PDF Oxu

Köşə

  • 2 507

"ANA!" HAYQIRAN YETİM KÖRPƏLƏR

image

Müharibə acısı, müharibənin gətirdiyi acı göz yaşları, qan-qadalar, bəlalar, ah-nalələr barədə onu yaşayan, görən, şah damarları qədər yaxından hiss edən insanlar daha yaxşı bilirlər. Mənə bu yazını yazmağa vadar edən məsələ saytların birində yer almış videogörüntülərdir. Suriyada yaşayış massivlərinin birində hava bombardmanından sonra baş verən tükürpədici görüntülərdə viran qalmış binalar arasında balaca körpələrin "ana" hayqırıb ağlaya-ağlaya ora-bura qaçmaları səhnəsinə baxıb göz yaşı axıtmamaq olmur. Bu, bəşəri bəladır, çox ağır bir bəşəri bəla! Elə bir bəşəri bəla ki, onu siyasi, dini-məzhəbi, hakim olmaq ambisiyalarına gətirib-çıxarır. Uzun illər dünyanın stabil, normal inkişaf edən bir sivil ölkəsi kimi tanınan Suriyada belə görüntüləri görmək, həqiqətən də ürək ağrısıdır. Eləcə də Liviya, İraq və s...

Bu görüntüləri izlədikdən sonra adamın ağlında belə bir sual yaranır ki, axı kimdir əsas günahkar, əsas baiskar? Bu məzlum körpələrin çəkdikləri "ana" fəryadları, suallı gözlərindəki "anam hanı?" inikasları, əksetmələri kimin boynuna böyük günah kimi yazılacaq? Sonra daha bir sual yaranır, axı "İslam Dövləti" deyilən terror təşkilatı orada nə gəzir ki, bu gün onlara tərəf atılan bombalardan balaca körpələr də "hədiyyə" alırlar? Yəqin ki, böyük güclərin qanlar üzərində milyardlarla dollar qazanmaq arzularının reallaşdırılması üçün apardıqları bu amansız müharibədə kiçik körpələr də aldıqları "hədiyyərlər"in hesabını soracaqlar nə zamansa!

İnsan müharibə istəmir. Halbuki müharibəni edən də məhz insan oğludur. Bu insanlardan biri öldürəndir, digəri isə öldürülən. Öldürənin də körpəsi var, öldürülənin də. Kəsişən, üst-üstə düşməyən maraqlar və axıdılan qanlar. Ancaq ortada olan-olur. Uşaqlar yetim qalır, analar övladlarını itirir. Kimisi kiçik, kimisi də böyük yaşlarında. Necə deyərlər, övlad-övladdır və övladın böyüyü-kiçiyi olmur.

İndi mən də bir valideyn, övladlar atası kimi narahat və nigaranam. Görəsən, bombardmandan sonra dağıntılar arasında qıyya çəkib yetimləşən həmin körpələrin anaları sağ olaraq tapıldımı? Axı onların da bir gələcəyi var, əgər siyasi, dini-məzhəbi ambisiyaları uğrunda qanlı müharibələr edən güclər buna imkan versələr. Ancaq görünür, biz yaxın illərdə belə səhnələri çox görəcəyik. Necə ki, Xocalımızda, Bağanıs -Ayrımımızda, Qarabağımızda görmüşüksə, bundan sonra da görməkdə davam edəcəyik. Düzdür, müharibə qansız-qadasız olmur. Ancaq nə olardı ki, müharibələr olmasın və körpələr yetim qalmasın!

P.S. Bəzən elə halların da şahidi oluruq ki, analar öz övladlarını küçəyə atıb şəxsi həyatlarını istədikləri kimi sürdürməyi üstün tuturlar. Bəs görəsən, bu, nə deməkdir, buna hansı adı vermək olar? Hər halda bu, müharibədən də betər bir haldır. Müharibədə yetim qalanlar və müharibədən kənar yetim buraxılanlar. Bütün hallarda gözüyaşlı qalanlar körpələrdirlər...

Digər xəbərlər