Sosial

  • 86 509

Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsidir

image

Hər bir dövlətin daxili siyasətinin prioritet istiqamətlərindən biri də onun sosial siyasətidir. Sosial siyasət əhalinin ayrı-ayrı qruplarının həyat keyfiyyətinin yüksəldilməsinə, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönələn tədbirlər sistemidir. Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsi olub, onun həyata keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağını əsas götürərək, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir.

Azərbaycan Respublikasının müasir sosial siyasətinin formalaşmasının əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə müəyyən edilmişdir. Əsas qoyulan sosial siyasət həm bu gün, həm də gələcəkdə insanların layiqli həyat şəraitinin təmin edilməsini, bu təminatın səviyyəsinin yüksəlməsini həyata keçirən yaxın və uzaqmüddətli proqramlar vasitəsi ilə reallaşdırır. Ulu Öndər Heydər Əliyevin "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" imzaladığı sənəd həmin dövrdə əhalinin rifahının yüksəlməsində mühüm rol oynamışdır.

Sosial ziddiyyətsiz cəmiyyət, əslində, sosial ədalətli cəmiyyətdir və belə bir cəmiyyətin qurulması müasir dövrdə hər bir dövlətin arzusu olsa da, dövlət bu önəmli məsələnin öhdəsindən gəlmişdir. Azərbaycan dövlətinin sosial siyasəti sosial ədalətin bərqərar olunmasına, milli sərvətlərin artırılmasının təmin edilməsinə, milli sərvətlərin ədalətli bölgüsünün həyata keçirilməsinə, istiqamətlənmiş proqramlar şəklində həyata keçirilən davamlı və dinamik prosesdir. Sosial siyasətin əsas konturları və hədəfləri Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında dolğun şəkildə öz əksini tapmışdır. Bu konsepsiyaya görə Azərbaycan Respublikasının sosial siyasət sahəsində başlıca hədəfi əhalinin bütün qruplarının ədalətli sosial təminatını həyata keçirməklə sosial rifah dövlətinin qurulmasıdır.

Tarif Şurası təbii qazın qiymətininin artırılması barədə, Dövlət Neft Şirkətinin müraciətini əsas götürüb. Müraciətdə qeyd edilib ki, son illər şirkət tərəfindən paylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qaz təchizatının davamlığının təmin olunması üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti artırılıb. Müraciətdə, həmçinin vurğulanıb ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsini hasilatın pay bölgüsü sazişinə uyğun olaraq, əməliyyat şirkətindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərindən yüksək olması bunu tələb edir. Dövlət Neft Şirkətinin müraciətində bütün istehlakçılar üçün təbii qaz tarifinin 1000 kubmetri üçün 180 manata qaldırılması zərurəti bildirilib. Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə yeni tarif tənzimləməsində də sosial siyasət əsas götürülüb, diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək, 1 kubmetr üçün 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Xüsusi vurğulamaq lazımdır ki, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır. Deməli, diferensial tariflərin tətbiqi nəticəsində, bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq. Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün onun qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Tarif Şurasının qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə 1000 kubmetr üçün 120, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Göründüyü kimi, dövlət yenə də enerji daşıyıcılarının qiymətini, imkan daxilində minimum səviyyədə saxlamaqla, əhalinin sosial müdafiəsini nəzərə alıb. Əgər elektrik stansiyalarına verilən qazın 1000 kubmetri 200 manat olsaydı, istər-istəməz elektrik enerjisinin dəyəri yüksək səviyyəyə qalxacaqdı.

Qəbul edilən qərar da bununla bağlıdır. Beləliklə, elektrik enerjisinin 1 kilovat-saatı üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək, 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Qeyd edək ki, "Azərişıq" ASC-nin məlumatına görə, əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır. Buna görə də diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaq. Xalq ilə İqtidarın arasındakı mükəmməl birliyin olması, müstəqil siyasətin demokratik inkişafı təmin etməsidir. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının himayədarıdır, Onun qəbul etdiyi qərarlar xalqın rifahının yaxşılaşmasına sosial müdafiəsinin təmin edilməsinə istiqamətlənmişdir.

Təranə Kərimova,

YAP Səbail rayon qadınlar şurasının sədri,

iqtisadçı-alim

Digər xəbərlər