Ömrü Vətəninə, xalqına şərəfli xidmətin nümunəsi olan Yeni Azərbaycan Partiyasının veteran üzvü, uzun illər YAP Astara rayon təşkilatına rəhbərlik etmiş Firudin Əhmədovun 60 yaşı tamam oldu. Bu, işıqlı adam çalışdığı vəzifədən asılı olmayaraq nəcib, xeyirxah
əməllərinə görə böyük hörmət və nüfuz qazanıb. Halallığı, mənəvi saflığını həyatının mənası hesab edən dəyərli şəxsiyyətin işığına can atanlar çoxdur. Adəti üzrə Firudin Əhmədov yenə də el-obanın inkişafı üçün əzmkarlıq göstərir, hamıya xeyirxahlıq etməyi çox sevir.
Dövlətinə ürəkdən bağlanan, Prezident İlham Əliyevin apardığı siyasətini hər zaman dəstəkləyən, qalib bir ölkənin vətəndaşı olmaqla fəxr edən, xalqın xoş günləri naminə çalışmadan zövq alan Firudin Əhmədovun yubileyi münasibətilə YAP Astara rayon təşkilatında görüş keçirildi.
Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Pedaqoji Kollecinin direktoru - YAP ərazi partiya təşkilatının sədri, professor, şəhid atası Kamran Kazımov, Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru - YAP ərazi partiya təşkilatının sədri Kübra Səmədova, Astara rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Rafiq Əliyev, YAP Astara şəhəri, H. Əliyev prospekti 32 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Arzu Əhmədova və aparatın əməkdaşları iştirak edirdilər.
YAP Astara rayon təşkilatının sədri H. Cəfərov yubilyar haqqında fikirlərini bölüşərək dedi:- Xalqına, dövlətinə sədaqətlə xidmət edən, üzərinə düşən sosial məsuliyyətini düzgün dəyərləndirən, cəmiyyətin sayılıb-seçilən şəxsiyyətinə çevrilən Firudin Əhmədov 33 ildir ki, Yeni Azərbaycan Partiyasının sıralarında uğurla təmsil olunur. O, rayon təşkilatının yaradılmasında öz töhfəsini verən, yüksək təşkilatçılıq qabiliyyətinə malik, pak niyyət və arzulara tapınmış insanlardandır və uzun müddət YAP Astara rayon təşkilatının sədri kimi fəaliyyət göstərmişdir. Hal-hazırda da partiyanın tədbirlərində, həmçinin rayonun ictimai-siyasi həyatında fəaldır, gəncləri saf məram və məqsədlər ətrafında səfərbər etməyi bacarır.
Professor Kamran Kazımov, Rafiq Əliyev, Kübra Səmədova, Arzu Əhmədova yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər və gələcək həyatında uğurlar arzulamaqla bərabər, onu da bildirdilər ki, Firudin müəllimin keçdiyi ömür yolu hər bir astaralılar üçün mənəviyyat, kamillik örnəyi ola bilər.
Firudin Əhmədov öz növbəsində göstərilən diqqətə görə partiya rəhbərliyinə öz minnətdarlığını bildirdi “Bu Partiya bizə doğmadir, Ulu Öndərin bizə əmanətidir, YAP üzvü olmaq mənim üçün böyük qürurdur. Bundan sonra da Partiyanın işində daha fəal və məsuliyyətli olacağam”- dedi.
Sonda yubiley yaşı münasibəti ilə F. Əhmədova YAP Astara rayon təşkilatı tərəfindən “Təbriknamə” və qiymətli hədiyyə təqdim olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü