Əslində, bir çoxumuz övladımızın texnologiya əsrində texnoloji alətlərin əsirinə çevrilməsindən narahatıq. İndi tibb bu asılılığın xəstəlik olduğunu da təsdiqləyir. Müasir tibb internetdə keçirilən vaxta nəzarət etmədikdə və bu səbəbdən yaranan patoloji pozğunluqlara səbəb olan asılılığa texnologiya asılılığı xəstəliyi deyir. Texnologiya hər yaşda olan insanlar üçün çox cəlbedici, həyatı artıran bir sahədir və bir çox faydaları var. Ancaq texnoloji alətlərdən həddindən artıq istifadə uşaqlarda, yeniyetmə və gənclərdə texnologiya asılılığına səbəb ola bilər ki, bunun da ən acı nəticələrinin şahidi oluruq.
Boş zamanı çox olan uşaq və yeniyetmələr yeganə məşğuliyyət növünü texnoloji alətlər hesab edir. Buna görə onların asudə zamanını faydalı keçirməklərinə şərait yaratmaq, alternativ məşğuliyyət imkanları yaratmaq vacibdir. Bu halda iki seçimimiz var – ya ödənişli əsaslarla fəaliyyət göstərən kurslar, ya da məhdud saydakı dövlət hesabına olan yaradıcılıq evləri. Təbii ki ödənişsiz əsaslarla fəaliyyət göstərən kurslara təlabat çoxdur, lakin saylarının az olması, hər bölgədə olmaması bu təlabatı qarşılamır.
Əslində, ölkəmizdə sayı məhdud olsa da, belə kurslar var. Gənclər mərkəzləri, uşaqlar və gənclər üçün yaradıcılıq birlikləri var. Respublikamızın ayrı-ayrı yerlərində fəaliyyət göstərən Gənclər Evləri var. Bir çox rayonda yaradılan, bütün lazımı imkanlara malik olan Gənclər Evləri barədə təəssüf ki, qənaətbəxş nəsə yazmaq olmur, çünki gənclər bu evlərin fəaliyyətinin məhdudluğundan şikayətlənir.
Qeyd edək ki, paytaxtda və regionlarda ümumilikdə 40-dan artıq Gənclər Evi fəaliyyət göstərir. Gənclərin asudə vaxtlarını səmərəli keçirməyə xidmət üçün nəzərdə tutulan bu evlərin çoxu ya tam fəaliyyətsizdir yaxud məhdud fəaliyyət göstərir. Xüsusilə də bölgələrdəki Gənclər Evlərinin qapısının bağlı saxlanması halları var. Bu, “var”la “yox” arası kimi bir şeydir. Bina var, bütün imkanları var, lazımı avadanlıqlarla təmin edilib, lakin fəaliyyətsizlik hökm sürür.
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nın təsdiq olunması barədə qərarı hələ 2026-cı ildə qəbul edib. Sənəddə “Gənclər evi”nin inzibati ərazi vahidlərində əhalinin sayı nəzərə alınmaqla, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına inşa edilmiş və gənclər siyasətinə aid sahələrdə fəaliyyət göstərən sosial xidmət müəssisəsi olduğu qeyd edilib. Yəni bu evlərdə təklif ediləcək bütün növ fəaliyyət və məşğuliyyət imkanları dövlət hesabına, ödənişsiz olmalıdır.
Qərarda “Gənclər evi” sosial şəbəkəsinin yaradılmasının və maliyyələşdirilməsinin əsasları təsbit edilib. “Gənclər evi” sosial xidmət müəssisəsinin yaradılmasının “Gənclər siyasəti haqqında” qanuna uyğun olaraq, gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi daşıdığı bildirilir. Sənəddə, həmçinin “Gənclər evi”nin öz işini Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq edilmiş illik fəaliyyət planına uyğun təşkil etdiyi, onun fəaliyyətinin tənzimlənməsi məqsədilə metodoloji işin müvafiq nazirlik tərəfindən həyata keçirildiyi əksini tapıb.
Nazirlər Kabinetinin qərarında “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin fəaliyyətinə nəzarət mexanizmləri də dəqiq müəyyənləşdirilib. Sənədə əsasən, bu nəzarət nazirlik tərəfindən ildə bir dəfədən az olmayaraq keçirilən monitorinq, habelə “Gənclər evi”nin direktorunun nazirliyə təqdim etdiyi hesabat vasitəsilə təmin olunur. Lakin gənclər üçün yaradılan o imkanlardan bölgələrdə neçə faiz gənc yararlanır, bu müəmmalıdır. Çünki bu evlərə gənclərin girişi, imkanlarından istifadə əlçatan deyil. Bir çox bölgədə Gənclər Evi rayonda hər hansı tədbir zamanı məkana ehtiyac olanda istifadə olunur. Dövlət Gənclər Evlərini ölkənin gəncləri üçün inşa edib, təzada baxın, gənclər ora buraxılmır, yaxud da məhdud imkanlarından istifadə edə bilirlər. Gənclər evləri kitabxana, kompyuter və idman zalları ilə təmin edilib, lakin bölgədə yaşayan gənclər sosiallaşma üçün çay evində toplaşırlar, qızların heç bu seçimi də yoxdur.
Təklif edərdik ki, uşaqların və gənclərin həm də fiziki inkişafı üçün şərait daha da genişləndirilsin. İdman, üzgüçülüklə və s. bağlı dövlətimiz həm fiziki, həm də mənəvi dəstəyi daha da artırsın. Xüsusilə uşaqların fiziki sağlamlıqlarının inkişafı ilə məşğul olan mərkəzlər daha da əlçatan olsun. Bölgələrdə uşaq və yeniyetmələr üçün ödənişsiz zallar istifadəyə verilsin. Əks halda, texnologiya əsrinin texno-köləsinə çevrilən gələcək nəsilin sağlamlığı şübhə altında olacaq.
Lalə Mehralı