Demək, o gün səhər-səhər metrodan çıxmışam və Əlinin papağını Vəlinin, Vəlinin də papağını Əlinin başına qoya-qoya, dağı arana, aranı da dağa apara-apara üzü işə sarı gedirdim. Fikirli idim, siqaret çəkirdim yolda və birdən...
Birdən məndən xeyli aralıda gələn bir əliuşağlı qadın elə mənəcə eşitdirərək qayıdıb dedi ki, siqareti çəkib, tüstüsünü dalda gələn adamların üzünə üfürürməmiş (??!!). Qardaş, indi de görüm, fikirli olasan, banka borcların barədə fikirləşəsən, uşağının təhsil ödənişi barədə düşüncələrə dalasan və belə bir anda kimsə səni durduğun yerdə sancsın, nə edərsən?
Bir istədim dinməyəm. Çünki yanında uşaq var idi. "Amma ürəyimdə qalmasın" deyə səbrsizlik etdim və qadına əsəbi-əsəbi dedim ki, ay xanım, məgər tüstünü üfürəndə dönüb dala baxmaq lazımdır ki, görüm adam var, ya yoxdur? Ya da gözləməliyəm ki, adam keçsin sonra bu zəhirmara qalmışın tüstüsünü bayıra üfürüm? Yoxsa siqaret çəkmək üçün səndən xüsusi "propusk" almalıyam?! Düzü, qadın heç nə demədi, yəqin onu da metroda, ya da avtobusda kimsə acılayıb, yaxud evdə kişisi soyuq çay verdiyinə görə "başına sığal çəkib" və o da həmin acısını mənim üzərimə töküb səhər-səhər...
Amma sonradan açığını deyim, peşman oldum. Çünki mən də qadının zəhərini özünə qaytardığım zaman yanındakı uşaq mənə elə məsumcasına baxırdı ki...Belə yerdə özüm-özümə dedim, bizi axırda bu zəhirmara qalmış səbrsizlik öldürəcək, başqa heç nə!!!
Qardaş, metroya minirsən, bir problem, düşürsən iki problem, minmirsən o da olur problem. Hər gün "Sahil" metrostansiyasından çıxıb üzü ekskalatora sarı gedəndə "Allah-Allah" deyirəm. Çünki qatarın qapıları açılar-açılmaz millət ekskalatora sarı nə təhər hücm çəkirsə, dizini bir balaca yumşaltsan, qalacaqsan ayaqlar altında. Hamı qatarın qapısından ekskalatora doğru gedən o qısa yolu kross kimi qaçır! Nədir ki, birinci olmaq üçün. Yadıma düşmüşkən, bir qoca nənə keçən həftə millətin ekskalatora hücumu zamanı yaxşı bir söz işlətdi. Dedi ki, bu milləti nə devalvasiya, nə də müharibə qıracaq. Bu milləti qıracaq zad səbirsizlikdir, cahamata (ləhcə ilə camaat sözünün bir mənası) bax, elə bil ipdən qırılıb qaçan qurbanlıq danadırlar. Yazıq nənə qorxusundan kənara çəkilib, əllərini ölçə-ölçə gileylənirdi. Amma çifayda! Bu "Sahil" metrostansiyasının ekskalatoruna birinci minmək uğrunda kross qaçışları hər zaman olub, hələ adı "26 Bakı komissarı" olduğu vaxtlardan...
Hə, birini qoyub o birini deyim. Beləliklə, millət eksalatora minəndən sonra baş verən şəbədəyə baxmaq da ayrı bir "ləzzətdir"! İnsanlar sağ tərəfə dayanır və sıxlıq olanda, sol tərəf də tutulur. Ancaq bir də görürsən ki, bir qoca, ayağını çəkən kişi arxadan əlini 3 dəfə vurur qoluna və artıq gəlib deyir ki, yol ver daaaa!!! Gəl onda səbirsizlik etmə görüm necə etməyəcəksən! Qarşın insanla dolu, sağın-solun da bu vəziyyətdə. Qayıdıb deyəndə ki, a kişi, a xala, a bibi, a bacı, a xanım, ay əmi, ay dayı a!!! Görmürsən tərpənməyə yer yoxdur, iki-üç dəqiqə səbr elə, ekskalator özü səni qaldıracaq yuxarı dayna! Yooox, kimə deyirsən, qayıdıb üzünə durur ki, mən tələsirəm! Di tələs! Birtəhər yol verirsən və o uzağı beş-altı pillə qalxdıqdan sonra olur təngənəfəs və sona qədər dayanır ekskalaotur üzərində. Bax, onda da ikinci səbrsizlik dalğası vurur səni. Axı bayağa qədər deyirdin ki, tələsirsən bə noldu?!
Ona görə də siqaret tüstüsünü bəhanə edib məni asıb-kəsən əliuşaqlı qadını qınamağıma görə peşman olmuşam. Bəlkə də metroda, ictimai nəqliyyatda və s. yerlərdə başıma gələn olaylara görə də peşmanam. Ona görə peşmanam ki, bunun nə vaxtsa bədəlini ödəyəcəyimdən qorxuram. Səbirsizlik, həqiqətən də yaman pis zadıymış...Nə isə, təəssüf ki, səbirsizlik içi mən qarışıq bizləri uçuruma doğru aparır. Özü də bu uçurum o qədər dərin və ucsuz-bucaqsızdır ki, öldürsə-öldürsə, bizi səbirsizlik öldürəcək. Allah, sən saxla!