Elçin Bayramlı
Son vaxtlar müxtəlif ölkələrdə uşaqlar və yeniyetləmələr tərəfindən törədilən ağır cinayət və intihar hallarının sayı artır. Bu günlərdə Türkiyədə baş verən hadisələr də göstərdi ki, bu sahədə vəziyyət faciəvi həddə gəlib çatıb. Məktəbdə odlu silahla terror törədərək bir neçə nəfəri qətlə yetirən şagirdlərin davamlı olaraq PUBG oyunu oynadıqları təsbit olunub.
Çox təəssüf ki, son dövrlərin ən təhlükəli tendensiyalarından biri də budur. Müasir multfilmlər, kompüter oyunları, mafiya serialları, zombi filmləri- bunlar uşaqların psixologiyasını məhv edir və onları vəhşiləşdirir. 20 ildən çoxdur ki, bu barədə danışırıq, yazırıq, həyəcan təbili çalırıq, lakin faciəvi faktlara baxmayaraq heç kim narahat olmur.
Xüsusən, müasir virtual oyunlar çox təhlükəlidir. Uşaqlar fərqinə varmadan bu oyunlarda məqsədə nail olmaq üçün adam öldürür, qan tökür, şəhərləri dağıdır, hər cür vəhşilik törədirlər. Bu, psixoloji narkomaniyadır. Bu kimi oyunlar elə proqramlaşdırılır ki, alqoritmlərlə uşaqları daimi asılı vəziyyətdə saxlayır. Növbəti mərhələlər, maraqlı proseslər uşaqları daim oyunda saxlamaq üçün təşkil olunub. Beləcə, uşaqların psixologiyasını tamamilə mənfi istiqamətdə formalaşdırır, eyni zamanda gözlərini zədələyir, real ünsiyyətdən uzaqlaşdırır. Bu, tərbiyəni pozur, dərslərdən, fiziki fəaliyyətlərdən, idmandan uzaqlaşdırır. Qısaca desək, bu oyunlar və sistemlər insanları zombiyə çevirmək üçün uşaqlıqdan tətbiq olunan xüsusi proqramlardır.
Artıq bir çox ölkələrdə bunun fərqinə varıblar və buna qarşı mübarizə aparılır. Bəzi ölkələrdə 18 yaşa qədər şəxslərin sosial şəbəkələrə girişi tamamilə qadağan edilib, internetdə məhdudiyyətlər tətbiq olunub. Bir çox ölkələrdə zərərli oyunlar dövriyyədən çıxarılıb. Yalnız müsbət ruhlu, öyrədici, inkişaf etdirici, konstruktor və intellektual oyunlardan istifadə edilə bilər. Onların da zaman məhdudiyyəti olmalıdır. Çox təəssüf ki, bizim cəmiyyətdə bu məsələyə yanaşma sıfır səviyyəsindədir. Heç kim buna ciddi münasibət göstərmir.
Valideynlər öz azyaşlı uşaqlarına yekə smartfonlar alıb verir və onları psixotron terror yuvası olan qorxunc virtual məkanın caynağına atırlar, öz rahatlıqları üçün uşaqları saatlarla, günlərlə kompüter və televizor qarşısında buraxırlar. Nəticə ortadadır: uşaqların psixologiyası və sağlamlığı pozulur, tərbiyəsi, təhsilə marağı, insanlarla ünsiyyəti və mədəni səviyyəsi zəifləyir. Bu, məktəblərdə, evlərdə, həyatda açıq görünür. Uşaq kriminalı, intiharı artır.
Elmi olaraq sübut olunub ki, uşaqlar üçün nəzərdə tutulmuş oyunlar, multfilmlər və videomateriallar subliminal mesajlarla doludur. Bu, məqsədli şəkildə insanların psixologiyasını dəyişdirmək və yönləndirmək üçün tətbiq edilir. Sosioloji tədqiqatlar bunu da təsdiqləyir. Prosesin nəticəsi açıqdır və yaxın 5-10 ildə faciəli vəziyyət yarana bilər. Bu səbəbdən də hesab edirəm ki, bununla bağlı xüsusi bir təşkilat və ya dövlət orqanı yaradılmalı, məsələyə ciddi nəzarət tətbiq olunmalıdır. Qadağalar və məhdudiyyətlər qoyulmalıdır.
Azərbaycan Konstitusiyasında və qanunlarda açıq göstərilir ki, uşaqların mənəvi, psixi və fiziki sağlamlığına zərər vuran fəaliyyətlər aradan qaldırılmalıdır. Valideynlər bunun təminatçısıdır, əgər yerinə yetirmirlərsə, sərt şəkildə məsuliyyətə cəlb olunmalıdır. Öz uşağını məqsədli şəkildə məhv etməyə çalışan valideyn gələcək cəmiyyətə terrorçu, cinayətkar, qatil yetişdirir.
Cəmiyyətin bu məsələdə iştirakı sıfır səviyyəsindədir. Ümid yalnız dövlətə qalır. Dövlət tərəfindən son vaxtlar bu istiqamətdə ciddi işlər görülür: televiziyadakı verilişlərin nəzarət altına alınması, zərərli yayımların dayandırılması, sosial şəbəkələrdə məhdudiyyətlər və bəzi şəxslərin məsuliyyətə cəlb olunması. Bunlar təqdirəlayiq addımlardır, lakin kifayət deyil, daha ciddi nəzarət olmalıdır. Əks halda, biz təhlükəli bir gələcək gözləyirik.
Dünyada aparılan sosial tədqiqatlar, kriminal statistika göstərir ki, uşaq kriminalı artır, uşaqlar aqressivləşir, intiharlar və qətillər çoxalır. Bu, həm psixoloji, həm də fiziki problemlər yaradır. Həkimlər də bunu təsdiqləyir. Bu qədər böyük təhlükənin qarşısında təəssüf ki, ciddi yanaşma yoxdur. Mən inanıram ki, Azərbaycan dövləti sağlam cəmiyyətin qurulması üçün fəaliyyətini artıracaq. Daha ciddi tədbirlər görülməlidir: həm evlərdə, həm məktəblərdə uşaqların mənəvi və fiziki sağlamlığı qorunmalıdır. İnternet məkanı üzərində texniki üsullarla zərərli kontentlərin bloklanması, kompüter klublarındakı oyunların analizi və zərərli oyunların dövriyyədən çıxarılması vacibdir. Kriminal serialların və aqressiv multfilmlərin yayımı qadağan edilməlidir. Bu kimi üsullar bir çox ölkələrdə artıq tətbiq olunur və bizdə də buna ehtiyac var. Bu, mütləq zərurətdir. Biz onsuz da artıq gecikmişik, amma bu gün tədbir görməsək, yaxın gələcəkdə çox təhlükəli vəziyyətlə üzləşəcəyik.
Uşaqlar və böyüklər bir az fərqli reallıqlarda yaşayırlar…