Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə lokal antiterror əməliyyatları zamanı şəhid olan Cəlilabad elinin qəhrəman oğlu Nəcməddin Quliyevin ailəsi ziyarət edilib.
Ziyarətin təşkilində əsas məqsəd Vətənin çətin anında canını ona fəda edən şəhidlərin əziz xatirəsini yad etmək, onların qəhrəmanlıq salnaməsini gənc nəslə çatdırmaq, gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək, eləcə xalqın milli-mənəvi dəyərlərini təbliğ etmək olub.
Tədbir çərçivəsində şəhidin həyat yolu, hərbi fəaliyyəti və Vətən uğrunda göstərdiyi şücaətlər haqqında qürurla söhbət açılıb. Şəhidin atası Natiq Quliyev və anası Gülzar ana gənclərə Nəcməddin Quliyevin həyatından və ailəsi üçün əziz olan xatirələrdən danışıblar.
Ziyarət zamanı gənclər şəhidin şəxsi əşyaları ilə tanış olub, onun keçdiyi döyüş yolu haqqında məlumat alıblar.
Məlumat üçün bildirək ki, Nəcməddin Natiq oğlu Quliyev 21dekabr 1998-ci ildə Cəlilabadın Günzəli kəndində dünyaya gəlib. Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı son damla qanına qədər düşmənlə döyüşərək 25 yaşında adını qəhrəmanlıq tariximizə əbədi olaraq yazıb. Beləcə, milyonların ürəyinə köçən şəhid Nəcməddin Natiq oğlu Quliyev döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalına layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü