AXCP, KXCP və ADP başda olmaqla bir neçə radikal müxalifət partiyası noyabrda baş tutmuş parlament seçkilərini öz təbirlərincə boykot etdilər. Onlar belə planlaşdırmışdılar ki, bu addımlarından sonra Qərb öz pul kisəsinin ağzını açıb, onlara qəpik-quruş atacaq. Ancaq müxalifət siyasi arenada uduzduğu kimi, öz proqnozlarında da uduzur. Hətta deyə bilərik ki, radikal müxalifət uduzmağı bir peşəyə və ənənəyə çevirib. Beləlkilə, giya boykot edərək, məqsədlərinə nail olacaqlarını düşünən partiyalar əsas olaraq Avropa Parlamenti və ATƏT kimi beynəlxalq qurumlara ümid etsələr də, ümidləri doğrulmadı.
Lakin məsələnin kökündə başqa problem də var. Həmin problem ki, uzun illərdir müxalifətə məğlubiyyət acısı yaşadır. Həmin illər ərzində də cəmiyyəti düşündürən əsas məsələ məhz radikal müxalifətin niyə özünə yer tapa bilməməsi və bütün növ seçkilərdə məğlub olması ilə bağlıdır. Bəllidir ki, müxalifət heç bir seçkiyə vahid güc formasında gedə bilmir. Yaradılan blok və birliklərdə sonradan baş qaldıran hərc-mərclik, partiyaların xidmət mərkəzlərindəki müxtəliflik, Əli Kərimli, İsa Qəmbər kimi ənənəvi müxalifət liderlərinin şəxsi ambisiyaları və s. kimi amillər radikal müxalifətin seçkilərə vahid birlik formasında getməsinə mane olur. Ümumiyyətlə, dünya praktikasında müxalifətin seçkilərə birlik formasında getməsi anlayışı olmamalıdır. Ona görə ki, müxalifəti təşkil edən partiyalar ayrı-ayrılıqda güc olmalıdırlar. Lakin Əbülfəz Elçibəy Azərbaycan siyasətindən getdikdən (vəfat etməsinə görə) sonra bu anlayış tamamilə aradan qaldırıldı. Bundan sonra "müxalifətin yeganə lideri postu" uğrunda Əli Kərimli və İsa Qəmbər arasında "soyuq savaş" başladı. Elçibəyin vəfatından bu yana məhz radikal müxalifəti təşkil edən Müsavat, AXCP və KXCP kimi partiyaların liderləri hakimiyyətə gəlmək uğrunda yox, müxalifətdəki mövqelərini aydınlaşdırmaq üçün mübarizəyə başladlar. Beləliklə, müxalifəti daxilindən parçalayan radikallar öz tərəfdarlarını da sürətlə itirdilər. Bu gün etibarilə "bir həsir, bir də Məmmədnəsir" qalan radikal müxalifətin seçkilərdə qalib gəlməsi üçün heç bir real şansı yoxdur.
Bundan sonra radikal müxalifət başqa taktikaya keçdi, aşkar zəif olduğunu və heç minimum səs də yığa bilməyəcəyini görüb bir çox hallarda seçkilərdə iştirakdan imtina etməyə başladı. Bununla gözləyirdilər ki, xarici dövlətlər bunlara dəstəyi artıracaq, beynəlxalq təşkilatlar ölkəmizə təzyiq edəcək. Hətta blok şəklində belə minimum səs yığa bilməyən bir qüvvəni necə ciddi müxalifət saymaq olar? Hətta ümumi qələbə naminə belə bu adamlar sözü bir yerə qoya bilmədilər, başçı kim olacaq məsələsini həll edə bilmədilər. Çünki yalnız marginal maraqlarını güdən adamlar müxalif düşərgədə rəhbərlik monopoliyası yaradıblar. Başqa vaxt deyirlər ki, bəs hakimiyyətə gəlmənin demokratik yolu seçkilərdir, absurddur- bəs onda seçkilərdə niyə iştirak etmirlər? Bəli, boykot "mən zəifəm, ona görə də cığallıq edirəm" deməkdir. Görünən isə budur ki, müxalifətin güc yığa bilməməsində əsas səbəb xarici dairələr, hətta ermənipərəst mərkəzlərlə əməkdaşlıqlarının ifşa olması, ancaq şəxsi maraqlarını güdmələri, heç bir aydın siyasi və sosial-iqtisadi proqramlarının olmaması kimi səbəblərdən dolayı konkret olaraq xalqın inamını tam itirmələri ilə bağlıdır. Xalqın inamı olmayan yerdə isə siyasət yürütmək, necə deyərlər, qurbağanın buz üzərində tərləməsinə bənzəyir...