PDF Oxu

Köşə

  • 3 261

Cəbhəçi olmaq ağır "iş"di

image

Ən çətin iş işsizlikdir. Amma bu, o demək deyil ki, bu çətin "iş"ə tab gətirməyib özünü daha çətin və ağır "iş"ə salasan. Məsələn, gecə yuxuda kreslo görüb dərhal yuxudan ayılan kimi AXCP-yə üz tutursan. O zaman indi biz deyə bilərikmi ki, əgər AXCP-yə üz tutanlar həqiqətən də işsizlərdisə, bəs bu partiyanın nə üçün 500 nəfər belə üzvü yoxdur!? Deməli, məsələ başqa cürdür, daha çox işləmək istəməyən işsizlər cəbhəyə üz tuturlar, AXCP onlar üçün "gələcəyə aparan sükan" kimi görünür. Ağır "iş" bundan sonra başlayır, adam var ki, 20 ildir bu "işin yükü"nü çiyinlərində daşıyır. Nədir bu yük? İllərlə vəzifəyə gələcəyini düşünür, "Azadlığ"ın səhifələrində özünə "ümid" tapır, ildə iki dəfə "Məshul"a gəlib özünün də inanmadığı, amma sehrindən çıxa bilmədiyi mənasız vədlərə, bəyanatlara qulaq asır. Bəzən qanunsuz hərəkət etməyə məcbur olur və buna görə döyülür də. Bütün qohum-əqrəba yığılır bir yerə, bu "azadlıq" vurğununu yola gətirə bilmirlər ki, bilmirlər. Əsl faciə bundan sonra başlayır. Əgər əvvəllər qəlbində bir-iki faiz işləmək həvəsi var idisə, indi o da yoxa çıxır, bu boşluğu da kin-küdurət, qəzəb doldurur. Bir müddət sonra dindar ata-ana öz qarşısında ateizmin ən üfunət qoxan bir modelini görür. Ailəyə də əsl bədbəxtlik bundan sonra gəlir. Artıq hər şeyi qara görməyə başlayırsan. Ömrü AzTV-yə baxmaqla keçən atanı ekran qabağında görəndə onu yaltaqlıqda ittiham edirsən, "Allah dövlətimizi qorusun" deyən mömin ananı az qalırsan ki, casusluqda qınayasan, dövlətdən pensiya alan qoca nənəni haram yeməkdə qınayırsan, qardaşlarını, bacılarını işləməyə qoymursan ki, bu hökumətdən alınan bir qəpik pul da haramdır! Əhsən, a bala! Və beləcə illər ötür... Bir də baxırsan ki, yaş 30-u ötüb, ailə də qurmamısan, bir yerdə də işləmirsən. Düz qırx yaşına kimi hakimiyyət dəyişəcək deyə 50%-lik "ümid"lə bir təhər qidalanırsan. Və dəhşət 40-dan sonra başlayır. Heç nəyin alınmadığına şahid olursan, bir tərəfdən də ömrünün çox hissəsini başa vurmağın səni tok kimi vurur. Bu zaman daha da azğınlaşırsan: "Əşi, onsuz da itirəcəyim bir şey yoxdur, arvad-uşaq yerli-dibli yoxdur, ata-ana dünyasını dəyişib, qardaş-bacı da bir təhər öz başını dolandırır...". Əsl kirayə qalmağın ağrı-acısını bundan sonra hiss edirsən. "Onsuz da itirəcəyim bir şey yoxdur" prinsipi səni "AXCP-nin kamikadzesinə" çevirir və bundan sonra Əli Kərimlinin hər zibilinə düşməli olursan, özünü hər dəlmə-deşiyə soxursan ki, cəbhəçi olduğunu sübut edəsən.

Atanı AzTV-yə baxmaqda ittiham edərkən geyindiyin qostyum hələ də əynindədir, AzTV isə hələ də danışır. Nənən də pensiyasını alıb qurtarıb. Ata-anan da haqq dünyasındadır. Sənsə hələ də danışırsan, deyinirsən. Amma bircə dəfə özünə baxmırsan ki, baxmırsan! Daha ürək dözmür və nəhayət ömür belə başa çatır. İsa Qəmbər və Əli Kərimli də ədədi 1 manat 50 qəpiklik beş-altı gül alıb qəbrin üstündə səni "qəhrəman, azadlıq aşiqi, xalqın azadlığı uğrunda ölən lider" kimi təqdim edirlər. Pərdə salınır...

Digər xəbərlər