Artıq kifayət qədər bəllidir ki, əslində ənənəvi müxalifətin əsas uğursuzluğu düşərəgənin həqiqi, real siyasətlə idealizm arasında qalması olub. Məhz bütün məğlubiyyətlər də bu fonda baş verir. İstər prezident, istərsə də parlament seçkilərində biz dəfələrə bu halın şahidi olmuşuq.
Hansı ki, ideal adlandırılan siyasətin özü də idealizmi qəbul etmir və bütün gedişlərin reallıqlar üzərində qurulmasını təşviq edir. Necə deyərlər, digər məsələlərdə olduğu kimi, siyasətdə də idealizm yoxdur.
Müxalifətin hazırkı durumuna baxdığımız zaman biz bir halı görürük - radikallar depressiyaya düşmüş insanı xatırladırlar. Baxmayaraq ki, müxalifət "liderləri" onlara qarşı çıxan istənilən partiyadaşını oyundan çıxdaş edir. Onsuz da kritik vəziyyətdə olan "liderlər" bununla özlərini daha çıxılmaz durumlara doğru sürükləyirlər. Ən azından isə Müsavat və AXCP-də baş verənlərə ötəri nəzər salsaq, bu həqiqəti görərik.
Əvəzində sırf bu qorxularla saman altından hakimiyyətlə aparılan dialoqlar fiasko ilə nəticələnib, açıq aparılmayan dialoqların bədəlini son nəticədə elə müxalifət ödəyib.
Əslində, ənənəvi müxalifət şəxsi münasibətlər zəminində hisslərin deyil, reallığın işığında hərəkət etsəydi, bir çox mövqeyini bu qədər asanlıqla itirməzdi. Məsələn, iqtidarla dialoqa gedən tərəfləri satqın, xəyanətkar adlandırmasaydı, özləri də dialoqa qatılsaydı, normal siyasi mühitə uyğunlaşaraq dəyişik siyasətə baş vursaydı, bu zaman düşərgədə uğurdan danışmaq mümkün idi. Ancaq bu mümkünlük şəxsi dividendlər, şəxsi maraqlar səbəbindən mümkünsüzlüyə çevrildi.
Beləliklə, siyasi rənglərini dəyişməli olduqları halda, bunu edə bilməyənlər, çox çətin bir hala qədər süründülər. Halbuki siyasətçilər də uzun illər eyni səngərdə qalmalı deyillər, daha çox manevr etməyi, fikir və mövqe dəyişməyi, inkişaf etdirməyi bacarmalıdırlar. Siyasi partiya və ya hər hansı siyasi ideologiyanın tərəfdarları stabil deyil, zamana görə çoxala və azala bilər. Çünki insanlar, bütövlükdə cəmiyyət bir çox halda mövqeyini, partiyasını və fikirlərini dəfələrlə dəyişir. İnsan səhv edərək təcrübə toplayır, təcrübə topladıqca inkişaf edir. Ancaq radikal, "ana müxalifət" adına iddialı olanlar düşdükləri səhvlərdən qətiyyən nəticə çıxarmağı bacarmırlar. Təbii ki, bütövlükdə müxalifətin uğursuzluğunda ən böyük məqamlardan biri də aparıcı müxalif siyasi partiyaların son 20 ildə hakimiyyətdən daha çox özünə rəqib olaraq gördükləri digər müxalif partiyaları sıradan çıxartma cəhdləri və bir-birilərinə qarşı hədsiz aqressiya olub. Bu baxımdan, müxalifət partiyalarının bir-birinə vurduğu zərbə kifayət qədər çoxdur və bu dava-dalaş, tərəf olan bütün partiyalara ictimai nəzərdə reytinq itirtdirib. Nəticədə, bir dönəmin aparıcı müxalifət partiyaları sayılan AMİP, ALP, ADP tamamilə sıradan çıxıb, AXCP Əbülfəz Elçibəyin vəfatından sonra dəfələrlə parçalanıb, Müsavat partiyası gurultulu istefalarla büdrəyib. Yəni nəticə budur və göz qabağındadır. Artıq belə müxalifətə müxalifət deyib saya salmaq da doğru olmazdı...