməyib. Hüquq fakültəsini demək olar ki, əla qiymətlərlə bitirəndən sonra bütün həyatı, iş fəaliyyəti hüquq mühafizə orqanlarında olub. Müxtəlif rayonlarda müstəntiq işləyib. Respublika prokurorluğunda xüsusilə mühüm işlər üzrə baş müstəntiq vəzifəsində çalışıb. Yardımlı, Qax və Lənkəran rayonlarının prokuroru vəzifəsində işləyərkən həmin raonların əhalisi üçün faydalı olan çox işlər görüb və əhalinin dərin hörmətini qazanıb. On il Ali Məhkəmədə müxtəlif işlərdə işləyib. Artıq prokurorluq sistemində işlədiyi vaxt ədəbi yaradıcılıq fəaliyyətini davam etdirərək bu sahədə də xalqımıza ləyaqətlə xidmət edib. Kitabları çap olunub, mətbuatda bədii əsərləri və hüquqi, ədəbi mövzuda məqalələrilə çıxış eləyib. Hər bir bədii əsəri və məqalələri də oxucular tərəfindən maraqla qarşılanıb və qarşılanır.

- Salam Əli müəllim. 2003-cü ildə İlham Əliyev prezident seçilən vaxtı, siz bütün qüvvənizi sərf edirdiniz ki, məhz o, prezident seçilsin. Siz niyə bunu istəyirdiniz?

- İlk öncə onu vurğulayım və siz də mənimlə razılaşarsınız ki, dahi şəxsiyyət Heydər Əliyevin səhv etdiyini biz heç birimiz görməmişik. Heç bir dünya siyasətçisi də görməyib. Deməli, İlham Əliyevi öz davamçısı kimi seçməyində də yanılmırdı. Zira İlham Əliyevin prezidentlik vəzifəsindəki parlaq fəaliyyəti bunun əyani sübutu oldu. Ulu Öndərin vəsiyyət kimi dediyi “İlham Əliyev mənim yolumu, yarımçıq qalmış işlərimi sədaqətlə, ləyaqətlə davam etdirəcək və mən ona öz varlığım qədər inanıram” fikiri elə özü ona ən böyük qiymət idi. İdarəçilik ustası olan bir insanın belə deməsi hamımızı inandırdı ki, İlham Əliyev kimi onun işlərini davam etdirə biləcək ikinci insan yoxdur. Axı həm də biz hamımız onun prezidentliyə qədər tutduğu ölkə səviyyəli vəzifələrdə çox müvəffəqiyyətlə işləməsinin şahidi olmuşuq. Həmin vaxtı Azərbaycanda çox çətin bir dövr yaşanırdı. Azərbaycanın torpağının 25 faizi işğal altında idi. Bir milyondan çox qaçqınımız, köçkünümüz vardı.

Ulu Öndər ölkənin tamamilə dağıdılmış iqtisadi potensialının yüksəldilməsi üçün çox böyük uğurlu işlər görmüşdü. Lakin bu sahədə də xeyli problemlər həll edilməli idi. Belə ölkəni də hər adam idarə eləyə bilməzdi. Biz ulu öndər Heydər Əliyev Moskvaya işləməyə gedən sonra onun yerində olan Kamran Bağırovun, Əbdürrəhman Vəzirovun, Ayaz Mütəllimovun və Əbülfəz Elçibəyin vaxtında bunun tam şahidi olduq. Ona görə də dahi Heydər Əliyevin səylə yetişdirdiyi bir rəhbər- İlham Əliyev hakimiyyətə gəlməli idi. Bu çox ağlllı bir iş idi. Amma xarici qüvvələr və onlara qoşulmuş düşmən dəyirmanına su tökən bir ovuc özümüzünkülər çox böyük səylə, çoxlu pul xərcləməklə, insanları satın almaqla, qanuni və qeyri qanuni bütün vasitələrdən istifadə etməklə İsa Qəmbəri hakimiyyətə gətirib, ölkəni parçalamaq istəyirdilər. Həmin vaxtı da mən Lənkəran rayon prokuroru idim. Nəinki Lənkəran rayonunda və eləcə də Cənub bölgəsində böyük iş aparılırdı ki, məhz İlham Əliyev prezident seçilsin. Həmin vaxtı mən, o bölgədə söz sahiblərindən biri idim. Özü də həmin dövrdə Cənub bölgəsində Azərbaycan xalqının düşməni Əlikiram Hümbətovun tör-töküntüləri çox idi. Onlar da istəmirdilər ki, İlham Əliyev prezident seçilsin və dövlətimiz günü-gündən möhkəmlənsin, xalqımız firavan yaşasın. Amma bütün bunlara baxmayaraq, əhalinin tam əksəriyyəti İlham Əliyevi dəstəkləyirdi və onu prezident görmək istəyirdi. Ulu öndər Heydər Əliyevə və İlham Əliyevə çox böyük inam vardı. Ona görə də əhali özü bunu istəyirdi və biz də yəni hüquq-mühafizə orqanlarının əməkdaşları da bütün səylərimizi qanunçuluğun qorunmasına, müxalifət cəbhəsinin qeyri-qanuni hərəkətlərinin qarşısının alınmasına, seçki gedişində əmin-amanlığın gözlənilməsinə, əyintilərə yol verilməməsinin vaxtında qarşısının alınmasına, seçki qanunvericiliyinin ideal şəkildə icra olunmasının və ədalətlə, tamamilə demokratik seçki keçirilməsinin təmin edilməsinə yönəltmişdik.

Məhz ona görə də həmin vaxtı Cənub bölgəsindən İlham Əliyevə səsvermə faizi başqa bölgələrə nisbətən daha yüksək oldu.

Beləliklə, xarici qüvvələrin və məmləkətimizdə olan onların nökərlərinin arzuları ürəklərində qaldı. Cənab İlham Əliyev birinci dəfə prezident seçiləndən sonra Azərbaycanda gördüyü quruculuq- abadlıq işlərini gəlin birlikdə yada salaq.

O, birinci dəfə prezident seçiləndən sonra elə ilk ildə Azərbaycanın hərtərəfli inkişafına var qüvvəsilə çalışdı. Nəinki neft, qaz sahəsinin, kənd təsərrüfatının da inkişafına nail oldu. O, işgüzar insanlara şərait, onlarda inam, etibar yaratdı ki, var qüvvələrilə, ləyaqətlə işləsinlər. Eyni zamanda, ədliyyə, hüquq sahəsində də dahi Heydər Əliyevin əsasını qoyduğu islahatı ləyaqətlə davam elətdirdi. Və demək olar ki, həmin islahatın böyük bir hissəsini başa çatdırdı. Düzdür, hələ də əyər-əskikliklər var, amma mən deyərdim ki, hələ birinci dəfə prezident olduğu dövrdə prokurorluq, ədliyyə və ümumiyyətlə hüquq pridensiya sahəsində olan əyər-əskikləri başa çatdıra bildi.

- Əgər İlham Əliyev olmasaydı və başqa bir insan prezident seçilsəydi Qarabağ müharibəsində biz belə qələbə əldə edə bilərdikmi? Və bizim bu gün Əsgəranda, Ağdərədə, Xocavənddə, Xankəndidə, Xocalıda bayrağımız ucala bilərdimi?

- Mən şəxsən inanmıram ki, Azərbaycanda cənab İlham Əliyevin yerinə başqa bir adam prezident olsaydı bu cür nailiyyətlər əldə edə bilərdi. İlham Əliyev prezident olduğu bu dövrdə ölkəni çox ustalıqla, gözəl və yüksək təşkilatçılıqla idarə elədi. Həm də hərbidə böyük uğurlar qazandı. Bu, naşı adamın yox, ustad, bacarıqlı adamın işi idi ki, bu qədər qlobal problemləri həll eləyə bilsin. Özü də hər işi addım-addım və zərgər dəqiqliyi ilə görürdü. Bəzi ağzıgöyçəklər deyirdilər ki, “44 gündə Vətən müharibəsi keçirdik, amma Ağdamı, Laçını, Kəlbəcəri geri ala bilmədik. Bunun harası qələbədir?” Həmin nakəslərə cənab İlham Əliyevin çox tutarlı cavabı oldu. O dedi: “Mən özüm bilirəm nəyi və nə vaxt eləyirəm”. Həmin nakəslər başa düşə bilmirdilər ki, ermənilərin Ağdam, Laçın və Kəlbəcər istiqamətində çoxlu silah-sursatı var və onlar döyüş üçün çox yaxşı mövqe tutublar. Deməli, biz orada daha çox itgilər verə bilərdik. Beləliklə, az bir vaxtın içərisində çox ustalıqla, bir güllə belə atılmadan, bir əsgərimizin belə burnu qanamadan Ağdamı da, Laçını da, Kəlbəcəri də silahsız geri aldıq. O yerlər alınandan sonra yenə də həmin nakəslər dedilər ki, “erməni quldurları yenə də Qarabağda at oynadır, niyə İlham Əliyev müharibə eləyib, həmin torpaqları da geri qaytarmaq istəmir?” Hətta bəziləri deyirdilər ki, “İlham Əliyev Xankəndini, Xocalını geri alsa biz qulağımızı kəsərik”. Cənab İlham Əliyev 2023-cü ilin sentaybr ayının 23-də, 23 saatın içərisində lokal xarakterli antiterror əməliyyatı apararaq, həmin yerləri tamamilə azad elədi. Hətta 44 günlük Vətən müharibəsindən daha çox düşmənin silah-sursatı bizə qaldı. Torpaqlarımız erməni işğalından bütünlüklə azad olundu. Çoxlu münbit torpaqlar, meşələr, çaylar, göllər geri qaytarıldıdı. Qarabağ çox böyük sərvəti olan bir yerdir. Az bir vaxtda da biz onun çox böyük bəhrəsini görəcəyik. İnsanlarımızın rufah halı çox yaxşılaşacaq. Beləliklə, erməni gavurları, quldurlarI tam məhv olmamaq üçün ağ bayraq qaldırdılar. İndi artıq bütün dünyada alnıaçıq gəzə və ölkəmizlə, onun prezidenti ilə fəxr eləyə bilərik. Amma bizim həmin nakəslər qulaqlarını kəsmədilər və yenə də ölkəmizə, dövlətimizə diş qıcayıb, yenə də ağızlarına gələn hədyanları yazır, deyirlər. Belələrinə nə ad vermək olar?

- Bilirsiniz ki, cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində təkcə Qarabağda müharibə aparmırdı. O, həm də xarici jurnalistlərlə, siyasətçilərlə və bizi sevməyən bəzi ölkə rəhbərlərilə soyuq, söz müharibəsi aparırdı. Niyə məhz bu müharibəni də aparırdı? 44 günlük Vətən müharibəsi onları susdurmağa bəs eləməzdimi?

-Mənim “Minillərdən-minillərə” adlı bir poemam var. Həmin poemada çox maraqlı məqamlar var. Və poemanın ana xətti bu min ildən gələcək min ilə bizim şəxsiyyətlərdən kimlərin tarixdə yşaya biləcəyi və hansı əməllərinə görə yaşaya biləcəyi intizarıdır. Poemanın sonunda belə yazıram:

-Vətənimin

o ərləri,

ərənləri

görən indi

bəs hardadır?!

İgid oğlum!!!

Qorqud babam!!!

Cəsur qızım!!!

Tomris anam!!!

Şah Nüşabəm!!!

Hayqırıram

var səsimlə,

dahilərdən

qüvvət alan

nəfəsimlə:

-Min illərdə,

əsrlərdə

Qarabağın

göz yaşını

öz əliylə,

əməliylə

silən kəslər

yaşayacaq!!!

Qəmli-qəmli

Boynun əyən,

gözlərindən

yaş yerinə

qan ələyən

Xarı bülbül

vətənini,

Cıdır düzü –

gözəllərin

oylağını,

Ulu Vaqif,

İbrahim xan

torpağını,

su yerinə

od püskürən

bizim İsa bulağını,

əsirlikdən

xilas edən

yaşayacaq!!!

Murovdağda

qar üstündə

qanı qalan,

dağ qürurlu

Laçınımda

şəhid olan,

Qubadlıda

döyüşlərdə

adı qalan,

Cəbrayılda

gözü yaşlı

Qaramanlar

türbəsini,

Xudafərin

körpüsünü,

Dirilinin

sazı,

sözü,

özü qalan

Diridağı,

Zəngilanda

həsrət ilə

yol gözləyən

çinarlığı

geri alan

yaşayacaq!!!

Qarabağda

babaların

tapdalanan

qərib qəbrin

öpən əsgər

yaşayacaq!!!

Vətənimin

Təbrizimdən

Dərbəndəcən,

İrəvandan

Göyçə gölüm

Sevanacan,

Gün doğandan

Gün batana

parçalanmış

yarasına

məlhəm qoyan

övladları

yaşayacaq!!!

Kim ömrünü

qurban verib

millətimə,

Vətənimə,

kimdə varsa

insanlığa

gözəl duyğu,

gözəl niyyət

onu sevir

ana yurdum,

onu sevir

bəşəriyyət!!!

Ona görə də mən qətiyyətlə deyirəm ki, bu min ildən gələcək min illərə dahi Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Nəriman Nərimanov, Məmməd Əmin Rəsulzadə, Heydər Əliyev kimi mütləq cənab İlham Əliyev də tarixdə qalib sərkərdə və bacarıqlı prezident kimi yaşayacaq.

Qaldı xarici jurnalistlərlə, siyasərçilərlə apardığı müsahibələr, söz mübarizələri, müharibələri də böyük bir ustalıq idi. Prezidentimizin jurnalistlərlə olan bu söhbətləri, müsahibələri dünya mətbuatına çıxırdı və bu yolla dünyanı bizim haqlı olduğumuza inandırırdı ki, bu da bizim böyük uğurlarımızdan idı. Mən təklif edirəm ki, onun 44 günlük Vətən müharibəsində apardığı müsahibələr, söz mübarizləri dərsliklərə salınsın. İlham Əliyevin dərin siyasəti lazım olan kimi öyrənilməlidir. 44 günlük Vətən müharibəsində bizim haqqımızda və əlehimizə yazmağa gələnləri o, özünün dərin ağlı, diplomatik gedişlərilə, inandırıcı və məntiqi fikirlərilə necə mat qoyduğunu hamımız görürdük. Özünün ağlı və düşüncəsilə onları bizim lehimizə ustalıqla yazmağa məcbur eləyirdi. Eləcə də müharibədən sonra getdiyi xarici ölklərdəki çıxışları da göz qabağındadır. Səhv etmirəmsə, hətta bir alman jurnalisti hörmətli prezidentimizdən burada müsahibə alırdı və var qüvvəsilə çalışırdı ki, bizi günahkar çıxarsın. Aşağılasın. Amma cənab İlham Əliyev özünün səbri, ağıllı və məntiqli fikirlərilə onu yerində otuzdurdu və məğlub elədi. Həmin adam öz ölkəsinə qayıdanda onu biabır elədilər ki, “sən getmişdin bacarıqsızlığını göstərməyə?! İlham Əliyevlə bacara bilmədin”. Cənab İlham Əliyevin həmin vaxtı olan müsahibələri dünya jurnalstikasında çox maraqlı bir dərs idi. Çünki həmin vaxtı müharibə təkcə Qarabağda yox, həm də dünya mətbuatında gedirdi. Bu işin də başında erməni milyonerləri dayanırdı. Onlar ayrı-ayrı jurnalistlərə pul verib, ölkəmizə göndərib, bizi dünyada gözdən salmaq, ölkəmizin günü-gündən yüksələn imicinə kölgə salmaq istəyirdilər, amma hər dəfə özləri biabır olurdular.

Xalq şairi Cabir Novruzun belə bir maraqlı şeiri var. “Sağlığında qiymət verin insanlara”.Çox maraqlı şeirdi. Doğrudan da insanlara yaxşı əməllərinə görə sağlığında qiymət verilməlidir. Məhz buna görə də cənab İlham Əliyevin sağlığında heykəli ucaldılmalı, adı sağlığında əbədiləşdirilməlidir. Mən tam əminliklə deyə bilərəm ki, qədirbilən xalqımız cənab İlham Əliyevi çox təntənə ilə president seçəcək. Müdrik millətimiz, xalqımız yaxşı bilir ki, hər naşıya hakimiyyəti vermək olmaz. Çünki bunun əvvəlini görmüşük: Bəylərin hakimiyyəti dövründə qorxaq erməni daşnakların hücumları qarşısında dayana bilmirdik. Artıq Gəncə, Beyləqan, hətta İmişli əhalisi köçməyə başlamışdı... Doyunca yeməyə çörək belə tapmırdıq. Çörək növbələrində bəzi insanlar hətta həyatını itirirdi. İşsizlik, yoxsulluq, səfalət ölkəmizi bürümüşdü. İnsanların bu gündən sabaha ümidi qalmamışdı. Bəzən ambarlarımızda 3-4 günə çatacaq taxıl, un qalırdı. Belə vəziyyətləri yaşamış xalqımız o acınacaqlı günləri heç vaxt unutmaz və hakimiyyət sükanını naşı, işbilməz, dövlət idarəçiliyinin nə olduğunu anlamayan adamlara vernəz.

Yadımıza salaq Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən əvvəl olan rəhbərləri. Kamran Bağırovu, Əbdürrəhman Vəzirovu, Ayaz Mütəllibovu, Əbülfəz Elçibəyi. Yadınzıdadırmı? Ulu öndər Heydər Əiyev Moskvaya işlməyə gedəndə, Təyyarə limanı və bir neçə tikililər yarımçıq qalmışdı. Dörd nəfər hakimiyyətdə oldu, heç biri Təyyarə limanını və başqa yarımçıq tikililəri başa çatdıra bilmədi.Yenə də dahi Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlib özü tikdirdi. Sonra da İlham Əliyev hakimiyyətə gələndən sonra dünyada analoqu olmayan müasir, daha nəhəng ikinci Təyyarə limanı tikdirdi. Elə bu, özü bir dərs, bir məktəbdir.

- 2024-cü ilin fevral ayının 7-də Prezident seçkiləridi. Siz istəyərsinizmi ki, cənab İlham Əliyev yenidən prezident seçilsin. Əgər o, prezident seçilsə ölkəmizdə hansı qlobal yeniliklər ola bilər?

-Nəinki mən, Azərbaycanın bütün ağıllı düşünən beyinləri cənab İlham Əliyevi prezident seçməlidir. Nəinki mən səs verəcəm, eləcə də mənim ətrafımda olanlar, qohumlarım, doğmalarım, dostlarım hamımız hökmən İlham Əliyevə səs verəcəyik. Əminəm ki, o, çox yüksək səslə yenidən prezident seçiləcək. Hələ qarşıda Qarabağda və başqa bölgələrdə çoxlu yarımçıq işlər var. Bizi Avropanın aparıcı ölkləri didirlər. Bizi Avropa Şurasında çıxarırlar. Erməni lobbisinin təsiri altında başqa beynəlxalq təşkilatları da bizim üstümüzə qaldırırlar. Faşist erməniləri müdafiə eləyirlər. Onları yazıq, guya doğma torpaqlarını qoyub gedən adlandırırlar. Axı Qarabağ onların torpağı deyil. Amma otuz il bundan qabaq öz ata-baba yurdlarından ayaqyalın, başıaçıq qaçqın, köçkün düşən bir milyon azərbaycanlılar haqqında heç nə demirdilər. Bir ovuc daşnak, separatçı ermənini gör necə müdafiə eləyirlər?! Budurmu ədalət?! Budurmu qanun? Onlar var qüvvələrini sərf eləyirlər ki, cənab İlham Əliyev getsin və Əbdürrəhman Vəzirov kimi bir naşı adam hakimiyyətə gəlsin və onlar da öz fikirlərini ona diktə eləsinlər, Azərbaycanı parçalasınlar Azərbaycan bir ölkə kimi yox olsun. Amma onlar daha heç vaxt bunu görməyəcəklər. Bundan sonra heç bir azərbaycanlı buna razı ola bilməz. Bunu şəhidlərimizin ruhu bizə heç vaxt bağışlamaz.

Bu tərs-tərs danışan naxələflər əvvəllər deyirdilər ki, “kim Qarabağı geri alsa, həmin adam əbədi prezident olacaq”. Bəs indi öz sözlərini niyə danırlar? Deməli, nankordular. Gör cənab İlham Əliyev Qarabağda nələr yaradır?.. Qarabağ dünya standartlarına uyğun qurulur. Çox qısa müddətdə Beynəlxalq səviyyəli Təyyarə limanları tikilib və istifadəyə verilib. Laçında çox nəhəng, dünyada analoqu olmayan balıqçılıq təsərrüfatı yaradılıb. Orada asetrina, sevryuqa və başqa qiymətli balıqlar yetişdirilir. Özü də dağın kəlləsində. Mən öz varlığım qədər inanıram ki, bu seçkilərdən sonra Azərbaycanda daha böyük işlər görüləcək və ölkəmiz cənab İlham Əliyevin rəhbərliyilə dünyanın ən aparıcı ölklərindən biri olacaq. Onda dünyanın ən aparıcı ölkələri də bizimlə hesablaşacaqlar.

Əziz həmvətənlərim, bacılarım, qardaşlarım! Tam qurulmuş yüz illərin, min illərin dövlətini dövlət idarəçiliyində təcrübəsi olmayan adamın da idarə etməsi çox da çətin olmaz. Amma görürük ki, hətta Fransa kimi min illərin dövlətinidə Emmanuel Makron kimi təcrübəsiz, bacarıqsız bir prezident Afrikada, Asiyada və deyərdim ki, Avropanın özündə də get-gedə nüfuzdan salır. Co Bayden nəhəng Amerika dövlətini dünyada gülüş obyektinə çevirib. Görürük ki, gözəl Ukrayna dövləti təcrübəsizlərin əlində nə günə qalıb: - Müharibə, qaçqınlıq, köçkünlük, aclıq, səfalət baş alıb gedir. Şəhərlər xaraba qalır. Minlərlə insan məhv olur. Uşaqlar ata, anasız qalır. Biz də Ulu Öndərin birinci hakimiyyəti dövründən ikinci hakimiyyətə gəlişi arasındakı müddətdə həmin bəlaları, faciələri artıqlaması ilə görmüşük. Yaşamışıq. İndi mənən SSRİ dövlətinin Siyasi Bürosunda, Nazirlər Sovetində min cür sınaqlardan keçmiş, nəhəng dahilər dahisi Heydər Əliyevimiz yoxdur ki, yenə də gəlib dövlətimizi məhv olmaq asatanasının bir addımlığından min cür əzab-əziyyət hesabına qaytarsın. Bizim dövlətimiz mən deyərdim ki, hələ tam qurulmayıb. Əyər-əsgiyi yox deyil. Hələ görüləsi işlər lap çoxdur.

Böyük hakimiyyət ustadı Ulu Öndərin yetişdirdiyi və illərlə respublikamızın idarəçilik kürsüsündə kifayət qədər samballı təcrübə toplamış, böyük dünya idarəçilik və dünya diplomatik təcrübəsi olan cənab İlham Əliyevi kənarda qoyub, naşı bir adama təcrübə keçmək üçün dövlətimizin ali idarəçilik sükanını tapşırmağa bizim qətiyyən haqqımız yoxdur. Və tarix bu səhvi bizə bağışlamaz. Mən, bütün həmvətənlərimi 7 fevralda xalqımızın firavan gələcəyinin ən etibarlı təminatçısı, dövlət müsəqilliyimizin real qaratı cənab İlham Əliyevə səs verməyə çağırıram. Yaşasın müstəqil Azərbaycan dövləti!

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

29-30 Yanvar 2024-cü il

Digər xəbərlər