Səhər yuxudan duran kimi əl-üzünü yumamış, gözünün zılıqlarını təmizləməmiş telefonuna bankdan zəng gəlmədisə, sübh çağı bank əməkdaşının əttökən hədə-qorxularını eşitmədinsə, həmin günün ləzzəti olmur e. Üstündən çox keçmir, bu dəfə "albalıkart"a, "bolkart"a görə zəhləni tökürlər, daha sonra başqa bir bank kreditə götürdüyün pulu dollarla ödəməyi tələb edir. Əlini utana-utana, özü də spesifik xəcalət hissi ilə cibinin dərinliyinə salıb var-gəl edirsən ki, bəlkə nəsə çıxa... Türkün məsələli salıb-çıxarmaqdan deşik-deşik olmuş cibinin sapları əlinə gəlir. Bütün bunları etməkdən ötrü evdəkilərdən gizlənməyin, bir küncə çəkilməyin, tualetə girib qapını bağlayıb ciblərini eşib-dağıtmağın öz keyfi və ağrı-acısı var. 30 manatlıq telefonunu 20 manata satıb 10 manata yeni bir telefon alırsansa, beləliklə burdan da 10 manat xeyir götürürsənsə, bundan gözəl "əlaqə"mi olar!? Həyatda belə yaşamaq da lazım olur. Əlini cibinə salıb yüzlükləri fırlatmağın, ata-ananın, onun-bunu hesabına problemsiz yaşamaq qədər asan həyat varmı? Hünərin varsa, özün qazan, kreditə pul götür və evinə bax... Övladının, arvadının günə 10 manatlıq istəyini icra edə bilməməyin də öz yeri var. Sən beləcə.., özü də yavaş-yavaş xəcalət hissindən ənəhg daşına dönürsən. Bir müddət sonra arvadın da sənə qulaq asmır, övladın da üzünə ağ olur. Evə kişinin gətirməli olduğunu qadın gətirirsə, orda kişilikmi qalar? O həddə çatır ki, kəlmeyi-şəhadətini bilməyən adam məscidə girib namazı birnəfəsə əzbərdən qılır, bir müddət sonra ərəb dilini "çırtlayır", bir az sonra da deyir ki, mən kiməm ki, evə nəsə alım, gərək Allah istəsin və mən də arvadımın, uşağımın istədiyi şeyləri alıb evə aparım. "Ay arvad, gələndə evə çörək, mənə də siqaret al", "ay arvad, paltar sabunumuz qurtarıb", "ay arvad, maaşını alanda mənə bir şalvar al daa, nolar" ifadələri işlənən yerdə nəinki kişilik dəbdən düşüb, orda insanlıq da qətlə yetirilmişdir. Kişilik olmayan yerdə qadınlıq da yoxdur, hər şey ölmüşdür. Artıq özümə təlqin etmişəm, banklarla danışmağın yolunu tapmışam. Bank əməkdaşının "Niyə pulu ödəmirsən?" sualına mən də öz ixtisasımdan- politologiyadan, jurnalistikadan suallar verməyə başlayıram. Versal müqaviləsinin şərtlərini, Mozambik dövlətinin ilk kənd təsərrüfatı nazirinin kim olduğunu, Uruqvayın ən gənc deputatının anasının adını soruşuram. Axırıncı dəfə bank əməkdaşından Molotov-Rippentrop müqaviləsindən sual verdim. Zalım oğlu suala cavab verə bilmədi, telefonu üzümə qapatdı, daha zəng etmədi, bir neçə gündür qulağım istirahət edir.
Qayıdaq bankın bizi saldığı günlərə. Baxırsan ki, 28 Mall ağzına kimi doludur, hamı 110 manatlıq şalvar, 80 manatlıq ayaqqabı, 50 manatlıq kofta alır. Satıcı kassaya yaxınlaşmağı xahiş edir. Bu zaman əlini çantasına atıb bank kartı çıxarır. Bu, ya üstündə ayı balasının şəkli olan "albalıkart" olur, ya da yumru şariklər olan "bolkart". Bir müddət sonra krediti ödəmək zamaı gəlir və tələbə qız atasına zəng vurur ki, "dədə, qadan alem, bir qofta şalvara 200 manat pul vermişdim, indi ödəyə bilmirəm. Dədə, o boz inəyimizi sat, pulunu göndər mana...". Bir müddət sonra tələbənin məktubunu oxuyuruq: "bağışlayın məni, hamını incitdim...". Və beləcə həyat davam edir.
P.S. Bu yazını yaza-yaz gözüm bir xəbərə sataşdı. Deməli, bank olmayan kredit təşkilatı işçi axtarır. Elanda yazır: "Yaşı 18-25 olan gənc idmançılar işə dəvət olunur, təhsili olmasa da olar...". Maraqlıdır niyə?