Sosial

  • 4 959

Müstəqil həyatınız mübarək!

image

14 iyun... Minlərlə gənc müstəqil həyata qədəm qoydu. “Son zəng” çalındı və onlar müstəqil həyata addımlarını atdılar. Çoxdan gənc olmuşdular. Lakin müəllimlərin də, valideynlərin də gözündə hələ də uşaq idilər. Bu tarixdən sonra sanki yetkinləşib əsl gənc oldular. Tək bir gün-14 iyun onları uşaqlıqdan gəncliyə atdı. Elə bil yeniyetmə də olmamışdılar. Uşaqlıq və gənclik...

Həyat keşməkeşlərlə doludur. Müstəqil həyata atıldın-atılmadın, bu keşməkeşlər səninlədir. Ta dünənki uşaq, məktəbli deyilsən, müəllimlərin qoruması altında deyilsən.

Müstəqil vətəndaşsan. Arzularının ardınca gedən vətəndaş. Bu yolda nələr var, nələr yox? Olanlar da çoxdur, olmayanlar da. Ən əsası, artıq məktəb həyatı yoxdur. 11 il arxada qaldı. Hər gün üz tutduğunuz, saatlarla sinif yoldaşlarınızla birlikdə çalışdığınız, oxuyub-öyrəndiyiniz məktəb yoxdur. Xatirələri ilə, yadda qalanları ilə o, dünəndə qaldı.

Məktəbi ayrı ünvanlar əvəzləyir artıq. O ünvanlara doğru yolçuluğa çıxdınız: kimi universitetlərə, kimi orta ixtisas məktəblərinə, kimi istehsalat sahələrinə, kimi əsgərliyə, kimi ailə qurmağa və sair...

Məktəb bir yol idi, hamı o yolu 11 il ərzində gedirdi, saatlar sonra qayıdırdı. Lakin qarşıdakı yollar müxtəlifdir, saatları da, dəqiqələri də fərqlidir. Sonu da fərqlidir.

Siz artıq müstəqilsiniz. Oxumaq, işləmək, ailə qurmaq hüququnuz var. Lakin unutmayın ki, ağıllı addımlar insanı ən yüksək zirvələrə aparır. Müstəqil olmaq o deyil ki, qərarını verib, nə istədinsə, onu da edəsən. Müstəqil olmaq ətraflı düşünmək, böyüklərə məsləhət etmək, doğru yolu seçmək deməkdir. Müstəqil olmaq ağıllı düşünmək deməkdir.

14 iyun... Hər kəsin həyatından keçən uşaqlığın son günü. Bir gün içərisində böyüyüb qocaman olduğumuzu hiss etdiyimiz gün... Gücləndiyimizi, özümüzü qorumağı bacardığımızı duyduğumuz gün. Arzu-istəklərimizlə həyata atıldığımız gün.

Müstəqil həyatınız mübarək, əziz gənclər. Qoy 11 illik məktəb həyatından sizi ayıran son zəng yeni həyatınızda hər an uğur zənginə çevrilsin. Bitirdiyiniz məktəblərin adlarını universitetlərə, yüksək vəzifələrə, qarşıda quracağınız ailələrə götürə biləsiniz. Siz bu məktəblərdə iz qoya bilmisinizsə, övladlarınıza məktəbinizdən, dost və rəfiqələrinizdən gözəl xatirələr danışa biləcəksiniz. Xatirələrlə dolu 11 illik həyatınız gələcək övladlarınıza yaxşı mənada bir tərbiyə ocağı ola biləcək.

Müstəqil həyat büdrəmələri də sevir. Bu həyatda heç büdrəməyəsiniz. Həyatın qarşınıza çıxardığı bütün keşməkeşləri uğurla addımlayıb keçəsiniz.

Siz ölkəmizin gələcəyisiniz, əziz gənclər. Gələcəyimiz sizlərdən asılıdır. Vətən sizin çiyinlərinizdə olacaq yaxın gələcəkdə. Vətənpərvərliyinizlə, qabiliyyətinizlə, bacarığınızla Vətəni daim ucalarda saxlaya bilərsiniz.

Qoy müstəqil həyat sizləri Vətənimizin müstəqilliyini, ərazi bütövlüyünü qoruyanların ardıcılı etsin. Səsiniz hər zaman yüksəklərdən gəlsin. Həyatın hansı səmtinə üz tutmağınıza baxmayaraq yolunuz açıq olsun. Müstəqil həyatınız sevincinizə, xoşbəxtliyinizə çevrilsin.

Mətanət Məmmədova

Digər xəbərlər