Normal siyasətlə məşğul olan istənilən şəxs hər zaman müxalifət partiyalarında yerdəyişməni müşahidə edib, indi də etməkdədir. Bunun isə səbəbləri barədə çox danışılıb, çox deyilib. Amma ki, çifayda..! Bu gün müxalifətdə olan hazırkı şəxslərin 15-20 illlik siyasi fəaliyyətləri dövründə ancaq dağıdıcılığa meyillik fəaliyyəti daha çox yadda qalıb ki, hazırkı məqamda da bunu görməkdə davam edirik. Məsələn, indi də dünyada neftin qiymətinin aşağı düşməsindən istifadə edən radikallar, necə deyərlər, öz köhnə ənənələrinə sadiq qalaraq, az qala bunu da Azərbaycan iqtidarının üzərinə yıxmağa çalışırlar. AXCP sədri Əli Kərimlinin öyrətdiyi əmioğlusu bir yandan insanları baş kəsməklə hədələyir, "Milli Şura"nın sədri Cəmil Həsənli kiril əlifbasında "Quran" oxuyan mollalar kimi sarsaq-sarsaq moizələr oxuyur, Müsavat başqanı Arif Hacılı da o biri yandan "ağıllı-ağıllı" böhrandançıxma "layihələrini" camaatın gözünə zorla dürtüşdürür. Amma bir deyən də yoxdur ki, ay bala, sən bu qədər ağıllı-kamallı uşaqsansa, onda niyə ötən illər ərzində nəinki iqtidara gəlməyi bacarmayıbsan, hətta iqtidarın həndəvərinə də yaxınlaşa bilməyibsən?! Bir bunun cavabını pis-yaxşı ver biz də bilək ki, nə var, nə yox. Yoxsa düşmüsünüz ortaya ki, a hoydu-hoydu..!
Beləliklə, müxalifət özünün tərkibində baş verən rüsvayçılıqları gizlədib, hər şeydə iqtidarı günahlandırır. Məsələn, unudurlar ki, onlar birlik yaradıb, fəaliyyət yolu tutmaq prinsipindən hər zaman uzaq olublar. Bu baxımdan, Müsavatdan istefa verənlərin "Milli Şura"ya, "ADR"ə və digər müxalifət qurumlarına üz tutmalarını, yaxud da AXCP-dən istefaya gedənlərin Müsavata, digər partiyalara keçmələrini müxalifət düşərgəsində gedən proseslərin tərkib hissəsi kimi dəyərləndirmək lazımdır.
O da sirr deyil ki, əslində, AXCP və Müsavat rəhbərliyi arasında olan qarşıdurmanın kökü çox dərindir. Onların birinin digərini qəbul etməməsinin əsası 1992-ci ildən qoyulub. Bunun da faciəli acısını digər müxalifət partiyaları çəkib. AXCP-Müsavat qaşıdurması səbəbindən müxalifət partiyaları birləşmək üçün nə qədər müxtəlif qurumlar və bloklar yaratsalar da, heç bir xeyiri olmayıb. Çünki AXCP-Müsavat düşmənciliyi müxalifətin ümumi məqsədləri bir araya gəlməsinə imkan verməyib. Bu proses səngiməyəcək. Yalnız hər iki partiyanın rəhbərliyində təmsil olunan şəxslərin siyasətdən getməsi ilə düşərgə daxilində sakitliyə nail olmaq olar. Bu isə mümkünsüz görünür. Çünki AXCP-Müsavat rəhbərliyi siyasətə mübarizə vasitəsi kimi deyil, gəlir mənbəyi kimi baxırlar.
Bu qüvvələr çoxdan cəmiyyətin gözündən düşüb. Bunun da səbəbi müxalifət təmsilçilərinin yersiz hərəkətlərə, ürəkbulandırıcı ifadələrə əl atması ilə bağlıdır. Ciddi siyasətlə məşğul olan kəs, özünü cəmiyyət içində biabır etməməlidir. Bunlar isə çoxdan özlərini rüsvay ediblər.
Birmənalı şəkildə demək olar ki, bələdiyyə seçkiləri ilə bağlı müxalifətin fəaliyyətinin hiss olunmaması müxalifət düşərgəsində baş verən qarşılıqlı çəkişmələrin olması ilə bağlıdır. Demək olar ki, müxalifət təmsilçiləri çox gözəl bilirlər ki, onların ölkədə keçiriləcək seçkilərdə nə isə bir uğur qazanmaları mümkün olan məsələ deyil. İndidən proqnoz vermək olar ki, bələdiyyə seçkilərində müxalifət məğlubiyyətə düçar olacaq. Digər tərəfdən, onların elektoratları, sosial bazaları da yox səviyyəsindədir. Bizlər bunu ötən parlament və prezident seçkilərində də kifayət qədər müşahidə etmişik. Bu baxımdan, düşərgə mənsubları, əvvəllər olduğu kimi, hər dəfə məhv olana qədər bu aqibəti yaşayacaqlar. Hətta müxalifətin siyasi devalvasiyaya uğradığını da demək olar. Ona görə ki, onların bu gün ən çox xoşladıqları söz də elə devalvasiyadır. Yatıb yuxularında görüblər ki, devalvasiyanın "şotuna" hakimiyyətə gələcəklər Allah qoymasa...